Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar - Deputat

Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar - Deputat
15:22 22 Noyabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışında bir sıra önəmli məqamlara toxundu. Prezident xatırlatdı ki, 1990-cı illərin əvvəllərin Azərbaycanda hakimiyyət çəkişməsi gedirdi. Ölkədə xaos, anarxiya hökm sürürdü.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, belə bir vaxtda AXC-Müsavat cütlüyü qanunsuz olaraq hakimiyyətə gəldi: “Həmin müddətdə də ölkənin başına gətirilən bəlaları hər kəs bilir. Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasında onların rolu az deyil. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bu vəziyyətdən istifadə edən separatçılar ölkədə özlərinə müstəqil respublika yaratmağa cəhd edirdilər.

Dövlət başçısı haqlı olaraq xatırlatdı ki, AXC-Müsavat cütlüyünün rəhbərliyində təmsil olunanların əksəriyyəti kiçik elmi işçilər olub. Heç bir müəssisəni idarə etməyən bir şəxsi ölkə prezidenti qoymuşdular. Ali Sovetin sədri kiçik elmi işçi olub, 11 il dissertasiyanı müdafiə edə bilməyib. O vaxtkı hakimiyyətin baş naziri Pənah Hüseyn əvvəllər küçə alveri ilə məşğul olurdu. Ölkənin müdafiə naziri Rəhim Qazıyev də demoqoq, küçə adamı idi. O demişdi ki, Şuşa işğal olunsa, başıma güllə vurub, özümü öldürəcəyəm. Elə Şuşa da onların vasitəsilə ermənilərə verildi. Sonra da utanmaz-utanmaz dedi ki, özümü öldürsəm, Şuşanı kim alacaq? O, bu gün də ölkəyə qarşı olan təxribatlarda iştirak edir. Onlar ölkənin iqtisadiyyatını talan edərək özlərinə biznes qurmaqla məşğul idilər. Dövlət katibi vəzifəsində çalışmış Əli Kərimli də satqınlıq missiyasını həyata keçirirdi. O, sonralar öz prezidentini, partiyasını satdı. Dövlət katibi ölkənin müstəqilliyini də satmağa hazır idi.

Daxili işlər naziri İsgəndər Həmidov da vəzifəsindən sui-istifadə edərək yanındakı qoçular vasitəsilə ayrı-ayrı adamları döyməklə məşğul idi. Sonra da utanmayaraq bunu bəyan edirdi. Bunların hamısı təsadüfi, küçə adamları idi. Çətinə düşən kimi də qaçdılar".

Deputat vurğulayıb ki, həmin insanlar bu gün də çalışırlar ki, ölkədə anarxiya və xaos yaratsınlar: "Erməni lobbisindən dəstək alaraq təxribatlar törətməyə cəhd göstərirlər. Amma xalq onları bir dəfə görüb, yaddan çıxarmaz. Onlar Heydər Əliyevə yalvarırdılar ki, Bakıya gəlsin, hətta 3 dəfə helikopter də göndərmişdilər. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi və xalqı xilas etdi. O, xilaskarlıq missiyasını üzərinə götürərək xalqı bəlalardan qurtardı, atəşkəs elan olundu, “Əsrin Müqaviləsi” imzalandı”.

C.Osmanovun fikrincə, hər kəs bilməlidir ki, ölkənin inkişafı, nüfuzlu dövlətə çevrilməsi asan başa gəlməyib: “Bunu canımız, qanımız bahasına əldə etmişik. Azərbaycan, artıq dünyada söz sahibidir, beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz logistika mərkəzinə çevrilib. Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atır. Azərbaycan dünyada ən islahatçı ölkələr sırasındadır. Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində ölkəmiz dünyada bir çox uğurlara imza atıb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3152735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR