Bakıda “Qida əlavələrinin təhlükəsizliyi” adlı beynəlxalq seminar keçirilib

Bakıda “Qida əlavələrinin təhlükəsizliyi” adlı beynəlxalq seminar keçirilib
13:29 25 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda “Qida əlavələrinin təhlükəsizliyi” adlı beynəlxalq seminar keçirilib.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə baş tutub.

Məqsəd qida sənayesində qida əlavələrinin istifadəsi zamanı beynalxalq təcrübələrin, metodologiyaların istifadəsi məsələlərini müzakirə etməkdir.

AQTİ-nin sədr müavini Camal Quliyev bildirib ki, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir, lakin bu təşəbbüsün həyata keçirilməsi son illərdə qlobal səviyyədə daha da çətinləşib. Çünki ərzaq məhsullarının istehsalı, emalı və konservləşdirilməsi daha da mürəkkəb xarakter alıb: "Bu gün qloballaşan dünyada bir tərəfdən kifayət qədər insan xroniki aclıqdan əziyyət çəkir, qida çatışmazlığı var. Digər tərəfdən isə istifadə edilən qidaların keyfiyyətində kifayət qədər problemlər var. Qida təhlükəsizliyi məsələsi Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılandan sonra Prezident İlham Əliyevin müvafiq fərmanı ilə qida təhlükəsizliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) yaradılıb. Azərbaycanın qida təhlükəsizliyi sisteminin dünya standartlarına cavab verməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun üzərinə ciddi öhdəliklər düşür. Bu sahədə olan normativ aktların beynəlxalq standartlara uyğunlaşdırılması üçün kodeks alimentariusun komisiyyaları yaradılıb. Qida əlavələri ilə bağlı komissiya tərkibində yaradılan komitələrdə ölkə üçün əhəmiyyətli olan sənədlər müzakirə edilib".

Onun sözlərinə görə, bu gün dünyada qida məhsullarına tələbatın artması və rəqabət qabiliyyətini saxlamaq üçün qida maddələrinin ömrünün uzadılması istiqamətində görülən işlər bəzi məqamlarda qida məhsullarının keyfiyyəti, onların insan sağlamlığına təsiri ilə bağlı amillərin kölgədə qalmasına səbəb olur.

C.Quliyev deyib ki, Agentlik tərəfindən keçirilən monitorinqlər, eyni zamanda institut tərəfindən qida məhsullarının yoxlanılması zamanı kifayət qədər uyğunsuz hallar aşkar edilir: "Bu da bizdə istər-istəməz narahatlıq yaradır. Bu gün dünyada allergik reaksiyalardan, şəkərli diabetdən, həzm sistemi, xərçəng xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı kifayət qədər artır. Bir çox hallarda bunun ilk səbəbi kimi qida əlavələrinin olduğunu deyirlər. Çox təəssüf ki, bir sıra hallarda bəzi ölkələrdə müəyyən ölkələrdə qadağan olunmuş qida əlavələrindən istifadə edilir, yaxud onlar qidaların tərkibinə normadan artıq dozada əlavə olunur. İnstitut tərəfindən bu istiqamətdə də elmi-tədqiqat araşdırma, risk qiymətləndirmələri aparılır. Düşünürük ki, bu istiqamətdə gördüyümüz işlər Azərbaycanda qida təhlükəsizliyinin yeni simasının formalaşmasına səbəb olacaq".

"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov vurğulayıb ki, dünyada il ərzində, təxminən, 600 milyon insan, təxminən, hər 10 nəfərdən biri təyinatına uyğun hazırlanmamış keyfiyyətsiz qida məhsuluna görə xəstələnir. Nəticədə hər gün bu səbəbdən 420 min insan ölür və 33 milyon insan sağlamlığını itirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3153745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR