"Birinci vitse-prezidentin Rusiyaya səfəri bir daha göstərdi ki..." - DEPUTAT

"Birinci vitse-prezidentin Rusiyaya səfəri bir daha göstərdi ki..." - DEPUTAT
17:28 26 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

“Birinci vitse-prezidentin Rusiya Federasiyasına ilk rəsmi səfəri onu göstərdi ki, həqiqətən də Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq, mehriban qonşuluq, dostluq münasibətləridir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Mehriban Əliyevanın rəsmi səfərini müsbət qiymətləndirən deputat bildirib ki, bu səfər ikitərəfli münasibətlərin bütün parametrlər üzrə yüksək inkişaf tempinə malik olduğunu bir daha təsdiqlədi: “Mehriban Əliyevanın Rusiyanın Baş naziri Medvedev ilə keçirdiyi görüş, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar, Rusiya Federasiya Şurasının sədri Matviyenko ilə apardığı danışıqların müsbət töhfələri olacağını düşünürəm. Bütün bunlar nəticə etibarilə bir daha onu təsdiqləyir ki, Bakı-Moskva münasibətləri strateji tərəfdaşlıq münasibətləridir, mehriban qonşuluq münasibətləridir, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir və ilk növbədə bərabər hüquqlara söykənən münasibətlərdir. Mehriban xanımın bu səfəri göstərdi ki, iki dövlət arasında siyasi dialoq, ticarət, iqtisadi münasibətlər, humanitar sahədə əlaqələr çox sürətlə inkişaf etməkdədir. Bu fikir də vurğulandı ki, iki dövlətin arasında ticarət dövriyyəsinin səviyyəsi 2.6 milyard dollara çatıb və gələn illərdə məbləğin 3 milyard dollara çatdırılması əsas hədəflər sırasındadır.

Qeyri-neft sektorunda bizim münasibətlərimiz daha dinamik inkişaf tempinə malikdir. 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın 1 milyard 413 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu sırada birinci yerdə Rusiya dayanır ki, bu da 465.6 milyon dollara bərabərdir. Eyni zamanda Mehriban xanımın bu səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü və bu görüşdə hər iki tərəfin səsləndirdiyi fikirlər onu göstərir ki, hər iki dövlətin rəhbərləri səviyyəsində çox sıx münasibətlər var. Hər iki tərəf bu münasibətlərin inkişaf etdirilməsində olduqca maraqlıdır. Bu görüşün ən mühüm hadisəsi kimi Rusiya Prezidenti Vladimir Putinin Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın ali dövlət ordenlərindən biri olan “Dostluq” ordeni ilə təltif etməsi oldu. Əslində, bu təltif ikitərəfli münasibətlərimizin səviyyəsinə verilən qiymətdir. Münasibətlərimiz məhz dostluq, mehriban qonşuluq münasibətləridir. Bu səfər çərçivəsində sayca yubiley olan 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçirildi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federasiya Şurasının sədri Matviyenkonun iştirakı ilə keçirilən tədbir onu göstərdi ki, regionlararası iqtisadi əlaqələr Azərbaycan-Rusiya əlaqələrinin mühüm tərkib hissəsidir. Rusiyanın 70 regionu ilə Azərbaycanın dostluq iqtisadi əlaqələri formalaşıb. Qeyri-neft sektorunda, kənd təsərrüfatında, maşınqayırma sahəsində, turizm sahəsində bizim əlaqələrimiz çox sürətlə inkişaf edir və olduqca geniş imkan, perspektivi təmin edir. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şurası fəaliyyət göstərir ki, bu da bizim münasibətlərimizə yeni dinamika verir. Bundan başqa hökumətlərarası komissiyanın iclası Bakıda keçiriləcək. Bütün bunlar ona dəlalət edir ki, bu gün Azərbaycanla Rusiya arasında bütün parametrlər üzrə çox sıx siyasi dialoq mühiti formalaşıb. Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə sayca 9-cu Regionlararası Forum Bakıda keçirilmişdi. Bu da onu göstərir ki, regionlararası əlaqənin inkişafı bütövlükdə ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm bir töhfədir və bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Mehriban xanımın çox uğurlu səfərinə qiymət verərkən Xalq Təsərrüfatları Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun bərpa edildiyini qeyd edə bilərik. Hörmətli Mehriban xanım bu hadisədən böyük qürur hissi keçirdiyini vurğuladı. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun dəstəyi ilə bu rellaşdırıldı. Bu da Moskva şəhərini ziyarət edən hər bir turistin izləyə biləcəyi çox mühüm pavilyonlardan biri oldu. Təbii ki, bu, qürurverici hadisədir. Mehriban xanım onu da vurğuladı ki, ikitərəfli humanitar əlaqələrimiz çox sürətlə inkişaf edir. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir ənənəyə çevrilib. Azərbaycanda rus dilinə çox böyük ehtiram var. Nəzərə alsaq ki, Mehriban xanım bu amili rəqəmlərlə açıqladı. O qeyd etdi ki, Azərbaycanda 338 rusdilli məktəb fəaliyyət göstərir. 14 ali təhsil məktəbində rus bölümü fəaliyyət göstərir. 11 min azərbaycanlı tələbə Rusiyada təhsil alır. Eyni zamanda Rusiyanın Moskva Dövlət Universitetinin Bakıda filialı fəaliyyət göstərir. Azərbaycanın ADA Universiteti ilə Rusiyanın Beynəlxalq Əlaqələr İnstitutu arasında imzalanmış sənədə əsasən, artıq ikili magistr diplomlarının verilməsi haqqında razılaşma əldə olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Rusiya əlaqələri humanitar sahədə də çox yüksək inkişaf tempinə sahibdir. Bu tempin əldə edilməsində Mehriban Əliyevanın çox böyük əməyi var. Cənab prezident İlham Əliyevin bu istiqamətdəki siyasətini tamamlayır və gücünə güc qatır.

Sonda onu vurğulamaq istəyirəm ki, Mehriban Əliyevanın Rusiyaya səfəri naməlum əsgərin abidəsini ziyarətdən başladı. Hesab edirəm ki, bu hadisənin çox böyük simvolik mənası var. Məsələ ondadır ki, naməlum əsgər alman faşizminə qarşı mübarizədə həlak olub, öz canını fəda edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti faşizmə qarşı mübarizədə canını fəda vermiş naməlum əsgəri ziyarət edir, ona öz ehtiramını bildirir. Amma işğalçı Ermənistan dövlətində isə həmin o naməlum əsgərləri qətlə yetirən, faşizm ideologiyasını təbliğ edən, faşizmə xidmət etmiş şəxslərin qəhrəmanlaşdırılması, onlara abidələrin qoyulması siyasəti həyata keçirilir. Azərbaycanın faşizmə münasibəti necədir və Ermənistanın faşizmə münasibəti necədir? Azərbaycan faşizmi lənətləyir, ona qarşı mübarizə prosesinə töhfə verir. Eyni zamanda faşizmə qarşı mübarizədə canını fəda etmiş insanları ziyarət edir, öz qayğısını, diqqətini ayırır. Amma Ermənistanda onlar qəhrəmanlaşdırılır. Bunlar bir daha onu göstərir ki, Azərbaycan və Ermənistan tamamilə fərqli, bir-birinin əksi ola dövlətlərdir. Birində faşizm ideologiyası, digərində isə sülh və əminamanlıq, birgəyaşayış mədəniyyəti, multikultural dəyərlər təbliğ olunur”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/297306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR