"Makron de Qollun etdiyi kimi NATO-dan uzaqlaşaraq..." -

Təzəliklə İngiltərənin paytaxtı London şəhərində NATO-nun növbəti əhəmiyyətli sammiti baş tutdu. Təşkilatın sammitində Rusiya, Çin, eləcə də təşkilat daxili problemlər, üzvlər arasındakı siyasi intiriqalar, Fransanın NATO nizamnaməsinə uyğun olmayan fikirləri, Suriya məsələsi, o cümlədən Türkiyənin S-400-ləri alması daxil bir çox strateji mövzular müzakirə olundu.

Beynəlxalq münasibətlər üzrə ekspert Nəzakət Məmmədova NATO-nun London sammiti və təşkilat üzvləri arasındakı mövcud problemlərlə əlaqədar Metbuat.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Şərqi və Mərkəzi Avropa ölkələri hesab edirlər ki, Rusiya NATO üçün bir nömrəli təhdiddir. Lakin Fransa, İtaliya və Türkiyə isə məsələyə tam fərqli yanaşır. Onlara görə, Rusiya Şimali Atlantika Müqaviləsi Təşkilatı üçün risk sayılmamalıdır və başlıca məqsəd terrorizmə qarşı mübarizə olmalıdır.

Necə düşünürsünüz, NATO-nun əsas hədəfi hansı ölkədir, Rusiyamı, yoxsa Çin?

- London sammitini Alyansın 70 illik tarixi boyunca bəlkə də ən mürəkkəb tarixi görüş adlandırmaq olar. 1949-cu ildən tarix səhnəsinə qədəm qoymuş Şimali Atlantika Müqaviləsi Təşkilatı uzun və keşməkeşli yol keçmişdir. Soyuq müharibə dövrünün reallıqlarına uyğun olaraq yaradılmış təşkilat bu gün özünə yeni hədəflər müəyyən etməkdə tərəddüd keçirir. Onun əsas hədəfi ABŞ-ın istədiyi kimi Rusiya və Çin olmalıdır, yoxsa Makronun dediyi kimi beynəlxalq terrora qarşl mübarizə?!

Makronun özünün də terrora yanaşmasında ikili standartlar var. Bir sıra Qərb ölkələrinin liderləri kimi o, da NATO üzvü olan Türkiyənin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid törədən YPG-ni teror təşkilatı hesab etmir. Makron "Economist" jurnalına verdiyi müsahibədə NATO-nu "beyin ölümü" keçirən təşkilat adlandıraraq, Rusiya və Çini düşmən ölkələr adlandırmaqdansa, beynəlxalq terrora qarşı mübarizəyə fokuslanmaq, öz strateji hədəflərini dəqiq müəyyən etmək, Avropanın öz müdafiəsini təkbaşına təşkil etmək çağırışları ilə NATO-da fərqli mövqe ortaya qoyub.

Makronla yanaşı Tramp, Putin, Ərdoğan da sammitin əsas diqqət mərkəzində olan liderləri oldu. Fransanın Rusiya ilə "Şimal Axını - 2" layihəsi planı var, bir çix məsələlərə yanaşmada ortaq mövqeyə malikdirlər, Makron Rusiyanın bir Avropa ölkəsi olduğunu qeyd edib, onun G 8-ə qayıtmasına çalışıb. Digər NATO üzvü olan Türkiyə ilə Rusiyanın müttəfiqlik münasibətləri var. İtaliyada marksist-sosializm tərəfdarları çoxdur və onlar Rusiyaya rəğbətlə yanaşırlar. Bütün bu və digər səbəblərdən həmin NATO üzvləri Rusiyanı Alyansın hədəfi, düşmən ölkə olaraq qəbul etmirlər. Bu da təşkilat daxilində fikir ayrılığına və strategiyanın müəyyənləşməsinə mane olur.

- Fransa PrezidentiEmmanuel Makronun "NATO beyn ölümü keçirir", "Rusiya bizim rəqibimiz" deyil kimi fikirlər söyləməsi təşkilat üzvləri arasında ciddi narazılığa səbəb oldu. ABŞ-ın etiraz etməsinə baxmayaraq, Makron Londonda Trampla görüşərkən "Mən dediklərimin arxasındayam" deməklə, əslində nəyi nəzərdə tuturdu?

Bütün bunlar NATO daxili ciddi ziddiyyətlərdən xəbər verirmi və Fransa təşkilatdan ayrıla bilərmi?

- Makronun təşkilatın "beyin ölümü keçirməsini bəyan etməsi", Avropanın özünün müdafiəsini müstəqil şəkildə qurmalı olduğu zərurətini son zamanlar daha aydın şəkildə vurğulaması NATO-da Fransanın 1962-ci ildə Şarl de Qollun prezidentlik dövründə olduğu kimi təşkilatdan qopma meyllərinin gücləndiyini, avrosentrizmin yenidən baş qaldıraraq yüksəldiyini deməyə əsas verir. 1960-cı illər dövrünü xatırlasaq, o zaman Fransa prezidenti Şarl de Qoll anti-NATO siyasəti həyata keçirdi. Fransa NATO-nun hərbi qurumlarından çıxmışdı, Alyans əsgərlərinin təcili surətdə Fransa torpağını tərk etməsi tələb olundu. NATO-nun mənzil qərargahı Parisdən Brüsselə köçürüldü.

Siyasi ekspertin fikrincə, Emmanuel Makron NATO-nu sərt tənqid etməklə, bir növü Şarl de Qollun yolunu getməyə çalışır.

- Fransa yalnız Sarkozinin prezidentliyi dövründə NATO-nun hərbi strukturlarına qayıtdı. Hətta Şarl de Qoll ABŞ-ın Avropa və NATO-da təsirini azaltmaq üçün Almaniya ilə belə razılığa gəlməyə çalışırdı. ABŞ və Almaniya isə ənənəvi olaraq Amerikanosentrizmi önə çəkirlər və Fransa prezidenti ilə diplomatik müstəvidə qarşıdurma bunu deməyə əsas verir. Hazırda Makron de Qollun etdiyi kimi NATO-dan uzaqlaşaraq Rusiya ilə yaxınlaşma planını həyata keçirir. Onun NATO-ya və xüsusilə ABŞ-a qarşı London sammitində etdiyi demarşların səbəblərindən biri, ola bilsin ki, ABŞ-ın sarı jiletlilər hərəkatına dəstək verməsi iddiaları ilə bağlı olub.

- NATO-nun London sammitində gündəlikdə olan məsələlər diqqət çəkir. Misal üçün, Rusiya mövzusu, eləcə də Çinin yüksəlişi ilə bağlı strateji müzakirələr, həmçinin müttəfiq qüvvələrin hərbi hazırlığının daha da yaxşılaşdırılması, NATO-nun terrorizmə qarşı fəaliyyət planının yenilənməsi və s. Bu mənada, bütün bunlarla bərabər, sammit öncəsi, Türkiyə Prezidenti R.T.Ərdoğanın "NATO-nun yenilənməsi qaçılmazdır" kimi çağırış etməsi sizin fikrinizcə, yaxın gələcəkdə NATO daxilində ciddi islahatların aparılacağına bir işarədirmi?

- Ərdoğanın NATO-nun yenilənməsinə təsir imkanlarını demək olar ki, yoxdur. Türkiyə daha çox Rusiya ilə yaxınlaşıb, Alyansdan üz çevirməklə oradakı proseslərə təsir edə bilər, nəinki NATO işlərinə münasibət bildirərək. Türkiyə NATO-ya yanaşmaqla yox, ondan uzaqlaşmaqla proseslərə daha çox təsir edir. Ərdoğan "Dünya beşdən böyükdür" deməklə BMT barəsində də daima dəyişikliklər tərəfdarı kimi çıxış edir. Türkiyə dəyişən dünyada, yeni dünya nizamının yaradılması prosesində fəal iştirak edən dövlət olaraq, Soyuq müharibə dövründən qalan təşkilatlarda islahatlar aparılması tərəfdarı olaraq, özünün artan gücü hesabına layiqli yerini tutmasında iddialıdır və Ərdoğan da bunu hər fürsətdə dilə gətirir.

- London sammitindək müzakirələrdən sonra Baş katibinin (Yens Stoltenberq) öz açıqlamasında NATO daxilində fikir ayrılıqları var deməsi və S-400 məsələsində Türkiyəyə etiraz etməsi və s. nüanslardan çıxış edərək Türkiyənin gələcəkdə bu təşkilatdan xaric olunacağını proqnoz edə bilərikmi?

- NATO hər hansı ölkənin Alyansdan çıxarılmasınsa maraqlı deyil, əksinə yeni üzvlərin qəbul edilərək, Alyansın təsir zonasının genişlənməsin ona daha çox lazımdır. Ələxüsus, Türkiyə kimi geosiyasi əhəmiyyəti böyük olan ölkənin çıxarılması isə NATO üçün böyük itki demək olardı. Əksinə, Türkiyə Alyansa indi daha çox lazımdır. NATO-nun Şərqə doğru genişlənmə strategiyası çərçivəsində Ukrayna və Gürcüstanın üzvlüyə qəbul edilməsi bir çox məsələlərə görə Türkiyədən asılıdır. 1936-cı ildə bağlanan Montre sazişinə görə, boğazlar Türkiyənin coğrafi ərazisinə daxildir. Bu səbəbdən də hansı ölkənin boğazlardan keçməsinə icazə verib-verməmək məhz Türkiyənin səlahiyyətlərinə daxildir. Qara dəniz ölkələrinin ticarət, mülki gəmiləri Türkiyəni xəbərdar etməklə boğazdan keçə bilirlər.

Beynəlxalq münasibətlər üzrə ekspert hesab edir ki, NATO-nun Türkiyəyə böyük ehtiyacı var və Brüssel rəsmi Ankaranın təşkilatdan xaric olunmasında maraqlıdeyil.

Qara dənizə daxil olmayan kənar ölkələrin, daha dəqiq desək, NATO-nun, Qərbin, Avropanın hərbi gəmiləri isə 15 gün öncə müraciət etməklə, müvafiq icazə almaqla Bosfor və Dardanel boğazlarını keçə bilərlər. Bundan başqa, gəmilərin Qara dənizdə qalma müddəti var. Onu da qeyd edək ki, buradan çoxlu sayda deyil, yalnız bir hərbi gəmi keçə bilər. Buna görə də NATO və ya ABŞ Kerç boğazındakı insident zamanı olduğu kimi Ukraynaya dəstək məqsədiylə gəmilər göndərə bilməz.

Çünki bu, müharibə ehtimalını artıra bilər. Bir gəmi ilə isə müharibə etmək olmaz. Odur ki, NATO-nun "HMS Echo (H87)" gəmisini Qara dənizə göndərməsində olduğu kimi, Türkiyənin icazəsi mütləqdir və Alyansın Qara dəniz akvatoriyasına doğru genişlənməsi məhz Türkiyədən asılı olacaqdır. Türkiyə bu situasiyada ümumi təşkilat ali rəhbərliyi ilə deyil, ayrı-ayrı üzvlərlə razılığa gəlməyə çalışır. Artıq anlaşılmazlıq yalnız Türkiyə və NATO arasında deyil, təşkilatın ayrı-ayrı üzvlərinin öz aralarında, habelə onlardan bəziləri ilə Türkiyə arasında cərəyan etməkdədir. Lakin NATO və Türkiyə bir-birinə lazım olduqlarını yaxşı dərk edirlər.

Fərrux Həsənov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR