Türkiyənin MHP sədri Dövlət Baxçalı Türk dövlətləri arasında münasibətlərin bərabərlik, qarşılıqlı etimad və suverenliyə hörmət prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayıb. O, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin isə cari siyasi proseslərdən daha geniş tarixi məna daşıdığını bildirib.

Metbuat.az xəbər verir ki, Dövlət Baxçalı bu fikirləri sosial şəbəkə hesabında paylaşımında ifadə edib.

MHP sədri qeyd edib ki, Türk dünyasının birləşməsi ayrı-ayrı dövlətlərin müstəqilliyinin məhdudlaşdırılması və ya birinin digərinə üstünlük qazanması kimi qiymətləndirilməməlidir. Onun fikrincə, ortaq məqsəd hər bir dövlətin milli kimliyini və müstəqil qərarvermə hüququnu qoruyan əməkdaşlıq mühitinin yaradılmasıdır.

Baxçalı hesab edir ki, Türk dövlətləri arasındakı münasibətlərdə yaranacaq hər hansı gərginlik yalnız iki ölkənin problemi kimi qəbul edilməməlidir. Çünki bu əlaqələr ortaq tarixə, formalaşmış etimada və gələcəyə dair ümumi baxışa söykənir.

O, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm tarixi təməllərə malik olduğunu vurğulayaraq, iki xalq arasındakı qardaşlığın birgə mübarizə və qarşılıqlı iradə nəticəsində gücləndiyini bildirib. Baxçalının sözlərinə görə, bu bağlılıq nəsildən-nəslə ötürülən mühüm dəyərdir.