Bolqarıstan mediasında ümummilli lider Heydər Əliyevin irsi haqqında məqalələr dərc olunub (FOTO)

Bolqarıstan mediasında ümummilli lider Heydər Əliyevin irsi  haqqında məqalələr dərc olunub (FOTO)
19:08 10 Dekabr 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrində olduğu kimi Bolqarıstan mətbuatında da geniş işıqlandırılıb.

Bolqarıstanın ən nüfuzlu media qurumları ümummilli liderin Azərbaycan-Bolqarıstan əlaqələrinin təşəkkülündəki roluna nəzərə yetirib. Qeyd olunub ki, dahi siyasi xadimin fəaliyyətinin nəticəsində iki ölkənin hazırki strateji tərəfdaşlığına zəmin formalaşıb. Məqalələr ölkənin nüfuzlu “Fokus” Xəbər Agentliyi tərəfindən “Azərbaycan və Bolqarıstan xalqlarının dostluq münasibətlərinin yaxşı gələcəyi var və iki ölkə arasındakı əməkdaşlıq davamlı dərinləşəcək” sərlövhəsi, “Kırcaalihaber” qəzeti tərəfindən “Azərbaycan-Bolqarıstan əlaqələrinin təşəkkülündə Heydər Əliyevin rolu” başlığı və www.novini247.com portalı tərəfindən “Azərbaycanla Bolqarıstan arasında çox yaxın münasibətlər var” adı ilə yayımlanıb.

Məqalələrdə Azərbaycan ilə Bolqarıstan arasındakı əlaqələrin tarixinə toxunularaq onların mahiyyətcə keçmiş SSRİ-nin dost sosialist ölkələri ilə münasibətlər çərçivəsindən kənara çıxmadığı təsbit olunub. Azərbaycanın dövlət müstəqilliyini yenidən qazanmasından sonra əməkdaşlıq əlaqələri üçün yeni imkanlar açıldığı və əlaqələrimizin təşəkkülündə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin tarixi missiyası vurğulanıb. Qeyd olunub ki, elə dahi şəxsiyyətlər vardır ki, mənsub olduqları xalqın tarixi təkamülünə məzmun verirlər, fəaliyyətləri ilə milyonlara öndərlik edirlər. Onlar yalnız bir xalqa deyil, bütövlükdə bəşər tarixinə töhfə verirlər. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdən olub. Sözün həqiqi mənasında o, müasir Azərbaycanın tarixi təkamülünə yeni nəfəs verib. Liderlik istedadı və qabiliyyəti ilə Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsi olub. Məhz Heydər Əliyev fenomenin fəaliyyəti Azərbaycan-Bolqarıstan əlaqələrinin də inkişafına yeni məmun qazandırıb.

Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti, ümumilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfərə gəlməsindən bəhs olunub. Məhz ulu öndərin həmin rəsmi səfərinin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına zəmin hazırladığı ifadə olunub. Bolqarıstan və Azərbaycan prezidentlərinin görüşündən söhbət açan nərşlər ikitərəfli münasibətlərin inkişaf istiqamətləri və bir sıra regional məsələlərin müzakirə mövzusu olduğunu xatırladıb. Səfər zamanı ulu öndər Heydər Əliyev və Jelyu Jelyevin bir çox sahədə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladıqları vurğulanıb. Azərbaycan Prezidenti Heydər Əliyevin Bolqarıstan parlamentində olduğu və Bolqarısan Respublikası Xalq Məclisinin sədri Blaqovest Sendovla görüşdüyü xatılanıb. Əlavə olunub ki, ulu öndər Bolqarıstanın Xalq Məclisində çıxış edərək yeni müstəqillik qazanmış dövlət kimi Azərbaycanın üzləşdiyi çətinliklər və Ermənistan-Azərbaycan münaqişəsi barədə, həmçinin ölkədə keçirilən islahatlar haqqında bolqar parlamentarilərinə məlumat verib. Daha sonra ulu öndərin dost Bolqarıstanın Baş naziri və digər dövlət adamları ilə görüşərək danışıqlar apardığı, iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə bağlı bir sıra konkret məsələləri müzakirə etdiyi qeyd olunub.Səfərin tarixi əhəmiyyətinə toxunulan məqalələrdə ulu öndər Heydər Əliyevin sözügedən ziyarətinin dost Bolqarıstanla əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratdığı və daha mükəmməl əlaqələri təşviq etdiyi vurğulanıb.

1998-ci il iyunun 5-də Yaltada Bolqarıstan prezidenti Peter Stoyanovla görüşündə Heydər Əliyevin iki ölkə arasındakı tarixi dostluq əlaqələrində toxunmasından bəhs olunan yazılarda 1999-cu ilin dekabrında Bolqarıstan prezidenti P.Stoyanovun ölkəmizə rəsmi səfərinin nəticələri sadalanıb. Əlavə olunub ki, Heydər Əliyevin diplomatik fəaliyyətində Bolqarıstanla münasibətlərə necə böyük əhəmiyyət verdiyi Bolqarıstanın sonrakı prezidenti G.Pırvanov tərəfindən belə vurğulanıb: “Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə görə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk”.

Daha sonra hər iki məqalədə ulu öndər Heydər Əliyevin Bolqarıstan səfəri və dost ölkənin ali dövlət rəsmiləri ilə təqdirəlayiq əlaqələrinin nəinki gələcək əməkdaşlığımızı təşviq etdiyi, hətta strateji tərəfdaşlığımıza zəmin hazırladığı qənaətinə gəlinib. Xatırlanıb ki, 3-5 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib. Səfər zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borissovla görüşüb və iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsi vurğulanıb. Səfərin ən yadda qalan hadisəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev tərəfindən “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması olub. Birgə Bəyannamə ilə nəinki strateji tərəfdaşlığımızın əsası qoyulub, həmçinin əməkdaşlığın gücləndirilməsi və irəliyə doğru aparılmasına möhkəm hüquqi zəmin yaradılıb. Ardınca beynəlxalq hüqunun ümumqəbul olunmuş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığı prinsipinə əsasən Bolqarıstanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edərək hər zaman Azərbaycanın və beynəlxalq ictimaiyyətin bu istiqamətdəki səylərini müdafiə etdiyi vurğulanıb.

Bolqarıstan KİV-i bu il ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünün qeyd olunacağını xatırlayaraq dahi dövlət xadiminin adının yanlız onun siyasi fəaliyyəti ilə məhdudlaşmadığını da yada salıb. Vurğulanıb ki, bu gün onun adını daşıyan və ideallarına xidmət edən Heydər Əliyev Fondu ulu öndərin dəyərlərini layiqincə yaşadır. Fondun əsas fəaliyyət istiqamətlərindən biri ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması, bir sözlə ümumbəşəri dəyərlərin mühafizəsidir. Heydər Əliyev Fondunun xarici ölkələrdə tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətini sadalamaqla qurtaran deyil. 2007-ci ildə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, 2008-ci ildə Luvr Muzeyinin, 2011-ci ildə ikinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, 2012-ci ildə Vatikanda Roma katakombalarının bərpası, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digərləri bu məzmunda sadalana bilər. Bu gün fəxr hissi ilə qeyd olunur ki, Heydər Əliyev Fondunun həmin təqdirdəlayiq fəaliyyəti Bolqarıstandan da yan keçməyib. Bolqarıstanın tarixi Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda da Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri həyata keçirilib. 2016-cı il sentyabrın 22-də isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Baş nazir Boyko Borisovla birgə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak edib, eyni zamanda dost Bolqarıstanın Müstəqillik gününü birlikdə qeyd ediblər.

Sonda vurğulanıb ki, bu gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Bolqarıstan əlaqələrinin prespektivlərindən nikbindir və iki xalqın və dövlətin ortaq maraqlarının əlaqələrin böyük gələcəyinin təminatıçısı olduğuna inanır. Azərbaycan və Bolqarıstan xalqları arasındakı dostluq əlaqələrinin dönməzliyi, eləcə də Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında sarsılmaz əməkdaşlığın hər keçən gün dərinləşməsi qürurla ifadə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3161812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR