İnsan cildinə girən Tanrının doğulduğu gün: 25 dekabr -

“Xilaskarın doğulduğu gün”

Xristianların İsanın doğuşunu "insan cildinə girən Tanrının doğuşu" adlandırır və onu xilaskar kimi görürdülər. Hər il dekabrın 25-də xristianların “Doğuş bayramı” və ya “Müqəddəs doğuş" olaraq adlandırdıqları və İsanın doğulduğu tarix olaraq qeyd etdikləri bu bayramın adı müxtəlif ölkələrdə fərqli cür ifadə edilir. Milad sözü dilimizə ərəb dilindən keçmişdir ki, bu da “doğulma” anlamına gəlir. İngilislər isə bayramı “Christmas” adlandırırlar. Bu söz yunanca “xristos” (müəqddəs, qurtarıcı) və latınca “mesa” (göndərilmə) sözlərinin birləşməsindən yaranmışdır. Bayramın fransız dilindəki adı “Noel” isə, latın dilindəki “natalis” sözündən gəlir və “doğum” deməkdir.

Həmçinin, qədim ingilis dilində Noel mənasında işlədilən “Yule” kəlməsinin də Nors dilindəki “jöl” sözündən gəldiyi düşünülür ki, bu da paqanların 12 gün boyunca qeyd etdiyi qış bayramıdır. Buna oxşar bir bayram da, Mesopotamiyada qeyd edilirmiş. Belə ki,martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Tarixçilərin fikrincə, Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Milad bayramı İsanın doğumu şərəfinə qeyd olunsa da, əslində İsanın nə vaxt dünyaya gəldiyi məlum deyildir, bu həm fəsil olaraq, həm də il olaraq müzakirə mövzusudur. Bəzi hesablamalara görə, İsa qışda, bəzisinə görə isə yazın əvvəllərində doğulmuşdur. 1997-ci ildə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdi ki, Anqlikan kilsə xadimlərinin 31 %-i "Bakirədən doğulma" hadisəsinə ümumiyyətlə inanmır. Yəni bu mövzuda bir çox müəmmalar vardır.

Uşaqlara hədiyyə paylayan obraz necə yarandı?

Bizim “Şaxta baba” adlandırdığımız əfsanəvi obraz dünyanın ayrı-ayrı xalqları tərəfindən fərqli adlandırılmışdır. Bunların ən məşhuru Santa-Klausdur. Bu ad “Müqəddəs Nikolay”ın (“Saint Nicholas”) niderland dilinə uyğunlaşdırılması nəticəsində yaranan “Sinterklaas” sözündən gəlir. Nikolay müasir Türkiyə ərazisində yerləşən Mira şəhərində yepiskop olmuşdur. Onun barəsində bir çox əfsanə və rəvayətlər mövcuddur. Nikolay comərdliyi və yoxsullara kömək etməsi, uşaqlara hədiyyə paylaması ilə tanınırdı və artıq XIII əsrdə Müqəddəs Nikolay Niderlandda məşhur idi, Şimali və Mərkəzi Avropada isə onun adından hədiyyə paylama ənənəsi vardı. Bir rəvayətə görə, yoxsulluq səbəbindən fahişəliyə sürüklənəcək 3 gənc qızın cehizi üçün lazım olan pulu torba ilə gecə evin bacasından evə atmış, bir qəssab tərəfindən öldürülüb duzlu suya basılan 3 uşağı diriltmişdir. Məşhurluğu bütün Avropaya yayılan və adına kilsələr inşa edilən yepiskopun İstanbulda da adına kilsə mövcuddur.

Həmçinin, Nikolayın şərəfinə keçirilən və Milad bayramı ilə oxşarlığı olan bir bayram da var ki, bu da 6 dekabrda qeyd edilir. Həmin gün insanlar bir-birlərinə hədiyyələr bağışlayırlar. XVI-XVII əsrdə protestant islahatları zamanı hədiyyə verən personaj Kiçik İsa ilə əvəz olundu, hədiyyə bağışlama tarixi isə 6 dekabrdan Milad gecəsinə dəyişdirildi. Bununla belə, 6 dekabrda hədiyyə vermə ənənəsi hələ də bəzi ölkələrdə davam etdirilir.

Beləliklə, niderlandlıların ABŞ-a getməsi, Nyu-York şəhərini salmaları nəticəsində “Sinterklaas” Santa-Klausa çevrilmişdir. 1809-cu ildə Nyu-York Tarix Cəmiyyəti toplanaraq “Nieuw Amsterdam” şəhərinin mühafizəkar müqəddəsini “Sancte Claus” adlandırdılar. 1810-cu ildə Amerikada ilk təsviri zamanı Santa-Klaus yepiskop xalatı geyinmişdi. Lakin sonradan onun obrazı inkişaf etdirilərək daha müasir formaya salınmışdır. Lakin, alman ənənəsində “Weihnachtsmann” müasir Santa Klaus obrazına oxşamır. O, adətən yepiskop xalatı geyinir.

Hədiyyə vermə adəti dekabr ayının sonlarında keçirilən Qədim Roma bayramı olan “Saturnalian”ın əsas xüsusiyyətlərindən biri olmuş və güman ki, həmin dövrdə Milada da təsir etmişdir.

Şam ağacı bəzədilməsi ənənəsi

Bu ənənə sırf xristianlar tərəfindən yaradılmamışdır. Hələ miladdan əvvəl qədim misirlilər dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evə gətirib bəzəyirdilər. Orta əsrlərdə isə, qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.

VIII əsrdə yaşamış bioqraf Stefan yazır ki, bu ağacın üçbucağı xatırladan forması paqanizmdə cənnətin təsviri hesab olunsa da, xristianlıqda Müqəddəs Üçlüyə (ata, oğul və müqəddəs ruh) uyğunlaşdırılmışdır.

Ənənəvi olaraq Milad bəzəklərində istifadə olunan rənglər qırmızı, yaşıl və qızılı rənglərdir. Qırmızı rəng İsanın çarmıxa çəkilməsi zamanı axıdılmış qanını, yaşıl rəng və xüsusilə həmişəyaşıl ağaclar əbədi həyatı, qızılı isə Miladla əlaqələndirilən ilk rəng olmaqla maqların hədiyyələrini və zadəganlığı simvolizə edir.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR