“Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusu müzakirə edilib (FOTO)

“Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusu müzakirə edilib (FOTO)
19:15 29 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda “Dəyirmi masa” keçirilib.

Tədbiri layihəlinin kardinatoru Gülhüseyn Kazımlı açaraq qonaqları salamladı. Bildirdi ki, bu gün 27 dekabr Beynəlxalq Muğam Mərkəzi üçün əlamətdar tarixdir. Bu il mərkəzin fəaliyyətə başlamasının 11 illiyi tamam olur. Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ildə təntənəli açılış mərasimində cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər. Biz bir daha belə bir möhtəşəm mərkəzin inşasına görə dövlətimizə minnətdarlığımızı bildiririk. Dövlətimizin muğam sənətinə diqqəti və qayğısını hər zaman hiss edirik. Tədbirin mövzusundan danışarkən diqqətə çatdırdı ki, kamanla çalınan simli musiqi alətinin müxtəlif adlarla Şərq və Orta Asiya xalqları arasında geniş yayıldığını deyib. O, milli musiqi alətimiz olan kamançanı yaşatmaqla yanaşı, onu təkmilləşdirərək gələcək nəsillərə çatdırılmasının təqdirəlayiq hal olduğunu bildirib.

Milli Konservatoriyanın Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun moderatorluğu ilə keçən müzakirələrdə Sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə çıxışında kamança alətində zaman-zaman baş vermiş dəyişikliklərdən bəhs edib. Bildirdi ki, Əbdülqadir Marağa əsərlərində, başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkib. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilib. XIX əsrə aid edilən alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilərək üzərinə dəri çəkilib. Ümumiyyətlə, simli musiqi alətinin yaxşı səslənməsində qol ilə simlər arasında məsafənin dəqiq təyin edilməsi çox vacibdir.

Dəyirmi masada daha sonra kaman ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı, həmçinin Şabran, Şuşa, Qəbələ və Ağsu şəhərlərindən dəvət olunmuş tar və kamança aləti ustaları Məzahir Həsənov, Güləli Bayramov, Ağamir Həsənov və başqaları çıxış edərək simli musiqi alətlərimizdə ifaçılıq, onların təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Əməkdar artist Elşən Mansurovun rəhbərliyi iə Milli Konservatoriyanın kamança ifaçılarından ibarət ansamblı öz ifalarını təqdim ediblər.

Qeyd edək ki, BMM fəaliyyətində konsert proqramları ilə yanaşı tədqiqat işlərinə də geniş yer ayırır. Belə ki, BMM-nin “Dəyirmi masa” layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr təşkil edilib. Bu müddət ərzində BMM-də təşkil edilən elmi-tədqiqatlar sahəsindəki tədbirlər silsiləsində “Aşıq sənətinin bu günü və gələcək prespektivləri”, “Muğamlar və qəzəllər” (2018), “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı elmi-seminar, "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri " adlı elmi-praktiki konfrans, “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” , “Azərbaycan mədəniyyəti dünən, bugün və gələcəkdə”, eləcə də beynəlxalq konfranslar “Orta əsr musiqisi və musiqi alətləri”, “Avrasiya xalqlarının mədəni irs ənənələri” (Bakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində), Tbilisi şəhərində “Azərbaycan(muğamlar, xalq mahnıları və təsniflər) və gürcü(folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" müzakirələr keçirilib.

“Dəyirmi masa” layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3171140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR