Azərbaycan Konfrans Liqasının 1-ci raundundan azad olub

2021/22 mövsümündə avrokuboklarda çıxış edəcək Azərbaycan klublarının yarışa hansı mərhələdən başlayacağı dəqiqləşib.

Metbuat.az-ın məlumatına görə, buna səbəb ölkəmizin 2020-ci ilin UEFA reytinqində hansı pillələrdə qərarlaşacağının bilinməsidir.

Hazırda Azərbaycan siyahıda 26-cıdır. Avrokubokda təmsilçisi qalmayan ölkəmiz irəliləmək şansını itirib.

Aşağı pillələrdə qərarlaşanlardan yalnız ikisi Bolqarıstan və Rumıniya avrokubok mübarizəsini davam etdirir. Onlar müvafiq olaraq, 27-ci v 29-cu sırada qərarlaşıb. Azərbaycandan (18,750) xeyli geri qalan Bolqarıstanın (17,375) da, Rumıniyanın (16,200) da ölkəmizi keçmək şansları çox azdır. Amma bunun nəzərə cəhətdən mümkünlüyü istisna deyil. Bu isə o deməkdir ki, Azərbaycan 2020-ci ilin yayındakı sıralamada 26-28-ci yerlərdən birini tutur.

Mövqeyimizin bu qədər təxmini bilinməsi isə kifayət edib ki, 2021/22 mövsümündə qitə kuboklarındakı təmsilçilərimizin taleyi bəlli olsun. Bir sözlə, artıq klublarımızın hansı mərhələdən yarışa qatılacağı dəqiqləşdirib.

Azərbaycan çempionu son illərdə olduğu kimi yenə Çempionlar Liqasında I təsnifat mərhələsindən yarışa başlayacaq. 2021-ci ilə tez başlayan yeganə komandamız olacaq.

2021-ci ildən tətbiq olunacaq yeniliklərə əsasən, Azərbaycan ilk dəfə Avropa Liqasından kənarda qalacaq. Əvəzində üç klubumuz yeni yaradılacaq Konfrans Liqasında mübarizə aparacaq.

Hər üç təmsilçimiz yeni turnirin ilk raundundan azad olacaq. Çünki bizim tutacağımız 26-28-ci yerlərdə qərarlaşan ölkələrin hamısı yarışa II təsnifat mərhələsindən başlayacaq. Həm Azərbaycan kubokunun qalibi, həm də gümüş və bürünc mükafatçı buna sevinəcək.

Hərçənd 29-cu yerə qədər yuvarlansaydıq (artıq belə ehtimal qalmayıb) 3-cü yerin sahibi, 30-cu olsaydıq hər üç komandamız I təsnifat mərhələsində oynayacaqdı.

Qeyd edək ki, qarşıdakı 2020/21 mövsümündə qitə miqyaslı turnirlərdəki təmsilçilərimizin hamısı I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Premyer Liqanın qalibi Çempionlar Liqasında, gümüş və bürünc mükafatçı, həmçinin Azərbaycan kubokunun sahibi Avropa Liqasında I təsnifat mərhələsindən yarışa qatılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR