Azərbaycanda bahalaşma olacaq?

Azərbaycanda bahalaşma olacaq?
09:27 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ekspertlər iddia edirlər ki, hökumət bu il bahalaşmaya getməyəcək

Ölkədə benzinin qiymətinin iki gün ərzində qalxıb-enməsi cəmiyyət, eləcə də iqtisadçı ekspertlər tərəfindən birmənalı qarşılanmır. Benzinin bahalaşmasından dərhal sonra ölkədə yeni bahalaşma dalğasının olacağı barədə verilən anonslar isə hələ ki ancaq ərzaq məhsullarında azacıq artımda özünü göstərir. Ekspertlərin fikrincə, benzindən sonra digər bahalaşma xəbərlərinin də olacağı ehtimal edilirdi.

Əsasən kommunal və nəqliyyat xərclərinin bahalaşacağı proqnozlaşdırılırdı.
Bəs qiymət əvvəlki həddinə qaytarılandan sonra vəziyyət necədir? Kommunal xərclərin bahalaşma ehtimalı hələ də qalırmı?

İqtisadçı Natiq Cəfərli musavat.com-a bildirib ki, böyük ehtimalla hökumət bahalaşma məsələlərində bu il həssas davranacaq: “Məhz benzinin qiymətinin köhnə vəziyyətə qayıtması onu göstərdi ki, bu artımın yaradacağı psixoloji təsirlər hesablanmamışdı. Bu təsirlərin çox ciddi olacağını nəzərə alaraq qiymətləri əvvəlki həddə qaytardılar. Düşünürəm ki, bundan sonra hökumət qiymət artımı ilə bağlı ciddi davranacaq, qiymət artımına çalışdıqda yüz ölçüb, bir biçəcək. Bu il seçki ili olduğunu da nəzərə alaraq təsirləri hesablamağa çalışacaq. Ancaq neftin qiymətinin ucuzlaşmasından dolayı ölkənin gəlirlərinin ciddi şəkildə azalması da baş verəcək. Bu halda da hökumət bahalaşma üçün addım atmağa məcbur olacaq. Məsələn, il ərzində aksiz və vergilərə yenidən baxılması məsələsi gündəmə gələ bilər, hökumət artımlara gedə bilər”.

Ekspertin sözlərinə görə, nəqliyyat xərclərində hökumət daha konservativ mövqe ortaya qoyacaq: “Yaxın gələcəkdə qiymət artımına ola bilər ki, gedilməsin. Ancaq ilin sonuna qədər neftin qiyməti indiki həddə qalsa, hökumət 2016-cı ilin büdcə problemlərini nəzərə alaraq, qiymət artımları ilə bağlı müəyyən addımlar atmağa məcbur ola bilər. Göründüyü kimi, depozitlərə qoyulmuş vergi səs-küyə səbəb olsa da, hökumət onu ləğv etmədi. Bu da məcburiyyət qarşısında qalınıb atılmış addım idi. Hökumət bunun üçün müxtəlif üsullara əl atmaq məcburiyyətində qalıb. Yəni əsas məsələ neftin qiymətinin hansı həddə olmasından asılı olacaq”.

Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumət bahalaşmaya getmək məsələsində ciddi şəkildə düşünəcək: “Bu il həssas dövrdür. Çünki bir tərəfdən dünyada neftin qiymətinin ucuzlaşması səbəbindən qiymətlər aşağı düşür, digər tərəfdən də parlament seçkisi ili olduğundan, hökumətin bahalaşmaya getməsi ehtimalı aşağıdır. Əgər yanacağın qiyməti artırılsaydı, bu halda növbəti artım nəqliyyat sektorunda olardı. Amma yanacağın yenidən əvvəlki səviyyəsinə salınması onu göstərir ki, hökumət artıma getmək niyyətində deyil. Ona görə də kommunal xidmətlərin bahalaşmasını bu il gözləmirəm. Ən azı, noyabra, qədər yəqin ki, bahalaşma olmayacaq”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev isə məsələ ilə bağlı bildirib ki, dövlət başçısının göstərişi bahalaşma meyllərini “zərərsizləşdirib”:

“Ümumiyyətlə, benzinin qiymətinin dəyişməsi ilə bağlı müəyyən meyllər müşahidə olunsa da, prezidentin humanist addımından sonra bazarda bahalaşma meyllərinin qarşısı tamamilə alındı. Yəni prezident bu meyllərin qarşısını aldı, hər hansı artım meylləri müşahidə olunmur”.

A.Əliyevin sözlərinə görə, yaxın vaxtlarda Tarif Şurasına qiymət artırılması üçün hər hansı təklif daxil olmayıb: “Kiçik qiymət dəyişikliyi nəqliyyatda sərnişindaşıma tariflərinin qaldırılmasına, eyni zamanda metronun gedişhaqqının qaldırılmasına əsas yaratmırdı. Bununla belə, istehlak bazarında qiymətin artırılması ilə bağlı hər hansı meyllərin qarşısını belə cənab prezidentin humanist addımı tamamilə aldı. Bazarda bu gün artım meylləri müşahidə olunmur. İstehlak bazarında da qiymətlərin stabilliyi hökm sürür”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR