Öd kisəsi poliplərinin diaqnostikasında ultrasəs müayinəsi daha əlverişli üsuldur

Öd kisəsi poliplərinin diaqnostikasında ultrasəs müayinəsi daha əlverişli üsuldur
20:22 6 Yanvar 2020
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Öd kisəsi ödçıxarıcı sistemin bir hissəsi olub kiçik boşluqlu orqandır. O, həzmarası dövrdə ödün toplanmasına, onun konsentratlaşmasına və qida qəbulu, həzm zamanı isə konsentratlaşmış ödün ifrazına xidmət edir.

Daxili orqanların patologiyaları arasında öd kisəsinin xəstəliklərinə kifayət qədər çox rast gəlinir. Xəstələrin mütəmadi olaraq profilaktik müayinələrdən keçmələrinə baxmayaraq, bu patologiyalardan bəziləri uzun müddət ərzində aşkarlanmamış qala bilər. Diaqnostikası o qədər də asan olmayan belə patologiyalardan biri də öd kisəsi polipləridir.

Polip öd kisəsinin selikli qişa epitelisinin xoşxassəli lokal izafi böyüməsidir və yaşı 30-dan yuxarı olan qadınlarda daha çox müşahidə olunur. İrsi meyillilik, rasional olmayan qeyri-müntəzəm qidalanma, xolesterinlə zəngin qidalardan həddən artıq istifadə, ödün onikibarmaq bağırsağa ifrazını pozan xroniki xolesistit, hepatitlər və s. poliplərin yaranma səbəbləri hesab olunur.

Poliplər tək-tək və çoxsaylı ola bilər. Quruluşuna görə xolesterinli və parenximatoz poliplər ayırd edilir.

Milli.Az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində söyləyib.

Poliplərin klinik mənzərəsinin spesifik olmadığını bildirən həkim-terapevt deyib: "Ola bilər ki, əksər hallarda pasiyentlər heç nədən şikayətlənməsinlər. Poliplər kliniki olaraq epiqastral nahiyədə dolma və ağırlıq hissi, gəyirmə, meteorizm, az hallarda isə qarında küt sızıldayıcı ağrı ilə təzahür edə bilər.

Poliplərin diaqnostikasında ultrasəs müayinəsi daha əlverişli və məlumatlı metod hesab olunur. O, ölçüsü 1 millimetrdən böyük olan divarönü törəmələri aşkarlaya bilir. Ultrasəs müayinəsində polip dairəvi və ya oval formada görünür, akustik kölgə vermir, öd kisəsi divarı ilə bitişik olur və bədən vəziyyətini dəyişdikdə o, yerini dəyişmir. Diaqnostikada kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya və endoskopik ultrasanoqrafiyadan da istifadə olunur.

Öd polipləri maliqnizasiyaya, yəni, bədxasəlliyə çevrilməyə meyilli olduğu üçün müalicə taktikası həkim tərəfindən seçilir. Bu zaman polipin yerləşməsi, ölçüləri və yanaşı dəyişikliklərin olması nəzərə alınır".

Mütəxəssis bildirib ki, müalicə zamanı əvvəlcə qidalanmanın tənzimlənməsi vacibdir. Bunun üçün asan mənimsənilən qidalardan kiçik porsiyalarla, hissə-hissə olmaqla balanslaşdırılmış qidalanma, kəskin, qıcıqlandırıcı, yağlı qidalardan isə çəkinmək tövsiyə olunur.

"Ölçüləri 10 millimetrdən kiçik və ayaqcıqlar üzərində olan poliplərə 2 il müddətində hər 6 aydan bir, sonra isə ildə bir dəfə olmaqla, ayaqsız poliplərə, yəni, geniş əsasda olan poliplərə isə 2 il müddətində hər 3 aydan bir, sonra isə həyatı boyu ildə bir dəfə olmaqla ultrasəs müayinəsi vasitəsilə nəzarət olunmalıdır. Nəzarət müayinəsində polipin ölçüləri getdikcə artarsa, cərrahi əməliyyata ehtiyac duyulur. Hazırda öd kisəsi polipləri zamanı aparılan laparoskopik xolesistoektoniya standart əməliyyat hesab olunur", - deyə A.Verdiyev qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/815523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR