Xameneyidən raket hücumu ilə bağlı açıqlama:

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi ABŞ hərbi bazasına raket zərbələrindən sonra xalqa müraciətlə çıxış edib.

Hücum İran generalı Qasım Süleymaninin İraqda ABŞ aviasiyası tərəfindən öldürülməsinə cavab olaraq həyata keçirilib.

Metbuat.az xəbər verir ki, Xameneyi ABŞ hərbi bazalarına hücumun "uğurlu" olduğunu bildirib: "İran sülhsevər ölkədir və heç bir dövlətlə gərginliyə can atmır. Biz dünya quldurları ilə hesab çəkməyə hazırıq".

İran televiziyasının məlumatına görə, hücum zamanı 80 ABŞ hərbçisi öldürülüb, 200 nəfər yaralanıb, həmçinin ABŞ-ın helikopterləri də daxil olmaqla hərbi texnikasına ağır zərbə vurulub.

Amma ABŞ insan itkiləri ilə bağlı iddiaları rədd edib. "Los Angeles Times" qəzeti hökumət rəsmilərinə istinadən xəbər verib ki, ABŞ hərbçiləri İrandan atılan raketləri real rejimdə anbaan izləyiblər və raketlər hədəfə çatana qədər hərbçilər sığınacaqlara yerləşiblər.

Xameneyi çıxışı zamanı bildirib ki, ABŞ regiondan hərbi qüvvələrini çıxarmalıdır. O həmçinin İranın raket zərbələrini "Amerikanın sifətinə sillə" adlandırıb: "Belə hərbi tədbirlər yetərli deyil. Vacib olanı odur ki, ABŞ-ın regionda zərərli iştirakına son qoyulsun."

Xameneyi həmçinin ABŞ-la nüvə danışıqlarının bərpasını da mümkünsüz adlandırıb. (bizimyol.info)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR