"ABŞ İranın addımlarına susurdu ki, Şərqdə Sünni-Şiə davası yaransın" -

ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumdan və İran generalı Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra ABŞ ilə İran arasındakı gərginlik pik həddə çatmışdı. Son olaraq İranın intiqam addımı olaraq İraqdakı ABŞ bazasını raketlə vurmasından sonra hər iki ölkə tərəfindən həm sülhyönlü, həm də təhdidkar açıqlamalar verilməkdədir. Mövcud vəziyyət müharibə, yoxsa danışıqlarla nəticələnəcək? ABŞ İrana qarşı sanksiyalarını davam etdirəcəkmi?

Metbuat.az məsələ ilə bağlı İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, siyasi analitik Teymur Qasımlı ilə həmsöhbət olub. Analitik bildirib ki, iki ölkə arasında uzun illərdir davam edən gərginliyin bir çox səbəbləri mövcuddur və burada ABŞ-ın bir çox maraqları var:

"40 ildən çoxdur ki, bu iki ölkə arasında gərginlik mövcuddur və zaman-zaman bu gərginliyin artan, səngiyən dövrləri olub. Zaman-zaman İran bəzi məsələlərdə ABŞ-la əməkdaşlıq da edib. Məsələn, Sovet ordusu Əfqanıstana daxil olanda İran və ABŞ əməkdaşlıq edib.

İran nüvə silahına sahib olmaq istəyir, ABŞ isə deyir ki, ola bilməssən. Əgər İranda Şah rejimi devrilməsəydi, İran nüvə silahına sahib olacaqdı. Çünki, ABŞ İrana nüvə silahına sahib olması üçün hər cür dəstək verirdi. Sonra Şah devrildi, ABŞ səfirliyinə hücum olundu, nəticədə ABŞ və İran 40 ildir düşmənçilik edirlər.

ABŞ ilə İsrail uzun zamandır İranın Yaxın Şərqdə apardığı siyasətə göz yumurdu. Qasım Süleymaninin Suriya, İraq, Livan və Əfqanıstanda apardığı işlərin qarşısını özü qəsdən almadı. Almamaqda əsas məqsəd İslam dünyasında və Yaxın Şərqdə Sünnü-Şiə davasını salmaq idi. Qasim Süleymani İraqda sözü keçən insanlardan biri idi, İraqın daxili işlərinə müdaxilə edirdi. Məsələnin digər tərəfi də var. İraq və Çin arasında neft müqavilələri imzalanıb. ABŞ bu müqavilələrinin imzalanmasını istəmirdi".

Teymur Qasımlı həmçinin qeyd edib ki, sanksiyaların davam etdirilməsi gözlənilən olsa da, müharibə olmayacaq:

"Düşünürəm ki, sanksiyalar davam edəcək, hətta bundan güclü sanksiyalar olacaq. Müharibə olmayacaq, İranın müharibə etməyə gücü yoxdur. İranın daxilində vəziyyət ağırdır. Ölkədə işsizlik var, insanlar işləmək üçün qonşu ölkələrə gedir. Ən çox da Cənubi Azərbaycanlı soydaşlarımız Türkiyəyə iş dalınca gedir. Varlı farslar isə Türkiyə və digər ölkələrə köçüb orada yaşayırlar. İran vətəndaşlarının əsas istəkləri azadlıqdır.

ABŞ-İran gərginliyini diplomatik yolla həll etmək mümkün ola bilər. ABŞ İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Vaşinqtonun BMT yanında daimi nümayəndəsi Kelli Kraftın Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd olunur ki, ABŞ regionda gərginliyin aradan qaldırılması üçün bu addımı atır. Bununla da təxminən bir həftə davam edən ABŞ-İran müharibəsi riski ən azı indilik ortadan qaldırılmış oldu. ABŞ bunu ona görə edir ki, İran Rusiya və Çin tərəfə çox yaxınlaşmasın. Ona görə də, İran dövlətini idarə edənlər ABŞ-la düşmənçiliyə son qoyulmasını düşünməlidir. Tarixdən misal çəkmək olar. 20 il ABŞ-Çin arasında gərginlik olub, hətta düşmənçilik həddinə gəlib çıxıb. Sonda Çin Xalq Respublikasının ilk lideri ÇXR-nın qurucusu Mao Tszedun "daşı ətəyində tökdü" və ABŞ ilə əməkdaşlığa razılıq verdi. ABŞ-prezidenti Nikson Pekinə səfər etdi və Çin-ABŞ gərginliyi aradan qalxdı. Mao Tszedun vəfatından sonra yerinə gələnlər ABŞ-la münasibətləri davam etdirdilər. Nəticədə Çin dünyanın inkişaf etmiş ölkələrdən oldu.Ona görə də, İran dövlətinin idarə edənlər fəlakətə getmək istəmirlərsə, çıxış yolu tapmalıdırlar".

Analitik iki ölkə arasında baş tuta biləcək danışıqlarda vasitəçilik edə biləcək ölkələrin Almaniya, Fransa, İngiltərə və Yaponiya olduğunu əlavə edib:

"Hal-hazırda Türkiyə dövləti iki tərəf arasında diplomatik vasitəçilik etməyə çalışır. Türkiyənin Xarici İşlər Naziri İraqa səfərə gedib. Türkiyə bunu ona görə edir ki, İrandan qaz alır, bir başqa nöqtədən baxanda Türkiyədə İncirlik və Kürəcik hərbi bazası var. ABŞ bu hərbi bazalardan İranı izləyir. Hərbi müdaxilə olsa, ABŞ Türkiyənin hava məkanını açmasını istəyəcək. Bundan başqa ABŞ İranı Azərbaycan, Türkiyə və İraqdan rahat vura bilər. Buna görə Türkiyə vasitəçilik etməyə çalışır. Düşünürəm ki, İran-ABŞ arasında gərgiliyi Almaniya, Fransa, İngiltərə və Yaponiya da edə bilər. Düzdür rəsmi Paris və Tokio bundan öncə İran ilə ABŞ arasında diplomatik vasitəçilik etdi və uğurlu olmadı. Ancaq bu dövlətlərin yenə də vasitəçilik üçün şansı qalır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR