Azərbaycan dünya elitasının diqqət mərkəzindədir - Vüqar Rəhimzadə

Azərbaycan dünya elitasının diqqət mərkəzindədir - Vüqar Rəhimzadə
15:33 24 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

“Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən Dünya İqtisadi Forumuna 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək”.

Bu fikirləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Forumda dünyanın ən tanınmış siyasi və iqtisadi elitalarının nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir: “Ölkə başçısı Davosa səfəri çərçivəsində indiyədək müxtəlif görüşlər keçirib, sessiyalarda iştirak edib. “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Pakistan İslam Respublikasının Baş naziri İmran Xan və OPEC-in baş katibi Məhəmməd Barkindo, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, Polşa Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Gürcüstanın Baş naziri Giorgi Qaxariya, İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb. Ölkə başçısı eyni zamanda Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” və “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclaslarda iştirak edib. Görüşlərdə qeyd olunub ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşmasına, yeni layihələrin həyata keçirilməsinə gözəl zəmin yaradır”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının davamlı olduğunu isbat edir: “Prezident İlham Əliyevin Davosda bu dərəcədə yüksək səviyyəli, səmərəli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan böyük maraqdan irəli gəlir. Çünki ölkəmiz siyasi-iqtisadi baxımdan riskli deyil, əksinə, investisiya yatırılması üçün əlverişli şərait və mənbəyə malikdir”.

“Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, söylənilən fikirlər dünyanın siyasi və iqtisadi elitasının ölkəmizə olan marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın dünya dövlətləri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir” deyən baş redaktor əlavə edib ki, Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür: “Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsi və nümunə göstərilməsi xüsusilə qürurverici hadisə kimi qiymətləndirilməlidir. Bu da onu göstərir ki, Azərbaycan dünyada ciddi və qüdrətli dövlət kimi qəbul edilməkdədir”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/302833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR