Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
12:32 17 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 12:26 ]


Bakı - APA. Bakı Slavyan Universitetində (BSU) Azərbaycan prezidenti yanında Bilik Fondunun, universitetin təlim-tərbiyə şöbəsi və Magistrantlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Bilik Fondundan APA-ya verilən məlumata görə, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev 25 il öncə Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə çevrilmiş yanvar gecəsində yaşanılan dəhşətləri bir daha tədbir iştirakçılarına xatırladıb. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırılmasını yüksək vətəndaşlıq mövqeyi, əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.

 

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qanlı gecədə sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi cinayətdən və bu faciənin dəhşətli nəticələrindən danışıb. Qeyd edib ki, Fond Bakıda, habelə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən orta təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirlərə təşkilatçılıq edir.

 

Mərasimdə Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas, BSU-nun dosenti Sadir Məmmədov və magistrant Rəna Məmmədova 20 Yanvar faciəsinə qədər Sovet hakimiyyətinin Azərbaycana qarşı məkrli siyasətini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq, faciənin səbəbləri və faciə zamanı yaşanmış dəhşətli hadisələr haqqında ətraflı məlumat veriblər.

 

20 Yanvar hadisələrinə dair fotoşəkillərin və kitabların sərgiləndiyi tədbir faciəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR