Almaniyada fevralın 9-dan davam edən “Sabina” qasırğası həyatı iflic edib.
Metbuat.az-ın məlumatına görə, qasırğa səbəbi ilə magistrallarda qəzaların sayı artıb. Təbii hadisə səbəbi ilə aşan ağır tonnajlı yük avtomobillərinin təxliyəsi zamanı ölkə üçün əhəmiyyətli “A3” avtobanında nəqliyyatın hərəkəti 4 saat müddətinə dayanıb.
Almaniya Dəmir Yollarından “Report”a verilən məlumatda qeyd olunub ki, fevralın 9-u axşam saatlarından 10-u səhər saatlarına kimi planlaşdırılan uzun məsafəli qatar reysləri təxirə salınıb.
“Küləyin sürətinin artması daxili reyslərə də təsir edib. Ancaq xüsusi xilasetmə briqadaları problemli ərazilərdə işlədiyindən qısa zamanda qatarların hərəkəti gecikmə ilə olsa da, bərpa edilib. Hazırda hər iki saatdan bir texniki heyətimizdən ibarət briqada xüsusi qatarla qısa məsafələrə kəşfiyyat xarakterli səfərlər edir. Qasırğa səbəbindən qrafik üzrə mövcud səfərlərdə gecikmələr və təxirəsalınmalar olduğundan, sərnişinlərin fevralın 8-də aldıqları bütün biletlər fevralın 18-ə kimi qüvvədə olacaq”- deyə Almaniya Dəmir Yollarından bildirilib.