Nəsimi Ağayev Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirdi -

ABŞ-ın Kaliforniya ştatının San Dieqo Ştat Universitetində (SDSU) Azərbaycana dair mühazirə keçirilib

Metbuat.az xəbər verir ki, 1897-ci ildə əsası qoyulan universitet Kaliforniyanın ən qədim universitetlərindən biridir və burada 35 mindən artıq tələbə təhsil alır.

SDSU-nun professoru Martin Kruminq mühazirəni açaraq, Azərbaycana etdiyi müxtəlif səfərlərdən danışıb və ölkəmiz haqda xoş təəssüratlarını bölüşüb. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev çıxış edib.

Baş konsul N.Ağayev SDSU tələbələrinə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və coğrafi mövqeyi, eləcə də müstəqil ölkə kimi davamlı inkişafı haqqında ətraflı məlumat verib. Baş konsul həmçinin Azərbaycanın neft sənayesinin tarixi haqqında danışaraq, 19-cu əsrdən bəri neftin Azərbaycanın sosial, iqtisadi və siyasi həyatında hər zaman önəmli rol oynadığını bildirib. O, müstəqil dövlət kimi Azərbaycanın regionda ən güclü iqtisadiyyata malik ölkəyə, dünyanın isə ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini vurğulayaraq, ölkəmizin bir sıra mühüm beynəlxalq enerji və nəqliyyat layihələrini həyata keçirdiyini və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.

Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev dinlərarası tolerantlıq və harmoniyanın Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu deyib. O, Azərbaycanda müsəlman, yəhudi, xristian, bəhai və digər dinlərin nümayəndələrinin əsrlər boyu bir-biriləri ilə harmoniya şəraitində yaşadıqlarını və azad şəkildə öz dini ibadətlərini həyata keçirdiklərini diqqətə çatdırıb.

Baş konsul daha sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti haqqında ətraflı danışıb. Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunan N.Ağayev münaqişə nəticəsində Azərbaycanın 20 faizədək torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, 800 mindən artıq dinc azərbaycanlının Dağlıq Qarabağ və ətraf yeddi rayondan didərgin salındığını qeyd edib. Baş konsul bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu hərbi işğalı pisləyən məlum qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.

Mühazirədən sonra N.Ağayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR