"Uşaq ailəsindən sevgi, qayğı görməyəndə, onu başqa adamda axtarır" -

Bu cür xəbərləri demək olar tez-tez oxuyuruq: Yeniyetmə sevdiyi qıza görə özünü öldürdü, yeniyetmə qız sevgilisi tərəfindən bıçaqlandı və. Bir neçə gün əvvəl Xırdalanda 15 yaşlı yeniyetmənin sevgilisi ilə mübahisə etdikdən sonra özünü binada ataraq intihar etməsi də bu qəbildən olan hadisələrdən oldu.

Metbuat.az bu mövzunun psixoloji tərəflərini öyrənmək üçün psixoloqlara üz tutub. Saytımıza danışan psioloq Aytən Ələkbərova bildirdi ki, yeniyetmələrin bu yaşda sevgiyə meyl etmələri normaldır, lakin, valideynlər onlarla bu barədə söhbət aparmalıdırlar:

“Yeniyetmələr məntiqi düşüncə ilə yox, hisslər və duyğularla addım atırlar. Sevgi üçün canlarından keçməyə hazır olurlar. Bu bir yeniyetməlik dövründə baş verir, bir də 56-57 yaş dövrlərində.

Valideynlər 7 yaşdan sonra uşaqları ilə söhbətlər aparmalıdırlar. Uşaq başa düşməlidir ki, o indi ailə qura bilməz, qarşısındakı qızı aldada da bilməz. Sevgi münasibətlərinə düzgün yanaşmanı öyrətmək lazımdır uşağa. Bu məsələdə təkcə valideynlər yox, məktəb müəllimləri və psixoloqu da diqqətli olmalıdırlar. Yaxşı olar ki, qızlar ataları ilə dost olsunlar. Atalar qızları ilə dost olanda, lazımı balansı saxladıqda yeniyetmə qızlar əks cinsə bir o qədər də meylli olmurlar, duyğusal yanaşmırlar. Aldadılma ehtimalları da aşağı olur. Valideynlər övladları ilə dost olmağı bacarmalıdırlar”.

Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucovanın da fikirlərini öyrəndik. Psixoloq qeyd etdi ki, yeniyetmələrin əks cinsə üz tutmalarının, bağlanmalarının səbəbi ailədən həmin qayğını görə bilməmələri olur:

“Bəzən biz düşünürük ki, övladımıza nələrisə qadağa qoysaq o daha ağıllı olacaq, daha yararlı olacaq cəmiyyət üçün. Digər tərəfdən, övladımıza kifayət qədər qayğı, sevgi göstərməliyik. Günümüzdə yeniyetmə intiharlarının çoxu sevgisizlikdən irəli gəlir. Sözsüz ki, hər valideyn övladını sevir, amma sevgini sözlə ifadə etmək bizim mentalitetimizdə yoxdur. Bizdə elə stereotip yaranıb ki, kişi qadına sevdiyini deməz və s. Buna görə də, bəzən bizim qızlarımız xarici millətdən olan vətəndaşlarla ailə qururlar. Çünki hər bir qadın xoş söz eşitmək istəyir.

Övladımıza o sözü deməsək, o da o xoş sözləri eşitmək istədiyi üçün başqasına meyllənəcək. İnsanda sevgi ehtiyacı deyə bir şey var. Uşağın sevgi ehtiyacını valideynləri və yaxınları doldurmadıqda uşaq digər bir tərəfdən o sevgini görür və ona bağlanır. Ondan sonra həyatı onsuz təsəvvür edə bilmir. İntiharlara da məhz bu sevgisizlik gətirib çıxarır.

Valideyn yeniyetmə övladına hörmət etməyi bacarmalıdır. Əgər valideyn uşağın fikirlərinə hörmət etmirsə, hisslərini onunla bölüşə bilmirsə, uşaq o şeyləri danışa biləcəyi başqa birini axtarır”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR