Cəmiyyətin kabusu erkən nikahlar: Kimdir günahkar?

Azərbaycanda ailə və nikah məsələləri qanunvericiliklə tənzimlənsə də, sosial həyatımızda tez-tez sağlam ailə institutuna xələl gətirən hadisələrin şahidi oluruq. Bunlardan biri də cəmiyyətin az qala ən böyük dərdinə çevrilən erkən nikahlardır.

Mütəmadi olaraq müxtəlif sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızların adət-ənənələrdən və mental dəyərlərdən irəli gələrək yeniyetmə yaşında nişanlanması, zorla ərə verilməsi, məişət zorakılığına məruz qalması barədə məlumatlar yayılır. Əksər hallarda bu hadisələrin mərkəzində erkən yaşda evliliyi müsbət hal kimi dəyərləndirən valideynlər, xüsusən də analar olur.

Psixoterapevt Rövşən Nəcəfov Metbuat.az-a bildirib ki, erkən nikahlar və istəksiz qurulan ailələrdə xoşbəxtlik olmur, faciə ilə özünü büruzə verir. Psixoterapevt deyib ki, valideynlər qız övladlarının əlindən möhkəm tutmalı olduqlarını anlamalı, onları həyatla mübarizədə dəstəkləməlidirlər:


“Ana ilə qız arasında sağlam dialoq olmalıdır. Ana qızının istəklərini müzakirə etmək üçün fikir mübadiləsi etməlidir. Sağlam münasibətlərin birinci şərti ünsiyyətdir. Ünsiyyət yoxdursa, sağlam münasibət olmayacaq. Oxumayan qız yoxdur, istiqamət doğru verilməyib. İnsanın psixologiyası mühitə uyğunlaşır. Uşaq ailənin, xüsusən qız övladı anasının güzgüsüdür. Ana öz həyatını qızına təlqin etməməlidir. Bədbəxt ailələrdə xoşbəxt insan yetişmir. Təhsilsiz və ya heç bir əmək fəaliyyəti olmayan qadınların cəmiyyətə sağlam övlad yetişdirmələri çətindir”.

Rövşən Nəcəfov problemdən çıxış yolunu hüquqi və psixoloji maarifləndirmə işlərinin genişləndirilməsində görür:

“Heç bir valideynin haqqı yoxdur ki, övladının gələcəyini məhv etsin. Hər kəs ata və ya ana ola bilər, amma valideyn olmaq üçün övladını şəxsiyyət kimi yetişdirməlidir. O zaman sağlam düşüncə formalaşdıra bilərik. Qanunun aliliyi insanların şəxsi maraqlarından üstün olmalıdır. Psixoloji aspektdən baxıldığı zaman da reallıq qanunla tənzimlənməlidir. Hər kəs problem kimi görünən bu daşın altına əlini qoymalıdır”.

Mövzunun kifayət qədər həssas olduğunu vurğulayan Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktor müavini Günel Vahabzadə Metbuat.az-a deyib ki, erkən nikahlar və onların fəsadları ilə bağlı üzləşdiyimiz problemlər tibbi, psixoloji və sosial aspektlərdən mürəkkəb məsələdir:

"Aparıcı təbəqəsi gənclər olan cəmiyyət inkişafa addımlayacaq" -

“Bu problemi həll etmək üçün təhsil işçilərinin və digər ictimai təşkilatların bir sıra məsələlərlə bağlı fəaliyyət göstərməsi zəruridi. Təhsil işçisi olaraq məktəblərdə, kolleclərdə, universitetlərdə erkən nikah və onun nəticələri ilə bağlı proqramları həyata keçiririk. Bu proqramlar geniş spektri əhatə edir. Əsasən təlim cinsi təhsil, sağlamlıq və gigiyena, məsuliyyət və münasibətlər kimi sahələrdə həyata keçirilir. Bizim üçün qız və oğlanların eyni imkanlara və məlumatlara malik olması vacibdir.

Gənclərin psixoloji və emosional rifahını gücləndirmək üçün psixoloji məsləhətləşmələr aparılır. Bu dəstək erkən nikahların və ağırlaşmaların səbəblərini başa düşməyə və problemlərin öhdəsindən gəlməyə kömək edə bilər.

Düşünürəm ki, sosial kampaniyalar media, sosial şəbəkələr və digər sosial platformalar vasitəsilə təşkil edilməməsinin əhəmiyyəti böyükdür. Bu kampaniyaların məqsədi erkən nikahın risk və nəticələrini işıqlandırmaq və cəmiyyətdə bu məsələyə aydınlıq gətirməkdir.

Hesab edirəm ki, hökumət tərəfindən hüquqi tədbirlər və qanunvericilik dəyişiklikləri də problemin həllində rol oynaya bilər. Bu sahədə razılıq yaşının artırılması, məcburi nikahlara qarşı çıxmaq, cinsi istismara qarşı mübarizə kimi tədbirlər həyata keçirilə bilər”.

Ekspert bildirib ki, ailələr də bu proseslə əlaqədar dəstək ala bilərlər. Əgər bu tədbirlər birlikdə həyata keçirilsə, cəmiyyətdə erkən nigahlar və fəsadları ilə bağlı məsələlərə daha səmərəli yanaşmaq mümkün olacaq:

“Fikrimcə bütün bu tədbirlər zaman və məkan olaraq, dəyişdirilməlidir. Çünki şəhər mərkəzində qarşılaşdığımız problem, ucqar bir rayondakı ilə tamamilə fərqli olacaq. Erkən nikah və fəsadların səbəbləri kompleksdir və birdən çox faktora bağlı ola bilər. Bu məsələdən məsuliyyətli olaraq ananın ya da atasının tək səbəbkar olduğunu deyə bilmərik. Əksinə, bu məsələdə bir sıra fərqli faktorlar və təsirlər mövcuddur:

Birinci təsir mexanizmi sosial mühitdir. Cəmiyyətin normaları, dini və mədəni təcrübələri, iqtisadi şərait kimi sosial mühit erkən nikah və fəsadların yayılmasında rolu oynaya bilər. Məsələn, maddi sıxıntılar, təhsil imkanlarının kifayətsizliyi və ya mədəni təcrübələr belə bir addımlara səbəb ola bilər.

İkinci məsələ ailənin rolu ilə bağlıdır. Ananın və atanın davranışları, inkişaf edən gənclərin davranışlarına təsir edə bilər. Ananın cəmiyyətə deyil, mətbəxə fokuslanması və ya atanın qızını bir yük kimi görməsi özü də bir sosial mühitin nəticəsidir və bu davranışlar ailədə öyrənilir, davam etdirilir.

Bu məsələdə iqtisadi səbəblər də rol oynayır. Məsələn, ailənin maddi sıxıntıları varsa, qızlarını çox gənc yaşda evləndirmək onların uğurlu bir həyat yaşamasına kömək edəcək kimi görünə bilər.

Gənclərin cinsi tərbiyə, sağlamlıq və münasibətlərlə bağlı doğru informasiyaya sahib olmaması, onların riskli davranışlara girməsinə səbəb ola bilər. Ümumiyyətlə, erkən nikah və fəsadların səbəbləri tək bir faktora endirilə bilməz. Bu məsələyə kompleks yanaşıb, bütün mühit faktorlarını nəzərə almaq vacibdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı