Torpaq- uğrunda ölən varsa Vətəndir!

Torpaq- uğrunda ölən varsa Vətəndir!
16:58 17 Yanvar 2015
789 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 yanvar, AzərTAc
20 Yanvar faciəsində şəhid olanların, xalqımızın qəhrəmanlıq tarixini yazanların həyatı gələcək nəsillər üçün örnəkdir. Çünki torpaq- uğrunda ölən varsa Vətəndir! Ümummilli liderimiz Heydər Əliyev 1990-cı ilin 20 yanvar tarixini xalqımızın qəhrəmanlıq günü kimi qiymətləndirərək deyib: “O ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır”.
Naxçıvan Özəl Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, bu fikirləri universitetdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən elmi-praktik konfransda ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev səsləndirib.
Rektor bildirib ki, Qanlı Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən verildi. Məhz dahi rəhbər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin təşəbbüsü və qayğısı ilə Şəhidlər xiyabanında əbədi məşəl kompleksi ucaldıldı.
“20 Yanvar faciəsi xalqımızın iradəsini, mənliyini sındıra bilmədi. Azərbaycan xalqının yaşamaq hüququnu, azadlıq eşqini, müstəqillik arzularını onun əlindən ala bilmədi”, – deyən İsmayıl Əliyev qeyd edib ki, faciənin vurduğu yaralar nə qədər ağır olsa da, Azərbaycan geriyə çəkilmədi, əksinə, xalqımız verdiyi qurbanlar nəticəsində öz müstəqilliyini əldə edib onu qorudu, möhkəmləndirdi. Bu gün də müstəqil Azərbaycan qürurla irəliləyir, inkişaf edir, yüksəlir.
Mərasimdə universitetin qmumi tarix kafedrasının müəllimi Vaqif Hüseynovun “XX əsrin 80-90-cı illərində Azərbaycanda ictimai-siyasi vəziyyət”, Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Rafiq Babayevin “20 Yanvar Azərbaycan ədəbiyyatında”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın “Qanlı Yanvar hadisələri dünya mətbuatında” mövzularındakı çıxışları maraqla dinlənilib.
Sonda tələbələr 20 Yanvar şəhidlərinə həsr edilmiş şeirləri bədii qiraət edib, faciə ilə bağlı slayd nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR