Hava proqnozlarını buradan izləmək olacaq - YENİLİK

Son dövrlər qlobal miqyasda müşahidə olunan iqlim dəyişmələri ölkəmizin ərazisinə də təsirsiz ötüşməyib. İqlim dəyişmələri əsasən havanın temperaturunun yüksəlməsi, yağıntıların azalması, xüsusilə də təhlükəli hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə özünü göstərir. Bu da, qlobal miqyasda iqlim dəyişmələrinin, eləcə də təhlükəli atmosfer hadisələrinin baş verə biləcək fəsadlarının əvvəlcədən müəyyən edilərək əhaliyə və aidiyyəti qurumlara çatdırılması sisteminin, yəni erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsini ön plana çəkir.

Milli Hidrometeorologiya Xidmətin-dən Metbuat.az-a verilən məlumata görə, bu məqsədlə MHX-də müasir müşahidə sistemləri tətbiq olunur, müşahidə şəbəkəsi modernləşdirilir. Belə ki, 2020-ci ildən etibarən son 3-4 il ərzində müşahidə şəbəkəmizdə 40 dəst avtomat hidroloji, 17 dəst avtomat meteoroloji, 4 dəst avtomat okeanoloji stansiya alınaraq quraşdırılmış, 2 dəst radiozond sistemi və 2 dəst dopler hava radarı istifadəyə verilmişdir.

Gözlənilən təhlükəli atmosfer hadisələri barədə xəbərdarlıqlar Milli Hidrometeorologiya Xidmətində tərtib edilir və müvafiq dövlət və özəl qurumlara eləcə də əhaliyə çatdırılır.

Çoxillik müşahidələrimizin nəticələri göstərir ki, respublikamızın ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər, qasırğalar hesab olunur. Belə güclü küləklər əsasən Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidə olunur. Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 m/saniyəyə çatan güclü qasırğalar müşahidə edilmişdir ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı insan tələfatına da səbəb olmuşdur.

Mütəxəsislərimiz tərəfindən təhlükəli atmosfer hadisələrinin, xüsusilə də güclü fırtınalara və qasırğalara səbəb olan atmosfer prosesləri barədə xəbərdarlıqların tərtib edilməsi və ötürülməsi ilə bağlı inkişaf etmiş Avropa ölkələrinin, eləcə də Türkiyə Respublikasının təcrübəsi öyrənilmişlər. Bununla əlaqədar 2023-cü ilin dekabrında aidiyyəti mütəxəssislərimizin iştirakı ilə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə səfər təşkil olunmuş, erkən xəbərdarlıqların tərtib edilməsi və aidiyyəti üzrə çatdırılması ilə bağlı türkiyəli həmkarlarla müzakirələr aparılmışdır. Səfər çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət və fövqəladə halların idarə edilməsi idarəsində (AFAD) görüş keçirilmiş, xəbərdarlıqların rəng şkalası üzrə tərtib edilməsi təcrübəsi öyrənilmişdir. Həmçinin, Avropada geniş istifadə olunan və 38 Avropa dövlətinin qoşulduğu “Meteo alarm” sistemində xəbərdarlıqların rəng şkalası üzrə verilmə metodikası təhlil edilmişdir (https://www.meteoalarm.org/en/live/).

Əksər Avropa ölkələrində təhlükəli atmosfer hadisələri “Rəng Xəbərdarlıq Sistemi” üzrə aşağıdakı kimi təsnifatlandırılır.

İlkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklər barədə xəbərdarlıqların rəng şkalasına uyğun tərtib edilməsi nəzərdə tutulur. Tərtib olunan xəbərdarlıqların hansı rəng sisteminə aid olmasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssislərimiz Respublikanın ayrı-ayrı bölgələrinin, həmiçinin Xəzər dəniz akvatoriyasının iqlim şəraiti və relyefi nəzərə alınaraq “Boford” şkalası üzrə qiymətləndirilməsi aparılmışlar. Beaufort (Bofort) şkalası 1963-cü ildə Beynəlxalq Meteorologiya Təşkilatı (indiki ÜMT) tərəfindən qəbul edilmişdir.

Qeyd edək ki, əksər meteoroloji parametrlərdə olduğu kimi, küləyin sürətinnin də təhlükəli həddi əraziyə uyğun olaraq müəyyənləşdirilir. Respublikamızın rayonları üçün (Abşeron yarımadası və dəniz akvatoriyası istisna olmaqla) sarı xəbərdarlıqlar – küləyin sürətinin 7-8 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 11-12 bala çatacağı halda tərtib olunacaq. Bakı şəhəri, Abşeron rayonu və dəniz akvatoriyasında isə güclü küləklərin tez-tez təkrarlandığını nəzərə alaraq, sarı xəbərdarlıqlar – küləyin sürətinin 8-9 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 10-11 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 12 bala çatacağı halda veriləcəkdir. Müsbət münasibət bildiriləcəyi təqdirdə proqnozlaşdırılan hava hadisələri ilə bağlı xəbərdarlıqlar rəng sistemi üzrə tərtib ediləcək və MHX-nin internet saytında (www.meteo.az) saytında yerləşdiriləcək.

Təhlükəli küləlkərlə bağlı xəbərdarlıqlar rəng şkalası üzrə interaktiv xəritə üzərində veriləcək. Xəritə Xidmətin internet saytında yerləşdiriləcək və mütəmadi olaraq yenilənməsi təmin olunacaq. Türkiyə təcrübəsinə uyğun olaraq, şəlakətli hava şəraiti olan və maksimal sürəti təhlükəli həddə çatmayan küləkli ərazilər xəritədə açıq yaşıl rənglə, sürəti 8-9 bala çatan küləkli ərazilər sarı, küləklərin sürəti 10-11 bal intervalında olan ərazilər narıncı, maksimal sürəti 12 ballıq şkala ilə maksimuma çatan qasırğaların gözlənildiyi ərazilər isə qırmızı rəngdə göstəriləcək.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı