İdmançılarımızın iştirak edəcəyi Dünya Kuboku da təxirə salındı

Aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün sambo turnirləri təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bura Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kuboku (20-21 mart), çimərlik sambosu üzrə Kiprin Larnaka şəhərindəki dünya çempionatı (28-29 aprel) və digər yarışlar aiddir.

Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov bunu koronavirus təhlükəsi ilə əlaqələndirib.

Sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyevin saytımıza verdiyi məlumata görə, Dünya Kubokunda Azərbaycanın üç samboçusu – Mehman Məmmədov, Fərid Mikayılov və Mirfəttah Seyidəliyev də iştirak etməli idi.

Qeyd edək ki, daha əvvəl 9-13 aprel tarixlərində Bolqarıstanın Panaqyurişte şəhərində keçirilməli olan yeniyetmə və gənclərin sambo üzrə Avropa çempionatı təxirə salınıb. Həmin yarışda da idmançılarımız mübarizə aparmalı idi. Bolqarıstan Sambo Federasiyasının prezidenti Qeorqi Yousev yarışın 11-15 iyun tarixinə keçirilməsini təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR