"Neftçi"nin futbolçusu: "Panikaya düşməkdənsə, yaxşı olardı ki, virusa qarşı mübarizə aparaq"

"Neftçi"nin futbolçusu: "Panikaya düşməkdənsə, yaxşı olardı ki, virusa qarşı mübarizə aparaq"
15:32 15 Mart 2020
131 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Neftçi"nin müdafiəçisi Tural Axundovun apasport.az saytına müsahibəsini təqdim edir.

- "Neftçi" bu gün Premyer Liqanın XXI turu çərçivəsində "Zirə" ilə oynamalı idi. Amma koronavirus təhlükəsinə görə oyunlar təxirə salındı. Bu qərar sizin üçün gözlənilən idi?

- Əslində gözlənilməz qərar oldu. Bizə məşqdən gələndən sonra bu barədə məlumat verildi. Halbuki oyuna hazırlaşırdıq. Dövlətimizin epidemiya ilə mübarizəsi çərçivəsində verilən qərardır. Hər şeydən öncə insanın sağlamlığıdır. 

- Koronavirus təhlükəsi oyuna köklənməyinizə çətinlik yaradırdı?

- Heç bu barədə çox düşünmürdüm. Amma virusun sürətlə yayılması, Azərbaycanda da aşkar edilməsi, təbii ki, bizi düşündürürdü. Buna baxmayaraq, öz işimizi görürdük. Panikaya düşməkdənsə, yaxşı olardı ki, virusa qarşı mübarizə aparaq.  

- Bu virusdan özünüzü necə qoruyursunuz? 

- Həm özüm, həm də ailəm lazımi tədbirləri görməyə çalışırıq.  Başqa insanlar virusdan özünü necə qoruyursa, mən də həmin qaydada qorunuram. Məşqə gedib-gəlirdik, indiki durumda isə hazırlıq olmadığına görə günlük formada qalmağım üçün çalışıram.

- Ölkə çempionatının iki turu təxirə salındı və bu müddətin bir az da uzadıla biləcəyi gözlənilir. Bu "Neftçi"nin çempionluq mübarizəsinə necə təsir edəcək?

- Bilirsiz, vəziyyət elədir ki, hər iki tərəfə də təsir göstərəcək. Buna görə də bizim çempionluq mübarizəmizə təsir edib-etməyəcəyini zamanla görəcəyik. İndidən nəsə deməyə çətinlik çəkirəm.

- İtaliyada çempionatında mövsüm dayandırılarsa, hazırki lider "Yuventus"un çempion elan edilmək variantı var. Azərbaycanda da liqa dayandırılsa, qızıl medalların "Qarabağ"a verilməsini necə qarşılayacaqsız? 

- Bu, İtaliyada qəbulu gündəmdə olan qərardır. Bizdə isə bu məsələ müzakirə olunmadığına görə nəsə danışmağım düzgün çıxmaz.

- Füzuli Məmmədovun baş məşqçi postuna gəlişindən sonra əsas heyətdə daima oynamırsınız. Bunu nə ilə əlaqələndirirsiniz?

- Peşəkar futbolçuyam. Həmişə harada oynamışamsa, istər əsas heyətdə, istərsə də sonradan meydana daxil olduqda var gücümü meydanda qoymuşam. Komandamın qalib gəlməsi üçün sona qədər döyüşmüşəm. Ona görə də nə zaman şans verilirsə, o zaman meydana çıxıb ən yaxşısını etməyə çalışıram. 

- "Neftçi" son turlar yaxşı vəziyyətdə olduğunu nəzərə alsaq və koronavirus məsələsi ortaya çıxmasaydı, "Qarabağ"a çata bilərdiniz?

- Vəziyyət elədir ki, təsir edirsə, hamıya təsir edəcək, etməyəcəksə, heç kəsə təsir etməyəcək. Yəni tək bizə bağlı məsələ deyil. Bu müddətdə mən də, komandadakı digər futbolçular da özlərinə fikir verəcək. Həm çəki, həm də fiziki hazırlıq baxımından deyirəm. Necə olacağı ilə bağlı yaxın günlərdə konkret qərar veriləcək. Gözləyirik. Amma doğurdan komanda olaraq çox yaxşı formada idik. Hesab edirəm ki, çempionat bərpa olunacağı təqdirdə, hazırki durumumuzu koronavirus bitdikdən sonra da davam etdirəcəyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/833889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR