Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi odur ki... - Elçin Mirzəbəyli

Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi odur ki... - Elçin Mirzəbəyli
14:53 20 Mart 2020
100 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib: “Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində koronavirusun yayılmasının qarşısının alınması, ölkə həyatının bütün istiqamətləri və beynəlxalq münasibətlərlə bağlı olduqca mühüm məqamlara toxundu. Təbii ki, bu geniş və əhatəli təbrik nitqində yer alan bütün məqamlara toxunmaq mümkün deyil”.

E.Mirzəbəyli Azərbaycan Prezidentinin təbrik nitqində yer alan iki istiqamətə diqqət çəkərək bildirib: “Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və ölkəmizdə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün ilk günlərdən praktik addımların atılmasına başlanılıb. Bu, şübhəsiz ki, belədir”.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan hökuməti koronavirus təhlükəsi ilə bağlı çağırışa çevik və ardıcıl əməli addımlarla reaksiya verdi, yanvarın 24-də Nazirlər Kabineti yanında 24 saat fəaliyyətdə olan Operativ Qərargah yaradıldı, dövlət qurumlarının virusun yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz addımlar atması və vahid orqanizm kimi fəaliyyət göstərmələri üçün qərarlar qəbul edildi. Dərhal bu qərarların icrasına başlanıldı. Bu qısa müddət ərzində hökumət olduqca mühüm qərarların qəbul edilməsinə və icrasına nail oldu.

E.Mirzəbəylinin fikrincə, koronavirusun yayılmasına zəmin yarada biləcək bütün daxili və xarici amillərin qarşısının alınması istiqamətində addımlar atıldı. Karantin tədbirləri görüldü, virusa yoluxma hallarının tez bir zamanda müəyyənləşdirilməsi üçün ən müasir 4 laboratoriya alındı və onların sayı 10-a çatdırıldı. Bütün uşaq bağçaları, təhsil müəssisələri bağlandı, kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Ölkənin ərzaq təhlükəsiliyinə təhdid yaratmaq və vətəndaşları təşvişə salmaq məqsədi daşıyan bütün təxribat xarakterli addımların qarşısı olduqca çevik bir şəkildə alındı. Bununla yanaşı, milli valyutamızla bağlı təxribat törətməyə çalışan, vətəndaşların dövlətə olan inamına zərbə vurmağa cəhd göstərən daxili və xarici amillər qısa müddət ərzində əməli addımlarla və geniş maarifləndirmə işi sayəsində iflasa uğradıldı. Bəzi ölkələrlə gediş-gəliş məhdudlaşdırıldı, bir çox aviareys ləğv edildi, sərhədlərin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı, xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması üçün carter reyslər açıldı və onların öz Vətənlərinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaradılsı. Azərbaycan bu xəstəliklə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına və qonşu ölkəyə ümumilikdə 10 milyon vəsait ayırdı. Bununla da Azərbaycan dövlətinin qlobal məsuliyyətinin nə qədər yüksək olduğu bir daha ortaya qoyuldu. Bu, həm də dünyanın ayrı-ayrı inkişaf etmiş dövlətlərinin bir-birinə yardım etməkdən imtina etdikləri bir şəraitdə baş verdiyi üçün Azərbaycanın dövlətinin bəşəri və humanist mahiyyətini bir daha təsdiqləmiş oldu. İnfeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalandı. Prezidentin fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Ekspert əlavə edib ki, bütün bunlarla yanaşı, Prezident İlham Əliyev təbrik nitqində xəstəliyə qarşı mübarizəni daha da gücləndirmək və koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksəltmək məqsədilə Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat vəsaitin ayrılacağını da vurğuladı: “Göründüyü kimi, Azərbaycan qısa müddət ərzində həm ölkə daxilində, həm də qlobal miqyasda koronavirusun yayılmasının qarşısının alınması üçün mühüm əməli addımlar atdı və parallel olaraq, Azərbaycana düşmən kəsilən qüvvələrin təxribatlarını zərərsizləşdirdi, həmçinin əhalinin marifləndirilməsi istiqamətində ciddi addımlar atdı”.

“Prezident İlham Əliyev öz nitqində koronavirusla bağlı təxribat törədənlərin beşinci kolon, içimizdə oturan düşmənlər olduğunu vurğuladı. Kimdir içimizdə olan düşmənlər? Əlbətdə ki, xaricdən idarə olunan, milli maraqlarımızı şəxsi, korporativ mənafelərinə qurban verməyə hazır olan, nifrət, aqressiya püskürən satqınlar. Azərbaycan Prezidenti qeyd etdi ki, fövqəladə vəziyyət də elan olunacağı təqdirdə beşinci kolonun nümayəndələrinin təcrid edilməsi tarixi zərurət olacaq və anti-Azərbaycan qüvvələrin, beşinci kolonun, milli satqınların bu vəziyyətdən istifadə edib hansısa təxribat törətməsinə imkan verilməyəcək. Azərbaycan Konstitusiyasının 112-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir. İndiki halda həm epidemiya təhlükəsi, həm də beşinci kolonun ölkədə kütləvi iğtişaş yaratmaq cəhdləri xüsusi rejimin tətbiqinə tamamilə zəmin yaradır. Təbii ki, fövqəladə vəziyyət ən son zəruri addımlardan biridir və hələlik ölkəmizdə belə bir qərar qəbul olunmayıb. Lakin vətəndaşlarımız üçün həyati təhlükə ehtimalının güclənəcəyi təqdirdə ən son zəruri addımların atılması da mümkündür. Azərbaycanın inkişafına qənim kəsilən daxili qrupların və onları himayə edən xarici dairələrin hətta belə həssas, xalqımızın həyati təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir məqamda təxribatlara əl atması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması ilə bağlı atılan addımların nə dərəcədə zəruri olduğunu ortaya qoyur. Prezidentin də qeyd etdiyi kimi yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq”, - deyə ekspert vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/308362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR