[ 25 May 2015 17:31 ]
Bakı – APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA-nın məlumatına görə, M. Əliyeva Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uzun illərdir uğurlu əməkdaşlığın qurulduğunu, bu səfərin əlaqələri daha da möhkəmləndirəcəyini deyib.
Heydər Əliyev Fondunun fəaliyyətində humanitar sahənin prioritet olduğunu bildirən M. Əliyeva birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıb. Azərbaycanın birinci xanımı ölkəmizdə ərzaq təhlükəsizliyinə böyük diqqətlə yanaşıldığını, bu sahədə bir sıra proqramların reallaşdırıldığını söylədi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb.
FAO-nun baş direktoru Jose Qratsiano Da Silva isə artıq ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində də paytaxtımızda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib. Qonaq bildirib ki, rəhbərlik etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.
Jose Qratsiano Da Silva L. Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görüldüyünü bildirərək diplomu M. Əliyevaya təqdim edib. Qonaq L. Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirib.