“Report” xəbər verir ki, İsveçrə Federal İctimai Səhiyyə Administrasiyası ölkədə son sutkada 734 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.
Beləliklə, İsveçrədə qeydə alınmış koronavirus hallarının sayı 24 308-ə çatıb.
Bundan başqa, son bir gündə ölənlərin sayında da artım müşahidə edilib. Belə ki, İsveçrədə koronavirusdan ölənlərin sayı daha 49 nəfər artaraq 805-ə yüksəlib.
Ölkə rəhbərliyi məhdudiyyət tədbirlərini aprelin 26-dək uzatmağı qərar verib. Qadağaların ləğv edilməsi ayın sonundan başlayaraq tədricən baş verəcək. Bu, iki həftəyədək çəkə bilər.
Qeyd edək ki, İsveçrədə koronavirusa ilk yoluxma faktı fevralın 25-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 617 000-i ötüb. Bunların 365 795 nəfəri sağalıb, 96 940 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.