İlham Əliyev Türk dünyasını koronavirusla mübarizədə birləşdirir - TƏHLİL

İlham Əliyev Türk dünyasını koronavirusla mübarizədə birləşdirir - TƏHLİL
20:03 10 Aprel 2020
103 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanda həmrəyliyin yaradılması təcrübəsini Türk Şurasının fövqəladə Zirvə görüşünü keçirməklə beynəlxalq müstəviyə daşıdı.

Dünyanı təsiri altına almış pandemiyaya qalib gəlməyin yeganə yolu həmrəylikdir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar, eləcə də dünyanın bütün ölkələri etiraf edir. Bu, həmrəylik ilk növbədə ölkələrin daxilində, cəmiyyət arasında yaradılmalı, buna paralel olaraq, ölkələrarası münasibətlərdə də davam etdirilməlidir.

Bunun olmamasının acı nəticələri bu gün Avropada özünü göstərir. “Köhnə Qitə” də hökumətlər bu və ya digər səbəbdən öz vətəndaşları arasında həmrəyliyə nail ola bilmədi, yaxud da nəticələr çox gec, virusun ciddi itkilərə yol açmasından sonra əldə edildi. İtaliya, İspaniya, Fransa kimi böyük ölkələrin təcrübəsi və Avropa ölkələrində on minlərlə insanın epidemiyanın qurbanına çevrilməsi kədərli mənzərə yaradıb. Həmrəyliyin olmaması təkcə çoxsaylı qurbanın olması ilə yox, həm də təməli 1951-ci ildə atılmış, dünyanın ən güclü və cazibədar müttəfiqlik platforması kimi qəbul edilən Avropa İttifaqını da dağılmaq təhlükəsi ilə üzə-üzə qoyub. İttifaqa üzv dövlətlərin bir-birinə dəstək verməməsi, birinin digərinə məxsus tibbi ləvazimatları mənimsəməsi və diplomatik böhranla müşahidə olunan qarşıdurmalar Aİ-nin gələcəyini sual altına salır.

Oxford Universitetinin Avropa tarixini araşdıran professor Timoti Qarton-Eşin aprelin 7-də “Der Tagesspiegel” nəşrində yayımlanan məqaləsində yazdığı kimi, “Avropa İttifaqı çətin sınaq qarşısındadır”.

Daha bir fakt. Bu ilin mart ayında İtaliyada keçirilən bir sorğuda italyanların 88 faizi Aİ-nin dəstəyini hiss etmədiyini, 67 faizi isə İttifaq üzvlüyündən heç bir xeyir görmədiklərini deyir. Mümkündür ki, pandemiyadan sonra Aİ-yə üzv ölkələrin bir çoxu “Exit” yolunu tutsun. Bunu qarşıdakı proseslər göstərəcək, mövcud situasiyada isə ortaya çıxan bir həqiqət var: pandemiyadan yalnız həmrəyliyə nail olmuş ölkələr və ittifaqlar sağ çıxacaq.

Pandemiyanın beynəlxalq münasibətlərə də ciddi təsir etdiyi bu mənzərə fonunda Azərbaycan liderinin izlədiyi strategiya önəmlidir.

Epidemiya yayılmağa başlayanda Azərbaycanda bütün önləyici tədbirlər həyata keçirməklə yanaşı, Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Dövlətin epidemiya ilə mübarizə aparmaq üçün kifayət qədər resursu var, lakin dövlət başçısının bu təşəbbüsü cəmiyyətin həmrəyliyinə nail olmaq idi. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva bir illik əmək haqlarını Fonda ianə etməklə müsbət örnək yaratdılar. Nəticədə vətəndaşlar dövlət başçısının təşəbbüsünə qoşuldu və pandemiyaya qarşı birgə mübarizə təşkil edildi.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bu önəmli təcrübəni beynəlxalq müstəviyə daşımaqla iki strateji gediş etdi:

Birincisi, pandemiyanın alt-üst etdiyi beynəlxalq münsibətlərdə ölkələrarası əməkdaşlığın itirilməməsi üçün nümunə və təcrübə formalaşdırdı. Qeyd edək ki, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü;

İkincisi, Azərbaycan üzvü olduğu Türk Şurasını digər ittifaqların üzləşdiyi təhlükədən xilas etdi;

Bu baxımdan, aprelin 10-u gələcək dünyada türkdilli dövlətlər üçün əhəmiyyətli tarix kimi təqvimə düşəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünü üç istiqamət üzrə dəyərləndirmək olar.

1. Azərbaycanın pandemiya ilə mübarizədəki təcrübəsini digər üzv ölkələrlə paylaşmaq təklifi;

2. Həmrəyliyin əldə edilməsi və pandemiyaya qarşı birgə mübarizə;

3. Ölkələr arasında daşımaların və iqtisadi əlaqələrin zərər görməməsi;


Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirak etdiyi fövqəladə Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, əsas məqsəd milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir.

Azərbaycan indiyə qədər koronavirusla mübarizədə effektiv addımlar atıb və bunun müsbət nəticələri ortadadır. Prezident İlham Əliyev türkdilli dövlətlərlə bu təcrübəni mübadilə etməyi təklif edir.

Təcrübə mübadiləsinin aparılması Türk Şurasına üzv ölkələrin həmrəyliyə nail olmasına və pandemiyaya qarşı birgə mübarizə aparmasına zəmin yaradacaq. Beləliklə, Türk Şurası digər ittifaqların qapısını döyən parçalanma, yaxud dağılma təhlükəsi ilə üzləşməyəcək.

Və nəhayət, Azərbaycan koronavirusun dünya ölkələrinin böyük zərbə vurduğu iqtisadiyyatı fonunda Türk Şurasına üzv ölkələrin prosesdən daha az itki ilə çıxması yolunu təqdim edir.

Prezident İlham Əliyev Zirvə görüşündə bildirib ki, ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir”, - dövlət başçısı diqqətə çatdırıb.

Azərbaycan liderinin bu çıxışı Türk Şurasının pandemiya ilə mübarizədə Yol Xəritəsi hesab oluna bilər.

Epidemiyanın yayılmasının qarşısını almaq; qurbanların sayını azaltmaq; iqtisadi əməkdaşlığı qorumaq və sosial-iqtisadi fəsadları yüngülləşdirmək; prosesdən minimum itki ilə çıxmaq;

Bütün bunlara nail olmaq üçün Azərbaycan türk dünyasını koronavirusla mübarizədə birləşdirir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR