Dövlət hər zaman öz vətəndaşının yanındadır - Mehdi Abdullayev

Dövlət hər zaman öz vətəndaşının yanındadır - Mehdi Abdullayev
17:28 12 Aprel 2020
254 Digər
Ölkə mətbuatı
A- A+

Mehdi ABDULLAYEV

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, hüquq elmləri doktoru

Bəşəriyyəti ciddi narahat edən koronavirus epidemiyası dünya miqyasında sürətlə yayılmaqdadır.

Dünyanın əksər ölkələrində getdikcə daha sürətlə yayılan pandemiya can almaqda davam edir. Baş verən hadisələr də təsdiqləyir ki, sərhəd tanımayan koronavirus pandemiyası dünya boyunca yayılaraq faciəvi nəticələrə gətirib çıxarır. Təəssüf ki, bu qorxunc kabus ölkəmizin də başı üzərində dolaşmaqdadır. Bu virus səbəbindən dünyanın müxtəlif ölkələrində olduğu kimi, respublikamızda həyatını itirənlər də var. Ancaq digər ölkələrlə müqayisədə respublikamızda bu yoluxucu xəstəlikdən dünyasını dəyişənlərin sayı xeyli azdır. Bunun əsas səbəbi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, pandemiyanın acı fəsadlarının qarşısını vaxtında almaq üçün bütün imkanardan vaxtında istifadə edilməsidir.

Bu gün ümumbəşəri təhlükəyə çevrilmiş koronavirus pandemiyasının qarşısının alınması qlobal cavab tələb edir. Virusun baş qaldırdığı ilk günlərdən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatlar çaşqın vəziyyətə düşüb və özünəqapanma yolunun seçilməsi, arxayınçılıq öz acı fəsadlarını göstərib. Ölkəmizdə isə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılıb. Yaranmış şəraitə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Prezident cənab İlham Əliyevin sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin mərhələli şəkildə aprelin 20-dək dayandırılması barədə qərar verilib. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib, martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq olunub. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb.

Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Hazırda respublikamızda xüsusi karantin rejimi tətbiq olunur və iki həftədən çoxdur ki, ölkədə əksər iş yerlərinin fəaliyyəti dayandırılıb. İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədər dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi sitiqamətində tədbirlər planı hazırlayıb və hazırda nəzərdə tutulan proqram uğurla həyata keçirilir.

Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır.

Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanda iqtisadi sabitliyin təmin olunması, məşğulluqla bağlı problemlərin həlli, makroiqtisadi və maliyyə vəziyyətinin sabit saxlanılması məqsədilə dövlət başçısınn tapşırığına əsasən 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Buna qədər isə pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üşün dövlət başçısının sərəncamı ilə bir milyarddan artıq vəsait ayrılmışdı. Bütün bunlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, iş yerləri müvəqqəti dayandırılmış müəssisələrdə çalışanların, həmçinin işsiz vətəndaşların rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının aprelin 10-da videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə dövlətimizin başçısı bu barədə daha geniş məlumat verib. Cənab Prezident qeyd edib ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayaraq təsdiqləyib. Həmin tədbirdə diqqətə çatdırılıb ki, koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 min nəfərə yaxın vətəndaş bu vəziyyətdən daha çox əziyyət çəkir.

Dövlət öz vətəndaşlarını heç vaxt darda qoymyıb. Biz indiyədək bir neçə dəfə buna oxşar hadisələrin şahidi olmuşuq. Bu vaxta qədər ölkəmizdə baş verən təbii fəlakətlər - zəlzələlər və daşqınlar zamanı dövlət başçısı dərhal hadisə yerinə gedərək zərərçəkmiş əhali ilə görüşüb, onlara dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirib və verdiyi vədi layiqincə yerinə yetirib. Koronavirus pandemiyasının vurduğu ziyan zamanı da bunun şahidi olduq. Nazirlər Kabinetinin hazırladığı Tədbirlər Planına əsasən, 44 min sahibkarlıq subyektində çalışan 300 min nəfərdən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin, dövlət dəstəyindən 290 min nəfərdən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılması nəzərdə tutulub. Qeydiyyata düşmüş işsizlər üçün artıq birdəfəlik 190 manat ödənilməsinə başlanılıb. Bu vaxta qədər 35 min işsiz bu imkandan yaralanıb.

Nazirlər Kabinetinin Tədbirlər Planında o da nəzərdə tutulub ki, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Bu istiqamətdə digər imtiyazlar da nəzərdə tutulub. Bu tədbirlərin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir.
Bunlarla yanaşı, sosial təcrid tədbirləri nəticəsində, əhali tərəfindən elektrik enerjisi sərfi artıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır.

İşsizlər üçün 190 manat birdəfəlik müavinət ödənilməsi məsələsindən bir qədər ətraflı söhbət açmaq istərdim. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılıb. Bundan əlavə, qeydiyyatdan keçən işsiz vətəndaşlara, onların ailə üzvlərinə yaşayış minimumu məbləği, yəni 190 manat ödənilməsi nəzərdə tutulub. Bu dəstək planı yaranmış vəziyyətdə əhaliyə maddi dəstəyin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Hökumətin qəbul etdiyi dəstək planında nəzərdə tutulur ki, Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 min nəfərə yaxın şəxsə bu ilin aprel-may aylarında yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, tədbirlər planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min nəfər fərdi və mikro sahibkara iş yerlərinin ixtisar edilməməsi məqsədilə maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat, aprel-may aylarında ölkədə 50 min ictimai iş yerinin yaradılması üçün isə 30 milyon manat ayrılıb. Həmin iş yerləri üçün ayda 300 manat olmaqla əmək haqqı ödənilməsi nəzərdə tutulub. Bakı, Gəncə, Sumqayıt və digər şəhər və rayonlarımız üzrə bölgü müəyyənləşdrilib, gələn həftədən etibarən 50 min iş yerinə işçilərin cəlb edilməsi prosesinə başlanılacaq.

Göründüyü kimi, dövlət hər zaman öz vətəndaşının yanındadır. İşsizlər üçün ayrılan vəsaitin bu sahədə yaranmış problemin həllinə kömək edə biləcəyinə əminlik yaradıb. Bütün bunlara baxmayaraq, bəzi qaragüruhçular müxtəlif şayiə və yalanlarla dövlətin həyata keçirdiyi tədbirlərə, o cümlədən görülən işlrə kölgə salmağa çalışırlar. Təbii ki, insanlar arasında çaşqınlıq yaratmaq istəyənlər öz istəklərinə, xəbis niyyətlrinə nail ola bilməyəcəklər. Belə iftira və böhtanlar iqtidar-xalq birliyinə təsir edə bilməz. Çünki xalq öz Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR