BŞTİ tərəfindən təşkil olunan rəsm müsabiqəsi onlayn qaydada keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan rəsm müsabiqəsi onlayn qaydada keçirilir.

“Böyük zəfərin başlanğıcı” mövzusuna həsr olunmuş müsabiqəyə 1500-ə qədər rəsm işi təqdim olunub.

Müsabiqə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında təşkil olunub.

Mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

İki mərhələdən (rayon, şəhər) ibarət müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaş kateqoriyası) keçirilib. Müsabiqənin rayon mərhələsində hər kateqoriya üzrə 2 nəfər olmaqla, ümumilikdə 6 iştirakçı, şəhər mərhələsində isə hər kateqoriya üzrə 3 nəfər olmaqla, ümumilikdə 9 iştirakçı (3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yer) qalib seçiləcək.

Yekun mərhələdə hər kateqoriya üzrə fərqlənən 5 iştirakçı, ümumilikdə 15 nəfər Tərifnamə ilə təltif ediləcək. Yekunda qalib seçilmiş rəsm işlərinin orijinalının təqdim olunması tələb edilə bilər. Rəsm işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR