Cənub bölgəsində koronavirus xəstələrini müalicə edən həkim:

Dünyada koronavirusla mübarizə aparan minlərlə səhiyyə işçisi var. Onlar gecə-gündüz demədən günlərlə, dünyanın üzərinə qara kabus kimi çökən bu bəlanın qurbanlarını xilas etmək üçün əllərindən gələni əsirgəmirlər.

Ailələrindən, sevdiklərindən uzaq düşən "ağ mələklər" virusa yoluxacaqları ehtimalını bilsələr də öz peşə borclarını layiqli səviyyədə yerinə yetirirlər.

Gənc həkim həkim-terapevt Cəmil İbadullayev də görünməyən qəhrəmanlardandır. Metbuat.az-a özəl müsahibə verən qəhrəmanımız deyir ki, Cənub bölgəsində koronavirusa qarşı mübarizədə digər həmkarları ilə çiyin-çiyinə savaşmaq onun üçün şərəfdir.

''Həkim olmaq özü bir şərəfdir. Biz bütün dünyanı ağuşuna alan pandemiya ilə mübarizədə ön sırada olan həkimlərdənik. Görünməyən qəhrəman olmaq daha da şərəflidir. Çünki virusa yoluxmuş xəstənin ailəsindən, sevdiklərindən uzaqda yalnız bizim münasibətimizə, qayğımıza ən əsası da müalicəmizə ehtiyacı var. Həkim briqadamız adından deyə bilərəm ki, hər kər qorxmadan, çəkinmədən xəstələrə yardım edir. Onları müayinə və müalicəsi ilə məşğul olurlar."

İki uşaq atası olan gənc həkim hazırda Astara rayon Mərkəzi Xəstəxanasında həkim terapevt olaraq COVİD-19 a yoluxmuş xəstələri müalicəsində peşə borcunu yerinə yetirir. Cəmil İbadullayev deyir ki, sevdiklərindən uzaq qalmaq, onlara sarılmaq hissi insanı bu müddətdə incidən yeganə hissdir.


''Mən artıq 25 gündür ki, ailəmi, övladlarımı görə bilmirəm. Həqiqətən də televizorda o göstərilənləri mən canlı yaşayıram. Düzdür dövlətimiz bizim qayğımıza qalır amma yaxınlarımdan uzaq qalmaq hissi insana çox əzab verir. Çalışın hər kəs virusdan qorunmaq qaydalarına riayət etsin. Çünki biz yalnız sizlərin o qaydalara əməl edəcəyi təqdirdə evlərimizə gedə bilərik.''

İstər sosial şəbəkələrdə istərsə də adi real həyatda virusun varlığına inanmayan, bunu bir oyun adlandıran kifayət qədər insan var. Cəmil həkimin onlara mesajı var.

''Şəxsən xəstəlik yoxdu və ya kiminsə qohumu tanışı bu virusa yoluxmuşsa adını yazsın" - deyənlərə demək istəyirəm ki, şəxsən mənim tanıdığım yaxınlarım var ki, bu xəstəlikdən müalicə alırlar. Karantin rejiminə əməl etmək mütləq lazımdır. Düzdür anlayıram bəzi səbəblərə görə karantin rejimini pozmağa cəhd edənlər də var. Amma daha az təmas bu xəstəliyin ölkəmizdə bitməsinə səbəb olacaq. Ona görə də maksimum dərəcədə qaydalara əməl olunmalıdır. Ən əsası da şəxsi gigiyenaya. Əlləri tez tez yumaq,dezinfeksiya edici məhsullar ilə təmizləmək lazımdır. Bütün qaydalara əməl olunarsa Azərbaycan bu sınaqdan üzü ağ çıxacaq. Şəxsən mən buna inanıram''

Hal-hazırda Cənub bölgəsində koronavirusa yoluxmuş xəstələrin vəziyyəti necədir?

''Cənub regionunda Covid-19 xəstələrinin ümumi vəziyyəti normaldır. Bizim briqadaya ezam olunmuş bütün xəstələrə yüksək səviyyədə qayğı göstərilir. Artıq bir neçəsi sağalıb evlərinə yola salınıb. Dövlətimizin zamanında qabaqlayıcı tədbirlər görməsi nəticəsində bu gün koronavirus Azərbaycanda nəzarət altındadır. Artıq son günlərdə virusdan sağalanların sayı ilə yoluxanların sayı arasında fərq var. Bu da görülən işlərin nə qədər effektli olduğuna əyani sübutdur. Mən birdaha hər kəsi karantin qaydalarına əməl edib virusla mübarizədə həmrəy olmağa səsləyirəm.''

Növbəti görünməyən qəhrəmanımız Lənkəran Rayonlararası Ağ Ciyər xəstəxanasının ftizatrı Elmar Abdullayevdir. O da, digər həmkarları ilə düz 25 gündür ki, Covid-19 ilə mübarizədə ön cəbhədədir. 43 yaşlı bir övlad atası olan Elmar həkim deyir ki, bu durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.

''Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər. Virusla amansız mübarizə aparırıq. Kiçik bir ehtiyatsızlığımız xəstənin halının dəyişməsinə gətirib çıxara bilər. Həm də virus bizə keçməsin deyə, atacağımız addımları belə ehtiyatla və dəqiq edirik. Hər kəs ailəsini və özünü düşünür, amma biz vətənə və millətə qulluq etməyi düşünüb bu yolu seçdik.Təsəvvür edin ki, 8 -12 saatlıq müddətdə su içmirik və yemək yemirik, havakeçirməz kombinzonun içində oluruq. Amma, nəyin bahasına olursa-olsun, bütün çətinlikləri adlayacağıq".

''Koronavirus digər viruslardan fərqli olaraq daha tez yayılma və yoluxdurma gücünə malikdir. Ancaq bu virusa kimin immun sisteminin necə reaksiya verəcəyi bilinmir. Kimisi xəstəliyi sadə qrip kimi keçirə bilər, kimisi ağciyər çatışmazlığından ölə bilər.'' Bu fikirləri isə Metbuat.az saytında müsahibəsində həkim ftiziatr Elmar Məmmədov dedi.

''Bütün dünya artıq bu xəstəlikdən sonra hər şeyin dəyişəcəyinə inanır. İnsanlar gigiyena qaydalarına daha çox diqqət edəcək. Hər halda bir-birləri ilə əl verib göürşməyəcəklər. Bu pandemiya birdən-birə yoxa çıxmayacaq.Bu virusun mutasiyaları hər il bizi müxtəlif xəstəliklərlə qarşı-qarşıya qoyacaq. Bundan sonra da insanların karantin və izolyasiya qaydalarına riayət etməsini, xəstə olub-olmamalarından aslı olmayaraq, sosial məsafəni qorumağı, cəmiyyət arasında maska taxmalarını məsləhət görürəm. Çünki hələ tam virusa yoluxduğunu hiss etməyən insan da ətrafdakıları virusa yoluxdura bilər. Bu mübarizədə səhiyyə sisteminin, tibb işçilərinin xəstəlik qarşısında zəif düşməməsi insanlardan aslıdır.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR