Azərbaycan İlham Əliyevin sayəsində regionda öz liderliyini qoruyub saxladı - Millət vəkili

Azərbaycan İlham Əliyevin sayəsində regionda öz liderliyini qoruyub saxladı - Millət vəkili
11:43 18 Aprel 2020
230 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə tədbirləri aparılır. Dövlətin bütün resursları bu mübarizəyə səfərbər olunub. Məhz bunun göstəricisidir ki, koronavirusun təsirlərini minimumda saxlamışıq. Azərbaycanın gördüyü tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən Türk Şurasının video-konfransında yüksək qiymətləndirildi”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

A.Badamov xatırladıb ki, ölkə başçısı lap əvvəldən pandemiya qarşısında iki amil arasında seçim etməli olduğumuzu qeyd etmişdi: “Birincisi, iqtisadiyyatın qorunması, ikincisi isə iqtisadiyyata müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə xüsusi karantin rejiminin elan edilməsi idi. Biz ikinci variant üzərində dayandıq. Çünki bizim üçün ən prioritet məsələ insanların sağlamlığının qorunmasıdır. Cənab president bu istiqamətdə öz tapşırıqlarını verdi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Karantin rejimi yavaş-yavaş ciddiləşdirildi və artıq xüsusi karantin rejimi tətbiq edilməkdədir. Bu da bir çox sahələrdə məhdudiyyətlərə və fəaliyyətlərin dayandırılmasına gətirib çıxardı. İqtisadi fəallıq azaldı, bir çox sahələrdə işlər dayandırıldı və insanların sosial vəziyyətinə mənfi təsir göstərdi. Ölkə başçısı bu mənfi təsirləri minimum endirmək üçün hərəkətə keçdi. Azərbaycan dövləti insanların sosial həyatına təsir edən amillərə dəstək nümayiş etdirməyə başladı. Prezident əvvəldən bəyan etdi ki, iş yerlərində qətiyyən ixtisarlar aparılmamalıdır. Hətta bunun üçün dövlət dəstəyinin göstəriləcəyi də açıqlandı. Nazirlər Kabinetinə tapşırıq verildi ki, xüsusi işçi qrupları yaradılsın, iqtisadi fəallığın qorunması və insanların sosial rifahının qorunub saxlanmasına qarşı mübarizə aparılsın. Burada 4 istiqamət müəyyən olundu ki, onlardan biri də məşğulluq və sosial rifahla bağlıdır”.

Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə xüsusi tədbirlər planının nəzərdən keçirilməsi o demək idi ki, vətəndaşların sosial rifahı və sağlamlığı ölkə rəhbərliyinin qarşısında dayanan bir nömrəli vəzifədir: “Bu istiqamətdə tədbirlərin görülməsi vacib hesab edildi. Vətəndaşların məşğulluğunun təmin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlandı. Bu plan da özündə 4 tədbir və 10 proqramı ehtiva edir. Bu plana 3 milyard manata yaxın vəsaitin istiqamətləndirilməsi nəzərdə tutuldu. Əvvəl 1 milyard ayrılmışdı, əhatə dairəsi genişləndikcə bu məbləğ 3 milyarda qalxdı. Bu dövlət proqramı 2,5 milyon nəfərdən çox insanı əhatə edir. Buraya dövlət sektorunda işləyən insanların əmək haqlarının ödənilməsi daxildir. Yəni bu, 10 minə yaxın insanın işləmədiyi halda əmək haqqının verilməsi deməkdir. 300 mindən çox qeyri-dövlət sektorunda işləyən vətəndaşın əmək haqlarına dövlətin dəstək göstərməsi, işsizlərin əhatə dairəsinin genişləndirilməsi və əvvəl 200 min nəfərə verilən birdəfəlik 190 manatlıq müavinətlərin 600 min nəfərə qaldırılması, 100 min nəfərin işsizlik sığortasının vaxtının bitməsinə baxmayaraq, müavinətlərin kəsilməməsi də bu proqramın tərkib hissəsidir. Bundan başqa, işsiz təbəqəyə verilməsi nəzərdə tutulan 190 manatlıq yardımın təkcə aprel ayı üçün deyil, may ayı üçün də tətbiq ediləcəyi əlavə nüanslardan biridir. Çünki karantin rejiminin uzadılması buna zərurət yaratdı.

Yəni sosial rifah və məşğulluğa istiqamətlənmiş tədbirlərin əhatə dairəsi çox genişdir və bu da dövlət resursları hesabına aparılır. Koronavirus pandemiyasının mənfi təsir göstərmədiyi ölkə yoxdur. Dünyanın aparıcı maliyyə qurumları qeyd edir ki, pandemiyanın mənfi təsiri 2008-2009-cu ildə baş vermiş iqtisadi böhrandan da ağır fəsadlar törədəcək. Amma Azərbaycanın gördüyü bu qabaqlayıcı tədbirlər bizə bu faciədən minimum itki ilə çıxmağa şərait yaradacaq. Ümumilikdə, bu tədbirlərin hamısı çox müsbət qarşılanır və Azərbaycan gördüyü tədbirlərin əhatə dairəsi və effektivliyinə görə regionda liderliyini qoruyub saxlayır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR