Çingiz Qənizadə: "Buna görə cənab Prezidentə yalnız təşəkkür və alqış düşür"

Çingiz Qənizadə: "Buna görə cənab Prezidentə yalnız təşəkkür və alqış düşür"
18:13 18 Aprel 2020
325 Digər
Ölkə mətbuatı
A- A+

"Ölkəmiz pandemiyaya qarşı mübarizə aparan dövlətlər arasında ən yaxşı işi sərgiləyir. Azərbaycan pandemiyadan zərər çəkən və xəstələnən vətəndaşlara ən yaxşı xidmət edən dövlətlərdən biridir".

Bu fikirləri Publika.az-a müsahibəsində hüquq müdafiəçisi, ictimai-siyasi xadim Çingiz Qənizadə səsləndirib.

Müsahibəni təqdim edirik:

- Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı elan etdiyi qabaqlayıcı tədbirlər planını necə qiymətləndirirsiniz?

- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, Azərbaycan pandemiyaya qarşı mübarizə aparan dövlətlər sırasında ən öndə gedənlərdən biridir. Bu mübarizədə bir Azərbaycan modeli kəşf olunub. Yaxın keçmişdəki müsahibələrimdən birində də dediyim kimi, necə ki, ASAN Xidmət bir Azərbaycan modelidir. Eləcə də, pandemiyaya qarşı mübarizədə də milli model yaradılıb. Pandemiyanın yayıldığı ilk günlərdən möhtərəm prezident və birinci vitse-prezidentin bu işə nə qədər ciddi yanaşdığının şahidi olduq. Bu sahədə mübarizə aparmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və ondan sonra 4 işçi qrupu fəaliyyətə başladı. Bundan başqa, tez-tez nazirlərin toplantısı keçirilir, iqtisadi, sosial, səhiyyə ilə bağlı problemlərin həlli və analizi aparılır. Burada bir şeyi də qeyd etmək istəyirəm ki, karantində saxlanılan şəxlərin 5 ulduzlu, ən lüks hotellərdə yerləşdirilməsi Azərbaycanda baş tutdu və deyərdim ki, bu çərçivədə dünyada ikinci belə təşəbbüs yoxdur. Bu səbəblərdən, ölkədə pandemiyaya qarşı aparılan mübarizə müsbət dəyərləndirilir və dəyərləndirilməlidir.

- Əhalinin sosial rifahınınn yaxşılaşdırılması və məşğulluğun daimiliyini təmin etmək üçün elan olunan dövlət proqramlarının hansı effektlər verəcəyini gözləyirsiniz?

- İlkin olaraq pandemiyadan zərər çəkən iqtisadi sferanın – buraya sahibkarlar, istehsal müəssisələri, iş adamları və sair daxildir – zərərdən qorunmsı üçün 2,5 milyard manata yaxın vəsait ayrıldı. Cənab prezident tərəfindən insanların sağlamlığının təmin olunması məqsədilə 1 milyardlıq büdcə ayrıldı. Daha sonra İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqı mübarizə fonduna ianələr etməyə başladı. Ötən gün dövlət başçısı tərəfindən birdəfəlik müavinət verilməsi nəzərdə tutulan vətəndaş sayının 200 mindən 600 minə qaldırılması ilə bağlı verilən göstəriş onu göstərdi ki, dövlət vətəndaşların sosial rifahının yaxşılaşmasına diqqətini əsirgəmir. İşsizlərin, tələbələrin, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün atılan addımlar Prezidentin siyasətinin qayəsində Azərbaycan xalqının olduğunu göstərir. Buna görə cənab Prezidentə yalnız təşəkkür və alqış düşür.

- Türk Şurasının İlham Əliyevin rəhbərliyi ilə fövqəladə zirvə görüşü baş tutdu. Video-konfrans formatında baş tutan bu görüş pandemiya dövründə həyata keçirilən bir ilk idi. Böyük türk dövlətlərinin başçılarının bir araya gətirilməsi Azərbaycanın təşəbbüsü olduğu üçün dünyanın diqqətini çəkdik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da təşəbbüsü qiymətli adlandırdı. Bu barədə nə düşünürsünüz?

- Bu formatda görüşün baş tutması Azərbaycan prezidentinin beynəlxalq səviyyədə liderliyini nümayiş etdirdi. Tədbirin ən əhəmiyyətli məqamlarından biri Türk Şurasına üzv dövlətlərin koronavirusla mübarizə çərçivəsində bir-birinə yardımı, dəstəyinin elan edilməsi idi. Belə hesab edirəm ki, bu konfrans Azərbaycan Respublikasının qlobal bəlaya qarşı sərgilədiyi mübarizənin böyük bir hissəsi oldu. Bu formatda zirvənin baş tutmasına əsaslanaraq deyə bilərik ki, prezidentimiz nəinki Azərbaycan vətəndaşlarına, bütün türk dünyasının təhlükəsizliyinə əhəmiyyət verir, öz narahatlığını dilə gətirir. Konfransın müsbət nəticələrini artıq hiss edirik və yaxın zamanlarda daha ciddi şəkildə hiss edəcəyik. Bundan başqa, Türk Şurası üzvlərinin həmrəyliyi, bir-birinə arxa durması, bir türk dövlətinin qardaşlarının probleminə ortaq olması son konfransda bütün dünyaya da nümayiş etdirildi.

- Pandemiyaya qarşı dövlət strukturlarının fəaliyyətini necə dəyərləndirirsiniz və sizin üçün pandemiya dövrünün qəhrəmanları kimlərdir?

- Təbii ki, mübarizə hərəkatının başında cənab Prezident və Birinci vitse-prezident dayanır. Onların birgə fəaliyyəti nəticəsində görülən işləri başqa dövlətlərdəki vəziyyətlə müqayisə edəndə Allaha şükürlər edirik. Daha sonra tibb işçilərimiz və polislərimizin əzmkar əməyinin şahidi oluruq. Doğrudur, pandemiya qapımızı birdən-birə döydü və bəzi ləngimələr oldu. Qısa zaman ərzində operativlik təmin oluna bilmədi. Amma bu da təbii haldır. Bu gün inkişaf etmiş dövlətlərin vəziyyətinə baxanda bizim nə qədər irəlidə olduğumuz aydın şəkildə görünür. Bir çox ölkədə operativ mübarizəyə hələ heç başlanmayıb. Bu baxımdan, mən öz dövlət orqanlarımızın işini müsbət dəyərləndirirəm. Bu mübarizənin qəhrəmanları səhiyyəmizi və təhlükəsizliyimizi qoruyanlardır. Biz “Evdə Qal” kampaniyasına əməl etməyəndə polislərimizə, özümüzü qorumayıb xəstələnəndə həkimlərimizə yük oluruq, onların işini artırırıq.

- Pandemiyanın yaratdığı çətin şəraitdə yardımsevərliyi ilə seçilən onlarla vətəndaşımız var. Onların fəaliyyətini necə dəyərləndirirsiniz?

- Vətəndaş olaraq bütün prosesləri izləyirik və görürük ki, fərdlər, şirkətlər, ayrı-ayrı şəxslər öz gücü hesabına aztəminatlı insanlara maddi və mənəvi dəstək olurlar. Bu cür addım atanlar alqışa layiqdirlər. İmkanı olan hər kəs bu prosesə qoşulmalıdır. Eldə-obada köməyə ehtiyacı olanlara əl uzadılmalıdır. Amma mən bir şeyi istəyirəm ki, bu yardımlar reklam xatirinə olmamalıdır. Bir-birinin bəhsinə girib yardım etmək halal deyil. Yardıma möhtac insanların aciz çöhrəsi qarşısında qəhrəmancasına dayanıb şəkil çəkdirmək yardımsevərlik deyil. Allah da buyurur ki, sən yaxşılığını et, balıq da bilməsə, xaliq biləcək. Bu prosesə ürəkdən, səmimiyyətlə qoşulan hər kəsə isə sadəcə təşəkkür düşür.

Zümrüd Kərimova


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR