Torpağı qısqanan qadın -

Bir qadının simasında eyni anda neçə duyğu, hiss özünü əks elətdirə bilər? Onun sevinci nə zaman kədərə, qüruru nə zaman qısqanclığa çevrilə bilər?

Siz heç torpağı qısqanan qadın görübsünüz? Mən görmüşəm. Bütün suallarıma o qadının gözlərində cavab tapdım mən. Təbii ki, buna cavab demək olarsa. O gözlərə bir saniyədən artıq baxmaq mümkün deyil, biləsiniz. Güc istər o gözlərə baxmaq. Dözüm istər, səbir istər. Bunu da bilin ki, bir saniyədə gördüklərinizi bir ömür boyu unutmayacaqsınız.

Kədərlə sevinci eyni anda yaşayan qadında bu günə qədər kimsədə görmədiyim, hiss etmədiyim bir duyğunu da tanıdım. Mən buna qısqanclıq dedim, bəlkə də yanıldım. Siz nə deyərsiniz, bax onu bilmərəm.

Ağlamaqdan yaşı quruyan gözlərinə qısqanclıq dolmuşdu. Nə malı, nə mülkü, nə şöhrəti, sadəcə torpağı qısqanırdı qadın.

Bir zamanlar ana ikən, indi bağban olmuşdu. Böyüdüb qollu-budaqlı ağac edəcəyi o toxum əbədi olaraq torpağın altına həbs edilmişdi. Usanmadan hər gün, hər gecə göz yaşları ilə sulayardı onu. Torpaqdan süzülüb keçərək… Əllərini günəş etmişdi ona. Sığallayardı, ovucundan istilik verərdi. Amma yenə də torpağın üzərindən...

Toxumla bağbanın arasında durmuşdu torpaq. Onları birləşdirən tək vasitə, həm də ayıran idi torpaq.

Bəs torpaq nə düşünürdü görən? Məmnunmuydu halından? Necə məmnun olmasın? Qəhrəmanı yatızdırır qoynunda.

Bəs sən, torpaq, baxa bilirsənmi qadının sənlə dolan gözlərinə? Sən olubsan o gözlər.

İndi yalnız qırmızı gülləri sevirdi qadın. Harada bir qırmızı gül görsə ona toxunmadan yan keçməzdi. İnanırdı ki, o güllər al rəngini oğlunun şəhid qanından alıb.

Tək həmdəmi yağış idi. Bir tək onda gülürdü gözləri. Yağışa “elçi” deyirdi. Sanki yağış ona oğlundan xəbər gətirirdi. Hər yağış yağanda çölə qaçar, torpağa uzanıb ona zillənən qəribə baxışlara deyərdi: “Siz yağmurdan sonra torpaq qoxusunu sevərsiniz, mən balamın qoxusunu”.

Qadın torpağa həsəd aparırdı. “Eh!.. Necə də sarılıbsan balama. Bağrımdan qoparıb alıbsan qoynuna”.

Qarğıyarkən torpağı qəflətən duruxdu qadın. Dizləri üstə çöküb sanki torpağa yalvarırcasına dedi: “Barı yaxşı bax oğluma. Buz təkindir indi əlləri. Sevməz ki, o, soyuğu. Madam ki, çəkib aldın əllərimin arasından, sən sarıl ona.

Hə, bir də, hər şeyə can verən sən niyə məndən can aldın?”

Sahilə Musayeva


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR