Masazırda "əl yumağa" su tapılmır -

Havaların artıq isti keçməsi ilə əlaqədar insanların suya olan tələbatının artmasına baxmayaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi küçələrində üç gündən çoxdur ki, sakinlərə su verilmir.

Metbuat.az-a müraciət edən sakinlərin sözlərinə görə, qəsəbənin Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Qasım bəy Zakir adına küçələrində 3 gündən çoxdur ki, su yoxdur.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə dəfələrlə əlaqə yaradıb problemin səbəbini öyrənmək istəsək də o, telefonumuza cavab vermədi.

Abşeron rayon su kanal idarəsi ilə əlaqə saxlasaq da, bu cəhdimiz də baş tutmadı.

“Azərsu” ASC-nin onlayn müraciət bölməsinə etdiyimiz şikayətə cavab olaraq bildirdilər ki, əlaqədar qurum məsələnin həllinə çalışacaq.

Ümidvarıq ki, yaxın zamanlarda sözügedən problem həllini tapacaq. Nəzərə alsaq ki, sinoptiklər qarşıdakı günlərdə havanın daha da isti olacağını proqnoz verirlər, bu baxımdan susuz qalan Masazır camaatının problemi əlaqədar qurumların diqqət mərkəzində olmalıdır.

Problem ilə əlaqədar “Azərsu” ASC-nin mövqeyini işıqlandırmağa hazırıq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR