Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib

Bu ilin sentyabr ayında Azərbaycan üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barel olub ki, bu da avqust ayı ilə müqayisədə 15,6 min barel və ya 2,3%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 101,5 min barel və ya 13,4% azdır.

Energetika Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bunun 585 min barelini xam neft, 68,5 min barelini isə kondensat təşkil edib. Xam neftin 460 min bareli "Azəri-Çıraq-Günəşli", 125 min bareli isə SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.

"OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

Qeyd edək ki, 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR