Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir

Məlum olduğu kimi, şanlı Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə növbəti hərbi təxribatına sarsıdıcı əks-hücumla qarşılıq verərək əzəli yurd yerimizi – Qarabağımızı düşməndən azad edir. Müzəffər Ordumuz artıq Cəbrayıl şəhəri də daxil olmaqla onlarla yaşayış məntəqəsini və strateji yüksəklikləri işğaldan azad edərək üçrəngli bayrağımızı tarixi torpaqlarımızda dalğalandırır.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən qəhrəman Ordumuzun Vətən müharibəsindəki zəfərinə dəstək və hər qarışı tarix danışan Qarabağın zəngin mədəni mirasının təbliği məqsədilə müxtəlif layihələr həyata keçilir. Nazirliyin bu istiqamətdə yeni layihələrindən biri də “Qarabağnamə”dir. “Yalnız ərazi bütövlüyü yox, kimlik bütövlüyü” şüarı ilə hazırlanan layihə Azərbaycan insanının gözü ilə Qarabağa yeni pəncərə açır.

Qeyd edək ki, XIX əsrdə maarifpərvər tarixçilərimiz tərəfindən Azərbaycanın Qarabağ xanlığının (1747-1822) siyasi, iqtisadi və mədəni həyatını öyrənən 10 “Qarabağnamə” yazılıb. Bu məxəzlərdə yer alan bölgənin tarixi-mədəni və ictimai-siyasi mühiti ilə bağlı faktlar Qarabağı Azərbaycandan qoparmağa çalışan bədnam qonşularımıza tutarlı cavabdır.

Mədəniyyət Nazirliyinin yeni layihəsini də yeni kiçik “Qarabağnamə”lər kimi xarakterizə etmək olar. Burada Azərbaycanın Qarabağ bölgəsinin yaşayış məntəqələrindən müxtəlif yaşlarda və fərqli peşə sahibləri olan insanlar özlərinin və valideynlərinin xatirələrindəki Qarabağı qısa videoçarxlar vasitəsilə izləyicilərə təqdim edirlər.

Videoçarxlara eyni zamanda BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri haqqında Azərbaycan və ingilis dillərində məlumat da əlavə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR