Qarabağdan Ermənistana daşınan silah-sursatla bağlı

Son bir ayda təkcə Syunik-Ararat bölgələrinin polis şöbələrinin, xüsusən də yol polisinin intensiv xidmətləri nəticəsində külli miqdarda silah-sursat aşkarlanıb. Ayrı-ayrı faktlar üzrə yol polisinin yaydığı məlumatlara əsasən, aşkarlanan qanunsuz silahlar erməniləri tərəfindən Qarabağdan Ermənistana daşınırmış.

Metbuat.az azvision.az-a istinadən erməni mediasının həyəcan təbili çaldığı silah daşınması ilə bağlı bəzi statistikaları təqdim edir:

Belə ki, oktyabrın 10-da Ararat bölgəsində 36 yaşlı Arsen G. adlı şəxs və 62 yaşlı Valeri H.-dan avtomatla yanaşı xeyli sayda güllə və digər döyüş sursatları götürülüb. Elə həmin gün, yol polisinin 2-ci taborunun zabitləri Eçmiədzinin Yerjan-Meğri magistral yolunun 102-ci kilometrində yerləşən nəzarət-buraxılış məntəqəsində bir neçə qanunsuz silah və sursat aşkarlayıblar. 39 yaşlı Rafael M.-nin idarə etdiyi “Jeep” markalı avtomobildə silahlar aşkarlanıb.

Bundan başqa, polis bölməsinə gətirilən Rafael M. adlı erməni vətəndaş idarəyə pulemyot, tüfəng və digər sursatları təqdim edib. Maraqlıdır ki, saxlanılan şəxslər bütün bu silah-sursatları Qarabağ ərazisindən tapdıqlarını bildiriblər. Həmin gün polisin keçirdiyi əməliyyat nəticəsində daha bir nəfər saxlanılıb.Xeyli sayda silah və sursat aşkarlandığı Yerjan-Meğri magistral yolundakı nəzarət məntəqəsində 52 yaşlı Artur Amirjanyandan da qanunsuz silah tapılıb. Onun idarə etdiyi VAZ 2107 markalı avtomobilin salonunda gizlədilmiş silah götürülüb.


Eyni məkanda, Arağatsot bölgəsinin sakini olan 32 yaşlı Vəhram B.-də yol polisindən qaça bilməyib. O da gizli şəkildə silah və sursat keçirməyə cəhd edib. Qarabağdan daşınan silahlarla bağlı başqa bir fakt həmin bölgənin sakini, 27 yaşlı Seryoja B. ilə bağlıdır. Seryojadan götürülən silahların döyüş bölgəsindən gətirildiyi müəyyənləşib.

Ertəsi gün yol polisi eyni məkanda başqa bir avtomobildən güllələr, "Kalaşnikov" avtomatı, xeyli sayda döyüşə yararlı güllə daraqları aşkarlayıb. Ararat sakini 47 yaşlı Lernik Ş.-nin “Nissan” markalı avtomobilinə baxış keçirilən zaman onun döyüş bölgəsindən qanunsuz silah daşıdığı məlum olub.

Oktyabrın 12-də Ararat Polis Şöbəsinin əməkdaşları, yol polisinin zabitləri ilə birgə 62 yaşlı Kamo S.-nin “Mitsubishi Pajero” markalı avtomobilinin yük yerindən Qarabağdakı hərbi hissəyə aid silah-sursat tapıblar.


Həmin gün Artaşat Polis Şöbəsinin işçiləri və yol polisinin əməkdaşları əməliyyat keçirərək Lanjazat kəndində gizlədilmiş silah aşkarlayıblar. "AKM" markalı avtomat və çoxlu sayda güllə 54 yaşlı Yuri V. adlı yerli sakindən götürülüb.

Digər məlumata görə, yol polisinin 2-ci zabit taborunun 6-cı tağımının zabitləri, Sisian, Gorus, Yegegnadzor və Vayk polis bölmələrinin zabitləri ilə birlikdə ayrı-ayrı vaxtlarda adları açıqlanmayan şəxslərdən külli miqdarda silah, döyüş sursatı və müxtəlif hərbi avadanlıqlar aşkarlayıblar.


Ermənistanda aşkar edilən silah-sursatların hamısının Qarabağdan gizli yolla çıxarıldığı müəyyən edilib. Yol polisi vətəndaşlara müraciət edərək bildirib ki, Dağlıq Qarabağdan qayıdan ermənilər əllərində olan silahlarını hüquq-mühafizə orqanlarına təhvil verməlidir.

"Bu günlərdə Azərbaycan Ordusuna qarşı döyüşmək üçün bir güllə belə böyük qənimətdir" - deyə yol polisi acizanə şəkildə ermənilərdən xahiş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR