Prezidentə yazırlar: "Qələbə həm də Azərbaycan xalqının özünəinamını və qalibiyyət hissini bərpa etdi"

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

Metbuat.az Prezidentin saytına istinadən həmin məktubların bəzilərini təqdim edir.

Aytəkin Musayevadan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən haqlı davamızda qazandığımız möhtəşəm Qələbə münasibəti ilə Sizi və qüdrətli Ordumuzu təbrik edirəm. Hərbi və siyasi sahədə əldə etdiyiniz möhtəşəm Qələbədən, hər bir azərbaycanlı kimi mən də qürur hissi duyaraq Sizə minnətdarlıq edirəm. Bu gün uğurlu siyasətinizin, çətin və şərəfli işinizin bəhrəsini həm də azad olunmuş ərazilərimizdə sürətlə gedən bərpa işlərində görürük. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa, Sizə və ailənizə can sağlığı diləyirəm.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qüdrətli Ordumuz! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Musayeva Aytəkin Afər qızı.

Azərbaycan Respublikası, Qax rayonu.

XXX

Ömər Əliyevdən, Quba, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Mən Sizi çox sevirəm, hər gün Sizi televiziyada izlədikcə qürur duyuram, çıxışlarınıza fəxrlə baxıram.

Otuz ildir ermənilərin tapdağı altında olan torpaqlarımız Siz və Ordumuzun sayəsində azad edildi. Sizin çıxışlarınız xalqımızı sevindirdi, düşmənə yerini göstərdi.

Mənim 8 yaşım var. Uşaq olsam da, Sizin dediklərinizi heç vaxt unutmayacağam və daim Vətənimə xidmət edəcəyəm.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyev Ömər İlkin oğlu.

Azərbaycan Respublikası, Quba rayonu.

XXX

Mayıl Alıcanovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Qarabağ torpaqlarını erməni faşistlərindən tam azad etdiyinizə və Qələbə sevincini bizə yaşatdığınıza görə bütün şamaxılılar adından Sizə dərin minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik.

Bu Qələbə şəxsən Sizin siyasi iradənizin, yürütdüyünüz daxili və xarici siyasətin uğurlu nəticəsidir. Siz erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə bütün dünya azərbaycanlılarına sevinc yaşatdınız, qürurumuzu, milli mənliyimizi özümüzə qaytardınız, xalqımızın məğlubedilməzliyini bir daha dünyaya göstərdiniz.

Azərbaycan Respublikasının Prezidenti kimi şəxsən Sizin və Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizdə şərəf və qürur mənbəyimiz, müstəqilliyimizin rəmzi olan Bayrağımızı ucaltmaqla dövlətimizin ərazi bütövlüyünü və suverenliyini, xalqımızın mənəvi birliyini, yenilməzliyini və əbədiliyini bir daha sübuta yetirdiniz.

Bu böyük Qələbəni və sevinci bizə yaşatdığınız üçün Sizə minnətdarıq.

Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Alıcanov Mayıl, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Şamaxı rayonu.

XXX

Məhəmməd Zeynalovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti, Sizin müdrik rəhbərliyiniz sayəsində qazanılan bu möhtəşəm Qələbə münasibətilə Zati-alinizi və xalqımızı ürəkdən təbrik edirəm.

44 gün davam edən Vətən müharibəsində Sizin komandanlığınız altında müzəffər Ordumuz mənfur düşmən üzərində parlaq qələbə çalaraq, 28 il işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Qələbə ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də Azərbaycan xalqının özünəinamını və qalibiyyət hissini bərpa etdi.

Cənab Prezident, Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Bu Qələbəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Zeynalov Məhəmməd Qalib oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

XXX

Mais İbadovdan, Daşkənd, Özbəkistan

Möhtərəm cənab Prezident,

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü bir daha dünyaya göstərdi. Qarabağın işğal altındakı əraziləri Sizin göstəriş və əmrinizlə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində azad edildi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil, eyni zamanda, siyasi və psixoloji qələbə qazandı. Bununla Azərbaycan ümumiyyətlə erməni mifini darmadağın etdi.

Biz - Özbəkistandakı azərbaycanlılar düşmən üzərində qazanılan bu Zəfəri böyük sevinclə qarşıladıq. Azərbaycan xalqı və Ordusu Sizin ətrafınızda hər zaman bir yumruq kimi birlişəb. İkinci Qarabağ müharibəsində Sizin diplomatik addımlarınız və qətiyyətiniz Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yaratdı.

Bu gün Özbəkistanda yaşayan soydaşlarımız da birlik nümayiş etdirərək dövlətimizi və Ali Baş Komandan olaraq Sizin siyasətinizi dəstəkləyirlər. Sizin qətiyyətli çıxışlarınız bizləri fərəhləndirir. Hər birimiz Vətən yolunda döyüşməyə hazırıq. Yaşasın Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

İbadov Mais, güləş üzrə SSRİ, Asiya və dünya çempionu.

Özbəkistan Respublikası, Daşkənd şəhəri.

XXX

Xeyrulla Əzizovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu əlamətdar, tarixi günlərdə ərazi bütövlüyümüzün tamamilə bərpa olunması münasibətilə şəxsən öz adımdan və Şirvan ziyalıları adından böyük sevinc və qürur hissi ilə Sizi, Müzəffər Azərbaycan Ordusunu və Azərbaycan xalqını təbrik edirəm. Ölkəmizə hərbi və diplomatik sahələrdə qələbə qazandıran uzaqgörən siyasətiniz üçün Sizə təşəkkür edirəm.

Möhtərəm Prezidentimiz, noyabrın 10-da Sizin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə Ulu Öndərin məzarını ziyarət edərək ata vəsiyyətini şərəflə yerinə yetirən oğul kimi hesabat verməyiniz, Şəhidlər xiyabanında xalqımıza Qələbə müjdəli müraciətiniz hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. Sizinlə fəxr edir və qürur duyuruq.

Ürəyimiz Vətən uğrunda canından keçən hər bir xilaskar döyüşçü - şəhid üçün kədərlənir. Bu şərəfli oğulları böyüdən ailələrə başsağlığı veririk.

Eşq olsun Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əzizov Xeyrulla Digaran oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.

XXX

Qəhrəman Sadiyevdən, Almatı, Qazaxıstan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Əvvəla şəxsən öz adımdan və Almatı şəhərində yaşayan Azərbaycanlılar Assosiasiyası adından Sizi və bütün Azərbaycan xalqını bu Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Xəyallarımızı, istəklərimizi gerçəkləşdirdiyiniz üçün Sizə böyük minnətdarlığımı bildirirəm. Çox yüksək səviyyədə təşkil olunmuş möhtəşəm hərbi parad Türkiyə və Azərbaycan qardaşlığının nümayişi, Sizin birbaşa uğurlu zəhmətinizin bəhrəsidir. Xalqımıza Sizin kimi Prezidentin başçılıq etməsi çox qürurvericidir. Bu gün hamımız Qələbə sevinci yaşayırıq və bu sevinci bizlərə yaşadan hər bir əsgərimiz var olsun, onların əllərindən, gözlərindən öpürəm və bu yolda şəhid olan hər bir Azərbaycan əsgərinə Allahdan rəhmət diləyirəm, onların ruhları qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm.

Hörmətli cənab Prezident, biz Sizinlə qürur duyuruq. Sizin rəhbərliyiniz altında Azərbaycanın müzəffər Ordusu yeni tarix yazdı və Siz həmin tarixin, 21-ci əsrin qəhrəmanı oldunuz. Əminəm ki, bundan sonra da Sizin uzaqgörən siyasətinizlə Azərbaycan yüksək şəkildə inkişaf edəcək və həmişəki kimi bütün mübarizələrdə qalib olacaqsınız. Biz Sizinlə fəxr edirik, Allah Sizi, Ordumuzu, millətimizi qorusun!

Hörmətlə,

Sadiyev Qəhrəman Sənan oğlu, hüquq elmləri namizədi,

Almatı Azərbaycanlılar Cəmiyyətinin sədri.

Qazaxıstan Respublikası, Almatı şəhəri.

XXX

Bəhmən Qasımovdan, Saratov, Rusiya

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!

Qeyd etmək istəyirəm ki, biz Rusiya Federasiyasında vətən eşqi ilə yaşayırıq. Vətənimizin bu ağır günlərində daim xalqımızın yanında olduq.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin əsas planlarından biri ölkədə qüdrətli ordu yaratmaq idi və buna görə ona böyük hörmətimiz var. O, dahi rəhbər idi və bu işlər onun xalqına olan məhəbbətindən irəli gəlirdi. Bu məqsədlə Ulu Öndərimiz tərəfindən şanlı Ordumuzun möhkəm bünövrəsi qoyuldu, Siz isə onun layiqli davamçısı olaraq bu Ordunu daha da nizamlayaraq, gücləndirdiniz. Yaratdığınız Ordu 44 gün ərzində 30 il işğal altında olmuş doğma Qarabağ torpaqlarından yağı düşməni iti qovan kimi qovdu. Ard-arda Qələbə xəbərləri ilə bizləri sevindirdiniz. Baxmayaraq ki, 30 il BMT, ATƏT-in MİNSK qrupu erməni faşizminə göz yumurdu. Cənab Ali Baş Komandan, Vətənimiz naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Sizinlə və şanlı Ordumuzla fəxr edirik. Allah Sizi, şanlı Ordumuzu qorusun!

Cənab Prezident, bizə mənəvi dəstək olan - bir millət, iki dövlət olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında gözəl fikirlər söylədi: "Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincimizdir, qələbəsi bizim qələbəmizdir. İlham Əliyev mənim qardaşımdır!". Bizə dəstək olmaq istəyən digər dövlətlərdən Pakistan, İsrail, Gürcüstan da başqa müsəlman ölkələri də vardır. Biz onların hər birinə bu mənəvi dəstəyə görə təşəkkür edirik.

Siz bütün dövlətlərlə əlaqələri Azərbaycanın mənafeyinə uyğun qura bildiniz. Qardaş Türkiyə əsgərlərinin Azərbaycana gəlməsini və gördüyünüz bütün tədbirləri alqışlayırıq.

Bu gün igid oğullarımızın qanı, canı bahasına işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Qoy heç vaxt bu bayraqlar enməsin. Allah şəhidlərimizə rəhmət eləsin, onların anaları qarşısında baş əyirik. Yaralı əsgərlərimizi həyata qaytaran hərbi həkimlərimizə minnətdarıq.

Cənab Prezident, biz Qarabağımızı gələcəkdə daha da çiçəkləndirəcəyinizə inanırıq. İnanırıq ki, müzəffər Ordumuzun bərpa etdiyi dövlət sərhədlərimiz Sizin sayənizdə daimi və əbədi olacaqdır. Sizinlə, müzəffər Ordumuzla fəxr edirik.

Əziz Prezidentimiz, Vətənimizin qəhrəman oğlu, müzəffər Ali Baş Komandanı, xalqımızın əzizləri İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizə bu tarixi günlərdə möhkəm cansağlığı arzulayıram. Əldə etdiyimiz qələbələrə görə Sizə minnətdarıq,

Hörmətlə,

Qasımov Bəhmən

Rusiya Federasiyası, Saratov şəhəri.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR