x
Loading...

Deputatdan Nəcməddin Sadıkovun fəaliyyəti haqqında sərt sözlər

.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunmasına münasibət bildirib.

E.Məmmədov Oxu.Az-a açıqlamasında deyib ki, uzun illərdir N.Sadıkov haqqında çox şübhəli, müəammalı, xoşagəlməz fikirlər daim mətbuatın gündəmində olub.

“44 günlük Vətən müharibəsi dövründə də Nəcməddin Sadıkov sanki yoxa çıxdı, onun haqqında heç bir məlumat olmadı. Müharibədə iştirak edirmi, etmirmi – bu barədə bir məlumat gözə dəymədi”,-deyə E.Məmmədov söyləyib.

Deputat qeyd edib ki, keçən illər ərzində N.Sadıkovun xəyanətkar olması barədə məlumatlar oxuyub.

Onun sözlərinə görə, N.Sadıkov haqqında şübhələr, yazılanlar təsdiqini tapdı:

“Təsdiq olundu ki, Nəcməddin Sadıkov tutduğu vəzifənin öhdəsindən layiqincə gəlməyib və vəzifəsinə uyğun olmayıb, buna görə də işindən azad edilib”.

Millət vəkilinin fikrincə, digər məqamları müdafiə naziri, N.Sadıkovun iş yoldaşları dəqiq bilərlər ki, o nə işlərlə məşğul olub və niyə işdən azad edilib.

Müdafiə Nazirliyi yanvarın 28-də məlumat yayıb ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil. Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

N.Sadıkov 1956-cı ildə anadan olub. O, 1993-cü ilin noyabrında müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsi dövründə isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR