QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm sahəsində COVİD-19 əleyhinə mübarizəyə həsr edilmiş işçi qrupunun onlayn iclası keçirilib.

Dövlət Turizm Agentliyindən Metbuat.az-a verilən məlumata görə, işçi qrupunun iclasında QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin baş katibi Maykl Kristides, Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Departamentinin direktor müavini Piter Yanek, eləcə də Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Moldova, Rumıniya və təşkilata üzv olan digər dövlətlərin 30-a yaxın nümayəndəsi iştirak edib.

Üzv dövlətlər tərəfindən COVID-19-a qarşı həyata keçirilən tədbirlər, turizm sektorunun bərpası istiqamətində indiyədək görülmüş işlər, həmçinin bu sahədə planlaşdırılan tədbirləri müzakirə etmək məqsədilə keçirilən iclasda sözügedən məsələlərə dair birgə bəyannamənin layihəsi hazırlanıb.

Həmçinin, onlayn görüşdə üzv ölkələrin mütəmadi olaraq turizmlə bağlı COVID-19 pandemiyası və sonrakı dövr ərzində əsas xəbər və yeniliklərin QDİƏT Katibliyinə göndərilməsi barədə razılıq əldə edilib.

Qeyd olunan məlumatlar pandemiya dövründə üzv ölkələrə səyahət şərtləri və turizm sahəsi ilə bağlı yeniliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə QDİƏT tərəfindən yaradılan onlayn platformada (http://www.bsec-covidinfo.org) yerləşdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı