Ceyhun Bayramov İtaliya səfirini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Səfir Auqusto Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu bildirib.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayaraq bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR