Ermənistan dalana dirənib: Azərbaycan bu ərazilərin qaytarılmasını tələb edir - Rusiya isə...

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzinin birlikdə hazırladığı layihə çərçivəsində bu dəfə Dağlıq Qarabağda son baş verən proseslərə nəzər yetirəcəyik.

Mövzunu “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti Samir Hümbətov şərh edir.

- Ötən həftə - aprelin birində Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Rusiya XİN başçısı Sergey Lavrov arasında ikitərəfli görüş keçirilmişdir. Qarşılıqlı söhbət əsnasıda əsasən hansı mövzular ətrafında fikir mübadiləsi aparıldı?

"Tərəflər arasında baş tutmuş ikitərəfli görüşdə əsas müzakirə mövzusu II Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci ildə imzalanmış 9 maddədən ibarət üçtərəfli atəşkəs bəyannaməsi və onun davamı olaraq 11 yanvar 2021-ci ildə Moskvada imzalanmış 4 maddədən ibarət müqavilənin bəndlərinin icrası ilə bağlı bir sıra məsələlər oldu.

Bu görüşlə bağlı Rusiya XİN-dən açıqlama verildi və bu açıqlamada bildirildi ki, tərəflərin müzakirə etdiyi əsas mövzular sırasında Dağlıq Qarabağda yaşayan erməni əhalisinə humanitar yardımların çatdırılması, regionda nəqliyyat-kommunikasiya və iqtisadi əlaqələrin qurulması və s. məsələlər də var idi. Eyni zamanda tərəflər arasında ikitərəfli formatda yüksək səviyyəli əlaqələrin davam etdirilməsi və həmçinin gələn il Azəraycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlərin keçirilməsi müzakirə edilmiş mövzular sırasında idi''.

- Elə həmin gün yəni bir aprel 2021-ci ildə Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında da telefon danışığı baş tutdu. Xüsusilə erməni KİV-də bu telefon danışığı məsələsi xüsusilə şərh edilib müxtəlif formada tirajlandı. Telefon danışığının əsas predmeti nədən ibarət idi?

"Qeyd edim ki, bu telefon danışığı ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasından verilən açıqlamada qeyd edilir ki, tərəflər arasında müzakirə edilən əsas mövzular sırasında Dağlıq Qarabağ ətrafında baş verən proseslər, atəşkəsə davamlı əməl edilməsi və həmçinin 10 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə üçtərəfli formatda imzalanmış müqavilələrin icrasına əməl edilməsi və s. məsələlər var idi.

Qeyd etmək lazımdır ki, 26 mart 2021-ci ildə Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutmuşdur. O telefon danışığı zamanı müzakirə edilmiş məsələlər tam detalları ilə açıqlanmasa da, gedən proseslərdən belə aydın olur ki, orada da əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub".

- II Qarabağ savaşından sonra, son günlər regionda baş verən aktiv proseslərin səbəbi nədir?

"Görünən odur ki, ortada bəzi qaranlıq qalan bəzi məsələlər var ki, həmin məsələlər bağlı qapılar arxasında müzakirə edilir. Bunu da təəssüflə qeyd etmək lazımdır ki, həmin məsələlərin həll edilməsində Ermənistan qədər Rusiya da maraqlı görünmür. Bir neçə gün öncə erməni KİV-ləri 7 aprel 2021-ci ildə Nikol Paşinyanın Moskvaya səfər edəcəyini və bu səfər çərçivəsində prezident Vladimir Putinlə görüşəcəyini yazmışdır.

Eyni zamanda aprel ayında Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada növbəti üçtərəfli görüşün keçirilməsinin planlaşdırıldığı da yayılan informasiyalar arasında yer almışdır. Hələki Azərbaycan tərəfindən bu xəbərlə bağlı mövqe ifadə edilməyib.

Bir məsələni də qeyd etmək lazımdır ki, 1 aprel 2021-ci ildə Azərbaycan və Rusiya prezidentləri arasında baş tutmuş telefon danışığı və Azərbaycan və Rusiya XİN başçıları arasında Moskvada keçrilmiş görüş barəsində KİV-lərdə geniş məlumat verilmədi. Hesab etmək olar ki, bu görüşlər də hərhansı müsbət nəticə əldə edilməyib. Amma açıqlanmış bəzi detallardan belə qənaətə gəlmək olar ki, Azərbaycan tərəfinin tələbinə əsasən tərəflər arasında əsas müzakirə olunan mövzular sırasında 10 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə üçtərəfli formatda imzalanmış müqavilələrdə nəzərdə tutulmuş bəzi bəndlərin icrası müzakirə olunub.

Həmçinin, Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, üçtərəfli formatda 10 noyabr 2020-ci ildə imzalanmış müqavilədən beş ay, 11 yanvar 2021-ci ildə Moskvada imzalanmış müqavilədən isə üç ay keçməsinə baxmayaraq Ermənistan tərəfi müqavilələrdə nəzərdə tutulmuş bəndlərin icrasını bilərəkdən gecikdirir''.

- Bəs o zaman Rusiya vasitəçi olaraq üzərinə götürdüyü öhdəliy əsasında nə üçün Ermənistandan müqavilədə nəzərdə tutulmuş bəndlərin icrasını tələb etmir? Azərbaycanın icrasını təkidlə tələb etdiyi o bəndlər nədən ibarətdir?. Əgər aprel ayında Moskvada üçtərəfli formatda görüş baş tutarsa daha hansı məslələr müzakirə və tələb oluna bilər?

"Öncə ondan başlayaq ki, icrası Azərbaycan tərəfindən təkidlə tələb etdilən 10 noyabr 2020-ci ildə üçtərəfli formatda imzalanmış 9 bənddən ibarət müqavilənin məhz 9-cü bəndinin icrası hələ də gecikdirilir. Bu bənddə qeyd edilir ki, Ermənistan tərəfi Azərbaycan və Naxçıvan arasında nəzərdə tutulmuş nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasına şərait yaratmalı və Rusiya bunu təmin etməlidir. Qısa olaraq desək, bu maddə Azərbaycan və Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur.

Məsələ burasındadır ki, 11 yanvar 2021-ci ildə Moskvada üçtərəfli formatda imzalanmış 4 maddədən ibarət müqavilə də bu nəqliyyat-kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Hətta bununla bağlı bəzi mexanizimlərin işlənib hazırlanması üçün hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun yaradılması da müqavilədə qeyd edilmişdir.

Azərbaycan tərəfi bu müqavilələrin icrasını tam şəkildə yerinə yetirməsinə baxmayaraq, qarşı tərəf(lər) müqavilənin bəzi bəndlərinin icrasını yerinə yetirmək istəmir. Hesab edirəm ki, əgər aprel ayında Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında görüş keçirilərsə, orada bir neçə məsələ müzakirə oluna və Azərbaycan tərəfindən tələb oluna bilər".

- Qeyd edə bilərsinizmi hansı məsələlər müzakirə predmeti ola bilər?

Bunlar aşağıdakılardır:

- 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış müqavilələrin bəzi bəndlərinin icrası, yəni Azərbaycan və Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması.

-I Qarabağ müharibəsindən sonra erməni tərəfinin işğal etdiyi ərazilərdə bastırdığı minaların xəritəsinin Azərbaycan tərəfinə verilməsi.

- Naxçıvan MR Sədərək rayonu, Kərki kəndinin və Qazağın 7 kəndinin Azərbaycana qaytarılması.

- Erməni terrorçu dəstələrinin Dağlıq Qarabağdan çıxarılması, Şuşanın kəndlərinin, həmçinin Qırmızı Bazar ərazisinin Azərbaycana geri qaytarılması.

- 10 noyabr müqaviləsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxulmuş və Azərbaycan ordusu tərəfindən tutulmuş erməni terrorçu dəstələrinin Ermənistana qaytarılması və s. məsələlər müzakirə predmeti ola bilər.

- Keçirilən görüşlərdən Azərbaycan üçün lazımı nəticələr əldə edilməzsə, Azərbaycan tərəfi digər adekvat addımlar atmaq imkanlarına malikdir. Bu addımlar nədən ibarət ola bilər?

''Öncə onu qeyd edək ki, Rus sülhməramlı qüvvələrinin beynəlxalq statusu və mandatı yoxdur. Rusiya ciddi cəhdlə çalışır ki, bu statusu və mandatı alsın. Azərbaycan tərəfi qoyulan tələblərin yerinə yetirilməyəcəyi təqdirdə bu mandatın verilməyəcəyini açıq şəkildə bildirə bilər. Hətta Dağlıq Qarabağda təkcə Rusiya sülhməramlı qüvvələri deyil, eyni zamanda digər ölkələrin sülhməramlı qüvvələrinin, daha dəqiq desək Türkiyənin sülhməramlı qüvvələrinin də olmasını tələb edə bilər.

Düşünürəm ki, bu Rusiyanın Cənubi Qafqaz maraqlarına uyğun olmadığı üçün digər ölklərin sülhməramlı qüvvlərinin burada olmasını istəməz və Azərbaycanın qoyduğu tələbləri yerinə yetirməyə məcbur ola bilər.

Digər məsələ kommunikasiya ilə bağlıdır ki, bu da Rusiya üçün olduqca vacib əhəmiyyətə malikdir. Yəni dəmir yolu vasitəsi ilə Rusiyanın Dağlıq Qarabağla əlaqəsi Azərbaycan ərazisindən mümkündür ki, buna da Azərbaycan imkan verməyə bilər.

Bundan sonrakı mərhələdə danışıqlar formatının üçtərəfli deyil, dördtərəfli olmasını tələb edib, Türkiyəni də bu formata daxil edilməsini tələb edə bilər.

Əgər Ermənistan tərəfi tələb olunan şərtlərə əməl etməsə, 10 noyabr 2020-ci il müqaviləsi imzalanandan sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərə soxulmuş və Azərbaycan ordusu tərəfindən saxlanılmış erməni terrorçu dəstələri Ermənistana qaytarılmayacaqdır.

Nəhayət, qoyulan bütün tələblər yerinə yetirilməyəcəyi təqdirdə, regionda nəqliyyat-kommunikasiyaların açılmayacaq və iqtisadi əlaqələr qurulmayacaq.

Təbii ki, müzakirə edilməli və həllini tapmalı olan çox məsələlər var. Ənənəvi olaraq qarşı tərəf(lər) məzələni yubatmaq prinsipinə əməl etməyə çalışacaq. Amma fikrimcə, Azərbaycan tərəfi qeyd edilən məsələləri gündəmə gətirərsə, nəticə əldə etmək mümkün ola bilər. İstənilən halda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan qalib ölkədir".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı