Ukrayna və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycanla Ukrayna arasında turizm sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi və pandemiyanın turizmə təsirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Kiyev şəhər dövlət administrasiyasının sədr müavini Marina Xonda arasında keçirilən görüşdə müzakirə olunub.

Metbuat.az-a Agentlikdən verilən məlumata görə, Ukrayna nümayəndə heyətinin tərkibində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, Kiyev şəhər şurasının deputatları Viktoriya Muxa və Alla Şlapak təmsil olunublar.

Görüşdə Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən 44 günlük müharibə nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən bəhs edərək Qarabağın yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi perspektivlərindən danışıb.

Xanım Marina Xonda Ukraynada son dövrlərdə qastroturizm, müalicəvi və sağlamlıq turizmi, eləcə də işgüzar turizmin inkişafına diqqət ayrıldığını, bu baxımdan iki ölkə arasında müştərək regional turların təşkil edilməsinin mümkünlüyünü qeyd edib.

Görüş çərçivəsində, həmçinin post pandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı