Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Metbuat.az xəbər verir ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, erməni təcavüzü isə gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.

Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Xalqın tələbi ilə 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR