Baydendən MÜHARİBƏ MESAJI:

“BMT-nin 76-cı sessiyasında ABŞ prezidenti Co Bayden prezident kimi ilk çıxışını edən zaman iki tezis diqqəti çəkdi. Birincisi, Baydenin sözlərinə Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır. İkincisi, Amerika “soyuq müharibənin” bərpasında maraqlı deyil, müxtəlif dövlətlərlə anlaşmazlılqarı danışıqlar yoluyla həll etməyə maraq göstərir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Amerika hazırda müharibə aparmasa da, bu durum uzun çəkməyəcək.


“Amerika İkinci Dünya Müharibəsindən sonra böyüklü kiçikli onlarla müharibədə ya iştirak edib, ya da səbəbkarı olub. Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxartması başqa münaqişədə iştirak etməyəcəyi anlamına gəlmir. Digər tərəfdən Amerikanın xarici və təhlükəsizlik siyasətində davamlılıq yoxdur. Yəni Baydendən sonrakı prezident Ağ Evin indiki rəhbərindən fərqli olaraq hesab edə bilər ki, Amerikaya kiçik müharibə lazımdır və qoşunlarını istədiyi bölgəyə göndərə bilər. Bu zaman Baydenin 2021-ci ilin sentyabrında “biz müharibə istəmirik” sözləri xatırlanmayacaq”.

Elxan Şahinoğlu deyir ki, Co Baydenin “biz soyuq müharibə istəmirik” qərarını yalnız Ağ Ev sahibi verə bilməz. Əgər Konqres, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi hesab edirlərsə ki, Rusiyanın və ya Çinin siyasəti Amerika üçün real təhlükədir, bu halda Ağ Evdə oturan şəxs fərqli siyasət yürüdə - Moskva və Pekinə qarşı sanskiyalardan imtina edə bilməyəcək.

“Bayden çıxışında özü də dedi ki, kiçik dövlətləri və tərəfdaşlarını xarici təzyiqlərdən qoruyacaqlar. Belə olan halda Bayden misal üçün keçmiş prezidentlər Barak Obama və Donald Tramp kimi Ukraynanı Rusiyadan qorumalıdır. Çin də Amerika ilə münasibətlərdə gərginlik istəmir. Əgər Çin bölgədə hərbi gücünü artırırsa, müxtəlif adalara, o cümlədən Tayvana iddia edirsə, qonşuları – Hindistan, Yaponiya və Avtraliya sərt dildə danışırsa, Amerikanın özündə texnolojiyaları oğurlamaqla məşğuldursa, tərəfdaşlıq alınmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR