"İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri".
Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.
Yəni, bu, ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq. Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. O cümlədən Ermənistan ordusunda xidmət edən şəxsi heyət görürdü ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz. Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək.
Əlbəttə ki, Ermənistan ordusu, şəxsi heyət dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.