Avtomobil karvanımız NİYƏ atəşə tutuldu? -

Xəbər verdiyimiz kimi, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qaldı.

Baş vermiş hadisəni şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, bu hadisə 10 noyabr bəyannatının 4-cü bəndinin – erməni qoşunların çıxarılması icrasının zəruriliyini bir daha gündəmə gətirir. Siyasi şərhçi onu da qeyd etdi ki, Moskva və Ankaranın istədiyi əməkdaşlıq platforması üçün Bakı və İrəvan arasındakı məsələlər həll edilməlidir, bu prosesdə əsas punktlardan biri də qoşunların çıxarılması olmalıdır.

"Bildiyiniz kimi, oktyabrın 12-də Putin-Paşinyan görüşü keçirildi. Oktyabrın 13-də isə Prezident İlham Əliyev İtaliya mediasına müsahibəsində rus sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirdi, həm də "həl etməli olduqları müəyyən məsələlərin olduğunu" vurğuladı. Əliyev erməni qoşunların çıxarılması haqda Soçi görüşündən öncə, həm də ilk dəfə "Anadolu" agentliyinə müsahibəsində açıqlamışdı. Soçi görüşündə xüsusilə bölgədə əməkdaşlıq platformasının yaradılması istiqamətində razılığın olduğu ehtimalı ön plandadır, proseslərin inkişafı bunu göstərir, Paşinyanın Moskvada Putinlə apardığı danışıqların da əsas məzmunu üçtərəfli bəyanatların icrası, regional əməkdaşlığın qurulması üzərində idi.Bu görüşdən sonra ermənilərin mülki karvanı atəşə tutması 4-cü bəndin icrasına ciddi əsas yaradır".

Asif Nərimanlı onu da vurğuladı ki, Putin-Paşinyan görüşündən sonra - oktyabrın 13-də Moskvada Krill, Paşazadə və Qareginin birgə bəyanatında vurğulanan “Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcəyi yoxdur” sözləri də baş verənlər fonunda təsadüfi deyil. "Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı dövlət proqramı hazırlayır. Təbii ki, proqram onların yaxşı yaşaması üçün olacaq. İstəsələr də istəməsələr də yenə qəbul etməlidirlər" deyə Asif Nərimanlı fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR