x
Loading...

Futbol tarixində adına heykəl və stadion olan ilk əfsanəvi hakim - TOFİQ BƏHRAMOV

Azərbaycanda futbol deyəndə ilk yada düşən Tofiq Bəhramovdur. Əfsanəvi referini tanımayan yoxdur. Əksəriyyət isə azərbaycanlı hakimi 1966-cı il Dünya Çempionatının final oyununda verdiyi qərarla tanıyır.

Metbuat.az məlumat verir ki, Tofiq Bəhramov futbol tarixində adına heykəl və stadion olan ilk hakimdir.

Həyatı

Azərbaycanlı futbol hakimi, futbolçu, Tofiq Bəhramov 1925-ci il 29 yanvar tarixində Ağdamda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən didərgin düşüblər.

Karyerası

Futboldakı karyerasına 1940-cı illərdə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt edib. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollanıb. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib.

Məlumata görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi davam etməyib. Belə ki, 25 yaşında ayağından zədələnən futbolçu karyerasını başa vurmalı olub. Lakin bu onun futboldan uzaqlaşmasına səbəb olmadı, əskinə, əfsanəvi hakimin karyerası bundan sonra başlayıb.

Almanlardan ingilislərə Tofiq Bəhramov şərti

Hakimliyə ilk dəfə təsadüf şəkildə çağırılıb. Belə ki, 1951-ci ildə Bakı kuboku uğrunda "Dinamo" - "İnşaatçı" matçına hakim gəlməyib və bu vəzifə 26 yaşlı futbolçuya tapşırılıb. Lakin Bəhramovun ilk qarşılaşması qalmaqalla yadda qalıb. Amma bu son deyildi. 6 aydan sonra o, Respublika birinciliyində baş hakim kimi debüt edib. 1952-ci ildə Respublika dərəcəli hakim adını alan Bəhramov 2 il sonra Futbol üzrə SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edə bilib. Get-gedə ümidləri doğruldan referi həmin il "Neftçi" və "Efiopiya" yığmaları arasında yoldaşlıq oyununu da idarə edib.

Obyektivliyi ilə seçilən hakim qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilib. Tofiq Bəhramov həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb. O, 1963-cü ildən etibarən 13 il keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə, ümumilikdə, yalnız moskvalı Kazakovdan geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayıb.

Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alıb və O, 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsveçrə - İspaniya) baş hakim, 2 görüşdə (Argentina – İsveçrə və İngiltərə - Uruqvay) isə laysman kimi meydana çıxıb.

Tofiq Bəhramov — Vikipediya

O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənə bilib. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edən Bəhramov Nikolay Latışevdən sonra FİFA Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, UEFA Avropa Çempionatının final oyununu idarə edən birinci sovet hakimi olub. Ən maraqlısı isə 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.

1970-ci il Meksikada keçirilən dünya çempionatında da Bəhramov 3 oyunda hakimlik edib. 1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ dünya yığması ilə qarşılaşmış, həmin görüşü də Bəhramov idarə edib. O, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda ("Estudiantes" - "Mançester Yunayted" oyununda laysman, "İndependyente" - "Ayaks" matçında baş hakim) ədaləti təmin edib. 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhemton" - "Tottenhem") da ona tapşırılıb.

Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb.

Ən yaddaqalan epizod

Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyununu yan xətt hakimi kimi idarə edib. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatıb. Qarşılaşmaya 30 dəqiqə əlavə olunub. Belə ki, 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısına göndərib və top dirəyə dəyərək yerə düşüb. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirib. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - Bəhramovun deyəcəyini göstərib. Bəhramov həmkarına təmiz qol olduğunu bildirmək üçün əminliklə mərkəzi işarə edib və bununla da ingilislərin sevinci meydanı coşdurub. Bu ingilislərdə sevinc, lakin rəqib komanda azarkeşlərində qəzəbə səbəb olub. rəqib komandanın azarkeşləri Bəhramovu qınayıb, hətta onu almanlara qarşı İkinci dünya müharibəsindən qalma düşmənçilikdə də ittiham ediblər.

Final fitinə az qalmış Herst hesabı 4:2- yə çatdırıb. Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.

Beləliklə, bu hadisə futbol tarixində ən qalmaqallı qərar olaraq yaddaşlarda qalıb.

Qeyd edək ki, Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FİFA prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular iştirak ediblər.

Bundan başqa, referinin London şəhərindəki futbol muzeyində bürünc heykəlciyi var.

Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov - Uşaq Bilik Portalı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR