"Sizi dünyalar qədər sevirdim" - FOTOSESSİYA

"Sizi dünyalar qədər sevirdim" - FOTOSESSİYA
00:22 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

...və ya “Admiral Naximov”, “Titanik” gəmiləri, can sağlığı arzusu və Çörçillin qənaəti
Bu il faşizm üzərində qələbənin 70 illiyidir. Təsadüf elə gətirdi ki, yeni ildə “Azərbaycanın kino incilərindən” layihəmizin ilk səbəbkarı Böyük Vətən Müharibəsi mövzusunda çəkilmiş filmlərimizdən biri, Azərbaycan ön cəbhədə fabulasında ilk və hələlik yeganə kino işi olan “Sizi dünyalar qədər sevirdim” ekran əsəri oldu.
 
Tammetrajlı rəngli filmin ssenari müəllifi Ramiz Fətəliyev, quruluşçu rejissoru Rasim İsmayılov (1936-2004), operatoru Valeri Kərimov, rəssamı Nadir Zeynalov, bəstəkarı Aqşin Əlizadə, məsləhətçilər general-mayor A.Kurkov və polkovnik Z.Şeboruk, tryukların quruluşçusu Y.Veryovkindir. Rollarda Ramiz Novruzov (general Həzi Aslanov), Viktor Tarasov (siyasi işlər üzrə müavin), Şahmar Ələkbərov (general Mehmandarov), Aleksandr Denisov (qərargah rəisi), Gülnarə İbrahimova (Həzi Aslanovun həyat yoldaşı), Nəcibə Hüseynova (Həzinin anası), Muxtar Maniyev (Məmməd) və digər aktyorlar çəkiliblər. Film iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun (1910-1945) həyat və döyüş yolundan danışır. Ssenarinin əsasını I Pribaltika cəbhəsində sərkərdənin axırıncı döyüş ərəfəsində baş verən hadisələr təşkil edir.
 
Həmsöhbətlərimiz Rasim İsmayılovun həyat yoldaşı, əməkdar jurnalist Nadejda İsmayılova və xalq artisti, baş rolun ifaçısı Ramiz Novruzdur.
 
Nadejda İsmayılova:
 
- Bu film Rasimin ən sevimli rejissor işlərindən biri idi. Ramiz Fətəliyevin ssenarisini çox bəyənmişdi. Rasim Həzi Aslanovu hərbi strategiyadan yaxşı başı çıxan sərkərdə olmaqdan əlavə və hətta daha çox sırf bir insan kimi şəxsi keyfiyyətlərini canlandırmaq, tamaşaçıya çatdırmaq istəyirdi. Və düşünürəm ki, bu niyyətinə çatmaqda baş rolun ifaçısı Ramiz Novruzovla ümumi dil tapa bilmişdilər. Ümumiyyətlə, Rasimin bütün filmlərində olduğu kimi bu filmində də gözəl yaradıcı heyət toplanmışdı. Hər çəkiliş günü onun üçün bayram idi. Minskdən tez-tez zəng edirdi və mən bunu onun səsindən hiss edirdim. Bir dəfə də dedi ki, biz çəkilişlərə hazırlaşanda burada bir nənə təlaşla soruşdu ki, oy, nə olub, yenə almanlar gəliblər?!. “Siz dünyalar qədər sevirdim” filmi Azərbaycan kinosunda azərbaycanlıların ön cəbhədəki şücaətləri haqqında çəkilmiş ilk və hələlik yeganə filmdir. Bu, kinomuz və cəmiyyətimiz üçün çox əhəmiyyətli faktdır. Təəssüf ki, bu filmə aid Rasimin çox az qeydləri qalıb...
 
Tank bölüyünün komandiri Ramiz Novruz və tank qoşunları general-mayoru Həzi Aslanov
 
Xalq artisti Ramiz Novruz:
 
- Bu filmə təsdiq olunandan əvvəl Böyük Vətən Müharibəsi və Həzi Aslanov haqqındakı təsəvvürünüz və bilgiləriniz nələrdən ibarət idi?
 
- Adamın heç inanmağı gəlmir ki, bu filmin çəkilişlərindən 30 il vaxt keçib, elə bil hər şey dünən baş verib. Həzi Aslanov haqqında orta məktəb dərsliklərindəki rəsmi məlumatlardan və bir də pərakəndə söhbətlərdən ibarət bilgilərim var idi. Amma onun döyüş bacarıqları haqqında tam dərinliyi ilə məlumat yayılmamışdı. Bütün bunları çox sonralar öyrəndik. Ölümü ilə bağlı sui-qəsd versiyası isə təbii ki, şayiə şəklində idi. Hüseyn Abbaszadənin “General” romanı da daha çox Həzi Aslanovun həyat yoldaşı Xavər xanımın xatirələri və yazıçının bədii təfəkkürünün məhsulu idi, Həzi Aslanovun peşəkar bir hərbçi kimi xidmətləri orada da öz əksini, demək olar ki, tapmamışdı. Bir də Oqulçanskinin “Həzi Aslanov” romanı var idi. Amma o da Azərbaycanda geniş oxucu kütləsinə məlum deyildi. Təbii ki, filmin hazırlıq prosesində təsəvvürlərim və bilgilərim xeyli genişləndi. Elə o kitabı da birinci dəfə həmin mərhələdə, Həzi Aslanovun ev-muzeyində gördüm.

Bundan başqa öyrəndim ki, sən demə, o vaxt “Pravda” qəzetində Həzi Aslanov haqqında “Qalib gəlmək bacarığı” adlı məqalə dərc olunubmuş. O məqalədə “Aslanovskaya podkova” adlandırılan döyüş taktikasından da bəhs olunurdu. Məhz Həzi Aslanovun bu taktikası sayəsində almanların tank döyüşündəki əzmini qırmaq mümkün olub. Mən sonralar dərk elədim ki, əslində nal şəkli ilə əlaqələndirilən bu taktikanın adının özəyi türklərin aypara şəklinə aiddir. Amma sözsüz ki, o illərdə türk, aypara kəlmələrini işlətmək arzuolunmaz idi. Təəssüf ki, sənədli filmlərdə Həzi Aslanovun başçılığı altında aparılan döyüşlərin sayəsində azad olunan yaşayış obyektlərinin xilası tamamilə başqa adamların adına yazılıb. Belə ikili standartlar olub. Halbuki məhz Həzi Aslanovun qeyri-standart hərbçi keyfiyyətləri sayəsində cəbhədə bir çox itkilərdən sığortalanmaq mümkün olub, müharibənin ən böyük, ən ağır, ən həlledici döyüşlərindən olan Stalinqrad döyüşü sovet ordusunun qələbəsi ilə başa çatıb. Məsələn, yeganə olaraq Həzi Aslanov anlayıb ki, mühasirədə qalmalarının tam məhrumiyyətlə bitməsinin, tankların hamısının almanların əlinə keçməsinin qarşısını necə almaq olar? Ağlına gəlib ki, bəri başdan iki tankı batırsın ki, o biri tanklar onların üstündən keçib xilas ola bilsinlər. Həzi Aslanov konkret və peşəkar hərbçi olduğu üçün onun xidmətlərini nə şişirtmək mümkündür, nə də əskiltmək. Onun sürücü-mexaniki filmin məsləhətçisi idi, o danışırdı ki, Həzi Aslanov civə kimi cəld, hərəkətli adam idi, düşmən tərəf heç vaxt bilə bilməzdi ki, o, hansı tankdadır. Çünki komandirin tankının xüsusi nişanı olsa da, Həzi Aslanov döyüş gedə-gedə o tankdan bu tanka keçirmiş.
 
Mənim atam müharibədə iştirak edib, top atıcısı olub. Keçdiyi döyüş yolu haqqında çox söhbətlər eləyib. Danışırdı ki, bir dəfə gərgin döyüşlərin birində komandir həyəcanla dedi ki, "Новрузов, зовите совего Аллаха, наш Бог не помогает!" ("Novruzov, öz Allahınızı çağırın, bizim Allah kömək etmir!" - red.) Belə söhbətlər, təbii ki, müharibə şəraitinin, ön cəbhənin nə demək olduğunu təsəvvür etməyə kömək edir. 60-cı illərə kimi atamın yuxuda “Огонь!” ("Atəş!"), “Вперед!” ("İrəli!") komandalarını təkrarladığını eşidirdik. Həyatın belə məqamlarının təsirlərinin adamın canından çıxması üçün müəyyən vaxt lazımdır. Onu da deyim ki, atam məni hərbçi görmək istəyirdi. Hətta tapşırmışdı ki, əsgərlikdən qayıdanda elə hərbi formada qayıdım, yolda mülki paltarla dəyişməyim. Aktyor olmağımı da uzun müddət mənə bağışlaya bilmirdi...
 
- Amma bu rolu müəyyən mənada atanızın arzusunun gerçəkləşməsi hesab etmək olar.
 
- Bəli, elədir. Təəssüf ki, filmin premyerasına atamın ömrü yetmədi. Yalnız fraqmentlərini görə bilmişdi. O rolda məni görəndə çox fərəhlənmişdi.
 
- Real həyatda əsgəri xidmətinizi harada keçmisiniz? Təsadüfən siz də tank qoşunlarında olmamısınız ki?

- Elədir ki, var. Tank bölüyünün komandiri idim. Hərbi xidmətim təlim-tədris mərhələsi ilə birlikdə əvvəlcə Çinin, sonra isə Yaponiyanın yaxınlığında keçib.
 
Stereotiplər və Rasim İsmayılovun əsl erkək xasiyyəti
 
- Şübhəsiz ki, bu təcrübə belə bir rolda çəkilən aktyor üçün az əhəmiyyət kəsb etməyib. Bəs bilavasitə həmin müharibənin iştirakçısı olmuş atanızın xatirələri, söhbətləri filmə çəkiləndə sizə nə verdi?
 
- Ən azı, döyüş atmosferini hiss eləməkdə köməyimə çatdı. Məsələn, mən ilk dəfə atamdan eşitmişdim ki, top atılanda adam ağzını açıq saxlamalıdır ki, qulaqları batmasın. Onun söhbətləri müharibə haqqında gördüyüm filmlərdən aldığım təəssüratı nisbətən doğunlaşdırmışdı. Gerçək müharibə şəraiti, gerçək cəbhə filmlərdə gördüyümüz romantikadan çox uzaqdır. Oqulçanski danışırdı ki, müharibə gerçəkliyinin dəhşətləri şəraitində, faciə bolluğu içində dostluq, mərhəmət, humanizm hisslərini büruzə vermək çox çətin idi. Danışırdı ki, döyüşdən sonra macal tapıb nahar elədiyimiz vaxt vurduğumuz düşmən tankının tırtılının üstündə göz və ya əl olduğunu görürdük və bilirdik ki, bu, bizim dostlarımızın bədən hissələridir, amma bunun dərinliyinə varib dərd çəkməyə imkan yox idi.
 
- Filmin hazırlıq prosesi və çəkilişlər neçə müddət çəkdi?
 
- Ssenarinin yazılması, təsdiq olunması və sınaq çəkilişləri haradasa 7-8 ay çəkdi. Deməli, ümumi götürəndə 84-ün axırında başlayıb 85-in sonunda başa çatdırdıq.
 
- Çəkilişlərin hamısı Belarusda aparılıb?
 
- Əksər hissəsi, bəli. Döyüş epizodlarının hamısı Belarusun Smoleviç adlanan kino məkanında çəkilib. Orada çəkilişlər üçün bütün şərait var idi. Hətta belaruslar zarafatla həmin yeri Hollivudun qarşılığı olaraq Smollevud adlandırırdılar. Yalnız bəzi epizodlar öz kinostudiyamızın pavilyonunda çəkildi.

- Bu rola təsdiq olunmağınız necə baş verdi?
 
- Əvvəlcə onu deyim ki, bu filmlə bağlı mənim yadımda qalan ən parlaq təəssürat Rasim İsmayılovun, türklər demişkən, əsl, ən yaxşı mənada erkək xasiyyəti oldu. Sınaqda çox aktyorlar iştirak edirdilər. Foto sınaqlarına 20 nəfərə yaxın aktyor dəvət olunmuşdu. Bunlar “ələndilər”, kino sınaqlarına 7-8 nəfər qaldı. O 7-8 nəfər də “ələnəndən” sonra seçim 3 nəfərin üstündə dayandı. Onlardan biri Məhəmməd Məmmədov idi, Şəfiqə Məmmədovanın qardaşı, o biri Kamil Zöhrabov idi, kinostudiyanın o vaxtkı direktor müavini Faiq Zöhrabovun qardaşı. Onların arasında kino aləmində ən az tanınanı mən idim - Sumqayıt teatrından təzə gəlmişdim, o vaxta qədər də yalnız “Nizami” və “Qorxma, mən səninləyəm!...” filmlərində epizodlara çəkilmişdim.

Adlarını çəkdiyim digər iki aktyor isə başqa filmlərdə baş rolları oynamışdılar. Amma nədənsə bu rol mənim içimə dolmuşdu. Ssenarini oxuyub, Rasim müəllimlə söhbət edəndə onun gözlərində bir qığılclm görmüşdüm. Və bu qığılcım məni inandırdı ki, bu iş alınacaq... Onu da deyim ki, son dərəcə sakit, təvazökar, təmkinli, emosiyalarını cilovlamağı bacaran adam idi. Amma o qığılcımı onun gözlərində görə bilmişdim. Artıq son sınaq çəkilişlərində bədii şuranın üzvləri də iştirak edirdilər. Orada tam yəqin gördüm ki, Rasim müəllimin gözü məhz məni tutub. Həm də Hamlet Xanızadə mənim haqqımda ona müsbət rəy vermişdi, demişdi ki, sınaq çəkilişlərində iştirak eləyən bu cavan oğlana da diqqət yetirin.
 
- Belə çıxır ki, Rasim İsmayılovla o vaxta qədər tanışlığınız yox idi? Teatrdakı rollarınızı da görməmişdi? Ümumiyyətlə, sınaq çəkilişlərində iştirakınız necə baş vermişdi?
 
- Rasim İsmayılovla heç bir tanışlığım yox idi. Bizim teatrın tamaşalarına, demək olar ki, gəlmirdi. İndi Dəmir Yolunun (“Azərbaycan Dəmir Yolları” QSC - red.) mətbuat xidmətinin rəhbəri olan Nadir Əzməmmədov o vaxt ikinci rejissor idi. Bir gün teatra gəlib dedi ki, uşaqlar, Həzi Aslanov haqqında kino çəkilir, gəlin hamınız şəklinizi çəkdirin, sonra deməyin ki, bizi çağırmadınız. Yəni bir az əvvəl dediyim formal bir tərzdə. O illərdə kinostudiyaya daxil olmaq o qədər də asan məsələ deyildi, az qala hərbi idarələrdə olduğu kimi daxilolma qaydaları var idi. Bundan bir neçə gün sonra bizi dublyaja çağırdılar, dublyajdan çıxanda aktyor yoldaşıma, Saleh Babayevə dedim ki, gəlmişkən, gedək biz də Həzi Aslanov haqqında çəkilən film üçün şəklimizi çəkdirək, onsuz da bu binaya daxil olmaq çətindir. İstəmədi, dedi ki, nəyimə lazım, onsuz da məlumdur ki, kim çəkiləcək, özü də mənim işim var, gedirəm. O çıxıb getdi, həm kinostudiyanın binasına növbəti dəfə daxil olmaq fikri ilə, həm də içimdə bir inam olduğundan mən qayıdıb şəklimi çəkdirdim. Üstündən bir həftə keçməmiş mənə dedilər ki, səni kinostudiyaya çağırırlar. İçəri girəndə Ramiz Fətəliyevlə Rasim İsmayılov oturmuşdular. Və o ərəfədə Hamlet Xanızadə artıq mənim haqqımda onlara rəy vermişdi.

Otağa daxil olanda gördüm ki, Ramiz Fətəliyev mənim fotomu əlində tutub baxır və eşitdim ki, Rasim müəllimə deyir ki, "Еще есть Рамиз Новрузов, мне Гамлет сказал, что хороший актер" ("Ramiz Novruzov da var, mənə dedilər ki, o, yaxşı aktyordur"). Rasim müəllim də soruşdu ki, "который из них?" ("hansıdır o?"). Ramiz Fətəliyev də dedi ki, budey, elə bu onun şəklidir. Bu anda mən içəri girdim, Rasim müəllim mənə baxıb dedi: “Hə, bu sizsiniz? Yaxşı, oldu...” Sonrası artıq mənim özümdən asılı oldu, kino sınağından əvvəl Rasim müəllim böyük bir mətn verdi ki, əzbərləyim gəlim. Tankların haradan gəlib, haraya gedəcəyini izah etdi və son döyüş epizodunu məşq elədik. Ümumilikdə xoşuna gəldi, amma dedi ki, sərbəstliyimdən irəli gələn bəzi artıq şeylər var, onları yığışdırım, səmimiliyi isə axıra qədər saxlasam, yaxşıdır. Artıq şeylər də üz hərəkətlərinə yol verməyim idi. Və Rasim müəllim deyəndə ki, sən, məsələn, qaşını bir az artıq qaldıranda bu, ekrandan kənara çıxa bilər, ürəyimdə bir inam yarandı ki, bu rola məhz mən təsdiqlənəcəm. Amma dediyim kimi, o vaxt belə sınaqlar formal xarakter daşıyırdı, hamı bilirdi ki, əsas rollara kimlər çəkiləcək, kinomuzda yeni simalar 15-20 ildən bir görünürdü. Filmlərin çəkilişi üçün dövlətin ayırdığı vəsaitin baxımsız bir filmin çəkilişinə sərf olunmasından sığortalanmaq üçün rejissorlar artıq əvvəlki filmlərdə baş rolları ifa etmiş aktyorları çəkirdilər, kinoda yeni, ya da ümumiyyətlə, gənc aktyora baş rol həvalə etməyə hər rejissor risk eləmirdi. Amma mən çox həvəslə sınaq çəkilişlərinə gedirdim.
 
Haşiyəyə çıxıb Səməndər Rzayev haqqında ürək sözlərimi demək istəyirəm. O dövrdə mən bu təkrarsız sənətkarın içində həm də necə böyük insan yaşadığını gördüm. Mən sınaq çəkilişindən çıxanda eşitdim, deyir ki, ə, bu, cavan uşaqdır, beynini oynadıb, sınaq çəkilişlərinə çağırıblar, bu da həvəslə gedib-gəlir, sabah bunu çəkməsələr, biz bunun üzünə necə baxacağıq?.. Təsəvvür edin ki, çəkməyəcək rejissorun əvəzinə o utanacaqmış!.. Səməndər Rzayev bu dərəcədə böyük ürək sahibi idi. Onda mən onun ürəyinə, insanlığına vuruldum.
 
Sınaq çəkilişləri bitdi, bir gün teatrın bufetində oturmuşdum, Turabov maşınla keçəndə siqnal verib bufetçiyə dedi ki, Ramizi təbrik elə, təsdiq olundu. Üstündən beş dəqiqə keçmiş məni telefona çağırdılar, Rasim müəllim idi, dedi ki, budur, sən təsdiq olundun, bu, mənim sənə Yeni il hədiyyəm olsun.
 
Bədii şuranın iştirakı ilə nümayişlənən sınaq epizodu Həzi Aslanovun həyat yoldaşı ilə dəniz kənarındakı görüşü idi. Nümayiş bitəndən sonra filmin rəssamı olan bir xanım dedi ki, sənin epizodun gedəndə hamı əl çaldı, hətta bədii şuranın üzvləri də. Halbuki kinonun qanunlarına o qədər də bələd olmadığımdan necə bacarırdımsa, elə də oynamışdım. Yəqin, elə səmimi ifa elədiyimə görə bədii şura oyunumu bəyənmişdi. Müzakirələr başlayanda seçim daha çox mənimlə Kamil Zöhrabovun üzərində dayandı. Ona görə kinostudiyanın o vaxtkı direktoru Eyvaz Borçalı dedi ki, bu iki aktyordan hansını rejissor çəksə, mənim etirazım yoxdur. Rasim müəllim də məni seçdi. Bu situasiya stereotipləri qırdı, gördük ki, kiminsə qohumu, ya da kinoda təcrübəli olmadan da baş rola təsdiq olunmaq mümkün imiş. O vaxt baş rollara eyni aktyorların çəkilməyi artıq əks-reaksiya doğururdu, bizə deyirdilər ki, nə vaxta qədər eyni aktyorları Moskvaya yollayacaqsınız, niyə yeni simalar yoxdur kinonuzda? Hətta Əjdər İbrahimov Moskvadan xəbər yollamışdı ki, bu nədir, iki aktyordan başqa əsas rollara heç kimi çəkmirsiz, Moskvada da yeni simalar görmək istəyirlər. Ona görə məni bu rolda görəndə çox sevinmişdi.
 
Mənim bir şeydə bəxtim gətirdi ki, antropoloji cəhətdən Həzi Aslanova uyğun idim, ikimiz də cənub bölgəsindənik. Hətta onun kapitan olduğu vaxtlarının fotosuna baxanda görmüşdük ki, mən yüzdə yüz ona bənzəyirəm. Həzi Aslanovun sürücü-mexaniki olmuş Kurkov filmin məsləhətçilərindən biri idi. Qəhrəmanımı həyatda görmüş adam olduğuna görə mən ən çox onunla tanışlıqdan nigaran idim. Amma Minskdə uzaqdan məni görən kimi dedi ki, “а что, похож, очень даже похож, правда, Ази был немного ниже ростом, а так, очень похож...” ("bəli, oxşayır, amma Həzinin boyu bir az alçaq idi, amma belədə, çox oxşayır").
 
Və bir də yaş uyğunluğu var idi. Mənim yerimə Şahmar Ələkbərovun danışmasının səbəbi isə o oldu ki, Şahmar hələ o vaxt artıq dublyaj ustası kimi tanınırdı, mən isə ümumiyyətlə kinoda təzə adam idim. Həm də Minskdə səsyazma vaxtı mənim teatrda işim çox idi. Amma filmin sonralar Azərbaycan dilinə dublyajından çox narazı qaldım. Əvvəla, öz rolumu dublyaj etmək üçün gərək məni dəvət edəydilər. Kimsə təklif edib, cavabında deyiblər ki, lazım deyil, Ramizin səsi İTV-dən gəlir. Sanki İTV bizim telekanal deyil... İkincisi də, tərcümədə çoxlu, bərbad qeyri-dəqiqliklər var. Film yaxşı alınmışdı, təəssüf ki, Moskvada bəzi yerlərini çıxartmışdılar.
 
- Kurkov Həzi Aslanov haqqında şəxsi xatirələri danışmamış olmaz. Necə xatırlayırdı generalı?
 
- (gülərək) Məsələn, söhbət eləyirdi ki, Həzi Aslanov rusca pis danışırmış. Cəbhə xəttində davranış taktikasını, özünü düşmənə bildirməmək qaydalarını izah edəndə belə deyirmiş: “Adə, mı uje zdes (biz buradayıq), a nemes, aha, uje tam, mı zdes oqon, yəni ocaq qalasaq, ottuda nemes oqon, (əlini əlinə vuraraq) nas net (biz yoxuq)”. “Uje” sözünü çox işlədirmiş. "General" sözünü deyə bilmirmiş, “general” əvəzinə “gerenal” deyirmiş. Danışırdı ki, döyüş yoldaşları onu çox istəyirmişlər, cavan olmasına baxmayaraq “batya” deyə çağırırmışlar.
 
Ölüm epizodu niyə üç müxtəlif dublda çəkilib?
 
- Filmdə hansı epizodlar kəsilib?
 
- Məsələn, ölüm epizodu üç dəfə ayrı cür çəkilmişdi. Bir variantda Həzi Aslanov “getdik e!..” deyəndən sonra bir xeyli gedirdi, almanlar da hələ çox uzaqda, nöqtə kimi görünürdülər, bizim tərəfdə atəş açılırdı, dönüb oraya baxırdı, orada “stop kadr” olurdu və aydın olurdu ki, Həzi Aslanovu sovet ordusu olan tərəfdən vurublar. İkinci variantda Həzi tankın üstündə dayanıb “diqqət!” deyir, arxadan kiminsə “Həzi!” deyərək çağırdığını eşidir, dönüb baxanda heç kimin olmadığını görür, bu dəfə “hamı maşınlara!” əmrini verir, yenə arxadan kiminsə onu səslədiyini eşidir və yenə də heç kimin olmadığını görür. Bu çağırış üçüncü dəfə təkrarlananda dönüb görür ki, film boyu dünyasını dəyişən bütün qəhrəmanlar, həmçinin Azərbaycandakılar da, cəbhə yoldaşları yay geyimində qarın üstündə dayanıb Həziyə baxırlar. Bundan sonra artıq Həzi “getdik e!..” əmrini verib düşmənin üstünə gedir. Filmdə üçüncü variant qalıb, “getdik e!..” əmrindən əvvəlki əcələ yaxınlaşma prosesinin effektini kəsmişdilər. Baqramyanın adının nə yaxşılığına, nə də pisliyinə çəkilməsinə də icazə vermədilər.
 
Daha bir epizod var idi, Həzi Aslanov gecəyarı kazarmadan çıxanda əsgərlərdən birinin tibb bacısı ilə söhbət elədiyini görür, qurşaqdan olan qarın içindən keçib getməyə də bircə cığır var, amma Həzi Aslanov başqa tərəfdən əli ilə qarın içindən təzə cığır açır ki, gənc sevgililəri utandırmasın, pərt eləməsin. Moskvada bu epizodla razılaşmadılar, dedilər ki, necə yəni, sabah döyüşdür, komandir görür ki, döyüşçü yatmayıb, onlara irad tutmaq əvəzinə yolunu dəyişir? Başa salmağa çalışdıq ki, azərbaycanlı kişisi belə situasiyada özünü məhz bu cür aparar. Razılaşmadılar, dedilər ki, yox, bu, hərbi qanunlara uyğun deyil. Onun iki tankı batırmaqla digər çoxlu sayda tankı xilas eləmək üsulunu ekrana gətirmək də mümkün olmadı. Halbuki bu, Həzi Aslanovun bir hərbçi, bir sərkərdə kimi əsas taktikası, tapıntısı idi.
 
- Texniki səbəblərdən mümkün olmadı?

- Bəli, texniki səbəblərdən. Bizə 50 tank lazım olduğu halda, yalnız 9 tank vermişdilər. Səbəb olaraq onu göstərdilər ki, “Moskva uğrunda döyüş” filmi çəkilməlidir, tankların əksər hissəsi o filmə verilib. Halbuki o film bizdən altı ay sonra çəkilməyə başladı. Alman tanklarından da təxminən o qədər lazım idi, cəmi 10 ədəd verdilər. Tankların lazımi sayda olduğunu ekranda göstərmək üçün kadrdan biri keçən kimi rejissor nömrəsini pozub başqa nömrə yazırdı ki, tanklar reallığa uyğun sayda görünsünlər. Belə çətinliklər çox idi. Ümumiyyətlə, Moskvanın bu filmi gözünün götürməməyinə, Həzi Aslanovun şəxsiyyətinə ikili münasibətinə oradakıların bir çox subyektiv səbəbləri var idi. Arxa cəbhə olan Azərbaycanın ön cəbhənin adlı-sanlı azərbaycanlı qəhrəmanlarından biri haqqında film çəkməyi, üstəlik də Həzi Aslanovun ölüm faktındakı qaranlıq məqamlara görə Moskva əl-qol açmağımıza imkan vermirdi.
 
Sovet kinosunun ilk təhlükəli hərbi tryuk filmi
 
- Kaskadyorların bacarığından geniş istifadə olunub bu filmdə və kifayət qədər təhlükəli tryuklara yer ayrılıb. Xatalı situasiya yaranmadı ki həmin tryukların çəkilişində?

- Kaskadyorlar daha çox tank döyüşlərində iştirak edirdilər. Yeri gəlmişkən, tankın adamın üstündən keçmək tyruku sovet filmləri arasında ilk dəfə bu filmdə tətbiq olunmuşdu. Həmin tryuk daha əvvəl 5-6 filmə təklif olunsa da, heç bir rejissor bu təhlükəli tryuka risk eləməmişdi. Amma Rasim müəllim risk elədi və uğurlu alındı. Şalbanların, dirəklərin, xəndəyin köməyilə kaskadyor bu effekti yarada bilmişdi. Əlbəttə, belə epizodun icazəsini almaq bir az çətinlik törətdi. Yəni kaskadyorlar üçün ən çətin sınaq bu tryuk idi, bu da xatasız ötüşdü.
 
- Tərəf-müqabilləriniz haqqında nə deyə bilərsiniz?
 
- Tərəf-müqabillərimin əksəriyyəti Rusiyanın, Belarusiyanın, Latviyanın tanınmış aktyorları idi. Onların arasında biri var idi, Viktor Tarasov, “politruk”u oynayırdı, o dərəcədə sadə insan idi ki, heç kimin ağlına gəlmirdi ki, onun o boyda fəxri adı var. Bizimkilər belə deyillər axı, əməkdar artist adı alan kimi özlərini başqa cür aparmağa başlayırlar. Amma bu aktyor birinci dəfə qonorarını almağa gələndə gördü ki, adının qarşısında əməkdar artist yazıblar, yavaş səslə dedi ki, mən axı xalq artistiyəm, gələn dəfə Belarusiyanın xalq artisti yazdılar, yenə mülayimliklə dedi ki, Belarusiyanın niyə, mən axı SSRİ xalq artistiyəm. Hamımız məəttəl qaldıq ki, SSRİ xalq artisti olasan, özün də belə sadə olasan. Çünki o bilirdi ki, ekranda onun SSRİ xalq artisti olmağı yox, işi görünəcək.
 
- Həyat yoldaşınızı oynayan kim idi?

- Həmin qız, Gülnarə İbrahimova, bizim institutda (indiki Mədəniyyət və İncəsənət Universiteti nəzərdə tutulur - red.) işləyirdi. Amma həmin vaxt hələ tələbə idi. Əslində o rola “Nizami” filmində Leyli rolunu oynayan qız çəkilməliydi. Amma çəkilişlər başlayan ərəfədə nişanlandı, nişanlısı qoymadı, halbuki sonralar çəkildi, tərslikdən məhz bu filmdə çəkilməyə imkanı olmadı. Vaxtımız da az idi, ona görə institutda xoşlarına gələn ilk qızı bu rola təsdiq elədilər.
 
“...Mən istəyirdim ki, Həzi Aslanov hirslənsin...”
 
- Rasim İsmayılov yadınızda necə rejissor kimi qaldı? Çəkiliş meydançasında onu necə bir rejissor kimi tanıdınız?
 
- Peşəsini bilən rejissor, son dərəcə yumşaq, tarazlığı olan insan idi. Amma onun xasiyyətindəki bu mülayimlik bu filmdə mənə o qədər də sərf eləmədi. Çünki onun xasiyyətinin yumşaqlığı filmə də təsir elədi. Məsələn, mən istəyirdim ki, Həzi Aslanov hirslənsin, əsgəri söysün və s. Belə hərəkətlərlə razılaşmırdı. Görünür, bu da dövrün diqtəsi idi – rusu söymək, döymək olmazdı. “Əsgər atası” filminin qəhrəmanının rus əsgərinə sillə vurma epizodunun üstündə düz bir il mübahisə getmişdi. Elementar olaraq, komandir sərtliyinə imkan yox idi. Halbuki burada sırf komandir-əsgər münasibətləri idi, azərbaycanlı-rus münasibətləri deyildi və komandirin tabeliyində olan döyüşçülərə təpinməyi tamamilə təbii hərəkətdi. Amma olmadı, ona görə çox mülayim, mehriban komandir alınmışdı, sərtliyi çatmırdı. Mən kino aləmində təzə olduğuma görə təkliflərimlə hesablaşmırdılar. Təbii ki, mənim kinodan o qədər də başım çıxmırdı, amma məncə, hərbçinin sərt olmağında qeyri-təbii heç nə yoxdur.
 
- Elədir...

- Bakıya qayıdıb çəkilən materiallara baxanda gördük ki, çox yumşaq obraz alınıb. Ramiz Fətəliyev mənə irad tutanda dedim ki, sərt oynamağıma imkan yaradılmır. Onda o, Rasim müəllimə dedi ki, hər dəfə bir dublu aktyorun ixtiyarına ver, qoy, özü necə bilir, o cür oynasın. Tankın içində birinci döyüş epizodu Bakıda, Pirəküşkül tərəfdə, tankın içindəki epizod isə kinostudiyanın həyətində çəkildi. Beləliklə, tank döyüşlərinin əksəriyyəti aktyor dubllarından ibarət oldu.
 
Rasim İsmayılov deyirdi ki, təbii ki, hər bir azərbaycanlının özünün Həzi Aslanovu var, amma bizə bütün dünyanın qəbul elədiyi bir qəhrəman lazımdır. Məkan böyük idi. Bu film SSRİ-dən savayı digər sosialist ölkələrində də nümayişlənəcəkdi. Və 5-6 nadir filmlərimizdən biri oldu ki, ümumittifaq premyerası elan olundu, komediya filmləri dışında, öz mövzusunda olan filmlər içində həmin il “prokat”ın ən çox gəlir gətirən, ən çox tamaşaçı toplayan filmlərindən biri oldu. Amma təəssüf ki, çox kəsilib-doğranmışdı. Baxanda da filmboyu bu, vaxtaşırı hiss olunur - sanki qırıq-qırıq fraqmentlərdir, bir epizodun digərinə keçməsində nahamvarlıq görünür.
 
Moskva niyə peşman olmuşdu?
 
- Həmin ixtisarların qaçılmazlığını nə ilə izah edirdilər?

- Əvvəla, bu film birseriyalı nəzərdə tutulmuşdu, amma material çox olduğundan ikiseriyalı alındı. Amma əlavə vəsait sərf olunmamışdı, istəsəydilər, səliqə ilə ixtisar edib bir seriyaya sığışdıra bilərdilər. Bir də ki qəribə hərbi qaydalara sığışdırılan qadağalar qoymuşdular. Məsələn, iki gün mühasirədə olan Həzi Aslanovun kinoobrazının üzü tərtəmiz təraş olunmalı idi. Soruşanda ki, axı bunu necə izah etmək olar ki, iki gün tankın içində düşmən mühasirəsində qalan hərbçinin üzü təraş edilib, o, bu şəraiti özü üçün necə yaradıb? Deyirdilər ki, bilmirik, siyasi şöbənin qərarı var, zabitlərin üzü tərtəmiz olmalıdır. Aviasiya lazım idi, bir dənə də olsun hərbi vertolyot, təyyarə verməmişdilər. Bir az əvvəl dediyim kimi qısqanclıq və inamsızlıqdan çıxış edərək bizi sıxırdılar. İnanmırdılar ki, biz ön cəbhə haqqında dolğun və inandırıcı film çəkə bilərik. Yəqin, düşünürmüşlər ki, müharibə vaxtı neftinizi vermisiniz, sağ olun, daha ön cəbhə haqqında film çəkmək hara, siz hara? Amma film ekranlara çıxandan sonra peşman olmuşdular, deyirdilər ki, gərək tam imkan yaradılaydı bu filmin çəkilişləri üçün, çünki baxıb görmüşdülər ki, əgər az imkanlarla belə bir film ərsəyə gətirmişiksə, gör, indi lazımi şərait yaradılsaydı, necə bir film alınardı.
 
Sonda Rasim İsmayılovun bu filmlə bağlı az sayda qeydlərindən birini diqqətinizə çatdırırıq. Hazırda 43 illik ömür-gün yoldaşı və həmkarı haqqında kitab yazan Nadejda xanım onun qeydləri arasında “Sizi dünyalar qədər sevirdim” filmi ilə bağlı bir əlyazmaya rast gəldiyini də dedi və onu bizimlə bölüşdü:
 
“1986-cı ildə Novorossiysk sularında “Admiral Naximov” gəmisi batmağa məhkum idi... Hələlik isə gözəl bir axşam idi. Axşam üzgüçülüyünün həvəskarları basseyndə idilər. Kinozalda isə “Sizi dünyalar qədər sevirdim” filmi nümayişlənirdi... Adətən sağlıq deyəndə can sağlığı arzulayırlar. Çörçill isə hesab edirmiş ki, uğur can sağlığından daha önəmlidir, sözünün qüvvəsini artırmaq üçün “Titanik”də hamının sağlam olduğunu qeyd edirmiş...
Həzi Aslanov da sağlam idi. “Sizi dünyalar qədər sevirdim” sözlərini o, son döyüşündən iki saat əvvəl ailəsinə ünvanladığı məktubda yazmışdı. Və indi bu sözlər sanki “naximovçular”a müraciət kimi də səslənirdi...”
 
Samirə Behbudqızı
Milli.Az

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR