Bakı, 29 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar Media kəndində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzin əsas məqsədi burada yerləşdiriləcək xarici KİV nümayəndələrinə Azərbaycanın turizm potensialını təbliğ etmək, bölgələrdə inkişaf etmiş turizm infrastruktu haqqında məlumatlar verməkdir. Burada Azərbaycan incəsənətini təcəssüm etdirən xalq sənətkarlığı nümunələri, əl işləri, ölkəmizin turizm və mədəniyyətini təbliğ edən müxtəlif dillərdə hazırlanmış reklam-çap məhsulları, buklet və kitabçalar da təqdim olunacaq.
Bu məqsədlə mərkəzin fəaliyyəti üçün ayrılmış ərazidə müvafiq stendlər, turizm təbliğatının əyani şəkildə aparılması üçün promo videoçarxların yayımlandığı monitorlar və bu kimi digər texniki avadanlıq quraşdırılıb. Ərazi audio-bələdçi qulaqcıqları ilə təchiz edilib və 6 dildə təsvir olunan Azərbaycan Turizm portal-www.azerbaijan.travel saytı touch-screen vasitəsilə xarici ziyarətçilərin xidmətinə verilib. Mərkəzdə “Bakı şəhər turu” haqqında geniş məlumat da xarici media nümayəndələrinə təqdim edilir.
Mədəniyyət və Turizm Mərkəzində müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayiş olunduğu sərgilər də təşkil olunacaq.
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başladı
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başladı
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başladı
Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başladı